İstəsən könlüm kimi zülfün pərişan olmasın

İstəsən könlüm kimi zülfün pərişan
Müəllif: Mirzə Ələkbər Sabir


İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,
İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Atəşin ruyində əfitək yatıb geysulərin,
Türfə cadudur ki, mar atəşdə suzan olmasın!

Derlər, aşiqküş nigarım qətlimə amadədir,
Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 308