İt və kölgəsi
İt və kölgəsi Müəllif: Abbas Səhhət |
Bir it ağzında bir sümüklə səhər,
Su kənarından eyləyirdi güzər.
Suda öz kölgəsin görüb o zaman,
Sandı bir özgə itdir ol heyvan.
Sümüyü atdı tez o bir yanə,
Suya vurdu özün hərisanə,
O iti ta ki, qorxuya salsın,
Bəlkə ağzındakı əti alsın.
Tapmadı bir şey, oldu çox qəmgin,
Həm itirdi nahaq yerə xörəyin.
Kölgəyə uyma, hirsü qəflətdən
Ta əlin çıxmasın həqiqətdən.