İstərəm (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İstərəm Müəllif: Aşıq Alı |
Elçi bəylər, xətrin məndən qalmasın,
Bu adətlə elin işin istərəm.
Əbrudan, atlasdan, ipəkdən, şaldan,
Xara parçaların başın istərəm.
Gətir başlığına üçcə min manat,
Üç qızıl bilərzik, bir qızıl saat.
Bircə "hə" sözünə iki köhlən at,
İpək heybə, yəhər qaşın istərəm.
İki dəvə gətir yanında köşək,
Gələn töhfələr də olduqca qəşəng.
Ətliyinə gətir 25 şişək,
Kabab çəkmək üçün leşin istərəm.
Put yarım çay gətir, iki put şəkər
Samavar qaynasın hər axşam, səhər.
On beş gün kef çəkək burda sərasər,
Qısır inək səndən beşin istərəm.
Mən Alıyam budur sözümün yeyi,
Çağırram toyuma rəyyəti, bəyi.
On beş put yağ gətir, qırx beş put düyü,
El yeməyə əppək, aşın istərəm.