Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor Müəllif: Məhəmməd Füzuli |
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.
Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.
Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.
Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,
Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.
Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.
Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,
Xərabat əhlinin halini bir xummar olandan sor.
Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.