Şükür ki, ölməyib, diridir vicdan

Şükür ki, ölməyib, diridir vicdan! (1996)
Müəllif: RAUF CAVAD

Şükür ki, ölməyib, diridir vicdan!
Yaşayır qəlbdə o səbəbdən iman!

Səs salıb çırpınır hərdəm ürəklər,
Varmı bu səsləri ürəkdən duyan?!

Çox kövrəkdi o kəs düşünsə əgər,
Kaş bu gözəl fikrə qapılsa insan!

Bəzən istəyirəm hayqırıb deyəm,
Sadədir hər şey, kaş kəndini qansan!

İncidib qırmaz insan olan qəlbi,
Çün qəlbin sahibi, uca Yaradan!

Düşün əvvəl, sonra düz-qoş, gör işi,
Faydasızdır, sonda olsanda peşman!

Qurular o gün məhkəmə, sorular,
Hanı düz əməlin?! Gəl dur, dik dayan!

Cavab verər hər kəs öz vicdanına,
Susar o gün əməlindən utanan!

Gəl tut kimsəsiz fəqirin boş əlin,
Bu əməlin xilas edər səni can!

Çalış ol var ikən hamının dostu
Çün Rəbbin Bağışlayan və Mehriban!

Ağıldır insanı idarə edən,
Bəs kimdir yaxşını pisdən ayıran?!

Rauf, gün gələr həqiqət deyilər,
Olmuşdu dünyada bir gün, kim?! Filan!
       ...Müəllif:Rauf Cavad