Şəki xanları və onların nəsilləri

Şəki xanları və onların nəsilləri
Müəllif: Hacı Seyid Əbdülhəmid


Piran-i kühənsal[1] sələflərin rəvayət və ixbaratlarından mənqul[2] olunubdur ki, 848 sənəyi islamiyyədən müqəddəmdə[3] Şəki vilayətində müstəqillən hakim və xan olmayıb, ancaq kəndxuda və riş-i səfid[4] səlah və tədbirlərilə ümüratların[5] dolandırıblar. Haman tarixdə Candar Qara Keşiş oğlu müsəlman olub, adını Əlican qoyubdur. O vaxtlarda İran vilayətlərinin əmirlərinin əskərləri Şəkidə xan və hakim olmadığından şəbxun[6] gətirib, qarət və çox əsir aparırlarmış. Əlican çox aqil, kardan, şəci[7] şəxs imiş. Noxunun və Şəkinin camaatları ittifaq edib, İran qarətgərlərinin şərrlərindən əmin olmaqdan ötrü Əlicanı Noxuda hakimi-zümdə[8] edib, xan təyin edibdirlər ki, Şəki vilayətini mühafizə edib, ümuratlarını dolandırsın. Bu da əhsan surətdə dolandırıb. 861 (1456-57)-ci sənədə vəfat edib. Oğlu Qotul nam (adlı) onun məqamında[9] xan olub, vasitələrlə İran şahından xanlıq fərmanı da alıb, Şəki vilayətində xanlıq edibdir....[10] sənədə vəfat edib, oğlu Zəki xan adlı xan olubdur. Bu da... sənədə vəfat edib, oğlu Həsən Sultan onun məqamında xan olubdur. Sonra Tiflis valisi Əlvənd xan[11] ilə Həsən Sultanın mabeynlərində[12] ədavət peyda olub, neçə illər Əlvənd xan qoşun gətirib, Həsən Sultan ilə cəngə gəlib, İran şahı Şah İsmayıl Həsən Sultana ianə edib, Əlvənd xan Həsən Sultana qalib ola bilməyib, müraciət edib. Şah İsmayılın vəfatından sonra Əlvənd xan külli qoşun götürüb, Həsən Sultan ilə cəngə gələn vaxtda Həsən Sultan da Şəki vilayətinin qoşunlarını cəm edib, Əlvənd xanın qarşısına gedib. Car vilayətindən Padar kəndinin pişgahında[13] cəngləri vaqe olub, Həsən Sultan məqtul olub[14], qoşunları da məğlub olubdur. Əlvənd xan da müraciət edib, Tiflisə gedibdir. Həsən Sultanın nəşin gətirib, Daşüzlə mövsüm yerdə dəfn edibdirlər. Oğlu Dərviş Məhəmməd xan atasının məqamında 914 (1508-09)-cü sənədə xan olub, İran şahı Şah Təhmasib Şah İsmayıl oğluna itaət etməyib, təmərrüd[15] edibdir. Şah Təhmasib Dərviş Məhəmməd xanın bu hərəkatından qəzəbnak olub, İrandan qoşun gətirib, Dərviş Məhəmməd xana tənbih etməyə Şəkiyə gəlibdir. Dərviş Məhəmməd xan qaçıb miyani-kühdə [16] Gələsən-görəsən ilə mövsum (məşhur) olan vadidə təhəssün[17] edibdir. Noxu və Şəki adamlarının bəzisi Gələsən-görəsən və bəzisi Noxudan yuxarıda Kiş qalasına gedibdirlər. Şah Təhmasib hər gün o qalanın üstə qoşun göndərib, axirüləmr Kiş qalasını fəth etdirib, qalanı dağıtdırıbdır. Dərviş Məhəmməd xan bu haləti görüb, Gələsəngörəsəndən fərar edəndə şahın adamlarının əlində giriftar olub; başın kəsib, şah hüzuruna gətiriblər. Şəki xəlayiqi də istiman[18] edib. Şah əfv eləyib, buyruq veribdir, hər kəsə (kəs) gəlib, məqamında sakin olublar. Dərviş Məhəmməd xanın oğlu Bağı bəy də şah hüzuruna gəlib, şah öldürtməyibsə də, xanlıq hökümətini də Bağı bəyə verməyib.

Noxu adamlarından Hüseyncan adlı bir şəxsi müntəxib edib, məliklik fərmanı veribdir ki, Şəkinin umuratlarını dolandıra. Məlik Hüseyncan da... sənədə vəfat edib, oğlu Qayim yüzbaşı şahın əmrilə məliklik edibdir...sənədə Məlik Qayim vəfat edib, oğlu Məlik Əhməd adlı Noxuda məlik olub, Şəki vilayətinin hökümətin dolandırıbdır. Şahın fərmanı ilə məzkürüləsami[19] maliklər neçə il ki, məliklik ediblər. Şəki vilayətinin xərc və tövcilərin şaha verməyiblər. Şah o illərin daxodunu[20], məzkur Məlik Əhməddən istədibdir, verməyə qüdrəti olmayıb. Şah, Məlik Əhmədin ixtiyarın qət etdirib Noxu əşxaslarından Hüseynqulu adlını məlik təyin edib, fərman veribdir...sənədə Məlik Hüseyqulu vəfat edib. Əvvəlki məliklərin nəslində Əlimərdan adlı şah fərmanilə məlik olub, Şəki vilayətinin hökümətini dolandırıbdır...sənədə məlik Əlimərdan vəfat edib, onların nəslindən Məlik Nəcəf fərmanilə Noxuda məlik olub, rəiyyətlərə zülm və təəddilər[21] edibdir. Rəiyyətlər bunun zülmündən şaha şikayət ərizəsi göndəriblər. Şah əmrilə Noxu əşxasları fövqdə[22] məzkur Dərviş Məhəmməd xanın nəsli və nəsəbindən Çələbi adlını özlərinə vəkili-zübdə edib. Şah da Çələbiyə vəkillik fərman veribdir ki, Məlik Nəcəf üstə baxıcı ola. Məlik Nəcəf onun mərifətilə ümüratları dolandırıb, bir neçə müddət o hal üzrə güzəranları olub, axırda Məlik Nəcəf Çələbinin kəlamına guş verməyib,[23] xəlayiqə zülm və sitəmə şuru edibdir. Çələbi də xəlayiqi üstünə[24] cəm edib Məlik Nəcəfi qətlə yetiribdir. Bə´də[25] xəlayiq Çələbini xan nəsb edibdirlər.

Çələbi xanın nəsli belədir ki, Çələbi xan bini kəndxuda Qurban, bini Əlican, bini Əsgər bəy, bini Əlican bəy, bini Baqi bəy, bini Dərviş Məhəmməd xan. ...İran şahı Nadir şah Çələbi xanın o hərəkətlərin və əməllərin eşidib, qoşun götürüb, Hacı Çələbi xana tənbih əzmilə Şəki vilayətinə gəlibdir. Hacı Çələbi xan da Noxunun adamların götürüb Gələsən-görəsən dağının damənində Gavan ilə mövsüm yerdə nüzul edibdir. Hacı Çələbi xanın adamları gecələr gəlib, miyanimeşələrdən tüfəng atıb, şahın ordusuna xəsarət veribdirlər. Nadir şah oradan intiqal edib, Noxunu yandırıb, bir sahəti-vəsiədə mütəməkkin[26] olub bir neçə kərrə Gələsən-görəsənə qoşun göndərib, qalib ola bilməyib, müraciət edib, İran tərəfinə gedib, Muğan (adı) ilə məşhur yerdə nazil olub[27], sakin olubdur.

Hacı Çələbi xan da adamları ilə Gələsən-görəsəndən gəlib Noxuya. Nadir şah Muğandan qoşun göndəribdir ki, Noxunu qarət edib, Hacı Çələbi xanı dutub aparalar. Gəlib gecə Noxunun bir tərəfin qarət edib, Hacı Çələbini duta bilməyib, qayıdıb gediblər. Bədə Hacı Çələbi xan, oğlu Həsən ağanı şah hüzuruna göndəribdir ki, qarət mallarını və əsirlərini təvəqqe edə. Şah da tənə və sərzənişlə əmvali-mənhubələrini[28] verdirib və əsirlərini mürəxxəs edibdir. Bədə Nadir Şah Xorasana gedib, orada məqtul olub, İran sahibsiz qalıb, Hacı Çələbi xan da qoşun götürüb İrana-Təbrizədək gedibdir və qarət edib, qayıdıb gəlibdir.

İranda Əmir Aslan sərdar şahlıq ümuratların dolandıran olub, qoşun götürüb Şəki üstə gəlibdir ki, Hacı Çələbi xana tənbih edə. Hacı Çələbi xan oğlu Həsən ağanı qoşunla o sərdarın qabağına cəngə göndərib. Həsən ağa cəngdə məqtul olub, o sərdar qayıdıb İrana gedibdir.

Ondan bir müddət sonra Hacı Çələbi xan azarlayıb, vəfat edibdir, 1168 (1754-55)-ci sənədə. Sonra üç nəfər oğlu: Ağakişi xan[29], Hacı Əbdülqadir xan, Cəfər ağa. Və bir nəvəsi Hüseyn xan, davada məqtul olan Həsən ağanın oğlu qalıbdır.

Hacı Çələbi xandan sonra oğlu Ağakişi xan Noxuda xan olub, Qumuq xanı Məhəmməd xanın qızın alıbdır. Məhəmməd xanla Hacı Çələbi xanın arasında bir cuzi ədavət varmış. Məhəmməd xan, o müqəddəmədən[30] bir neçə il sonra Ərəş mahalına gəlib, Ağakişi xanı öz hüzuruna təklif edib və qətlə yetiribdir. Gəlib Noxunu zəbt edib və Hacı Çələbi xanın mədfunat pulların çıxardir. Bu halda Hacı Əbdülqadir xan həccə getmiş imiş və Cəfər ağa da mütəvari[31] olub gizlənib imiş və Hüseyn xan da Məhəmməd xanın sitəmindən fərar edib, Şamaxı xanı Ağası xandan istimdad[32] edibmiş. Ağası xanın Hüseyn xana qoşun verməyin Məhəmməd xan eşidib, Noxudan fərar edib, Qumuğa gedibdir. Hüseyn xan da gəlib əmisinin məsnədində[33] xan olubdur, 1184 (1770-71)-cü sənədə. Cəfər ağa da zavirədən çıxıb, xanlıq iddəasına düşübdür. Hüseyn xan Cəfər ağanı qətl etdiribdir. Hacı Əbdülqadir xan Məkkədən gəlib bu haləti görəndə üç nəfər bəylərlə Noxudan fərar edib, gedib Kür kənarında Dardoqqaz ilə mövsüm olan məqamda sakin olubdur. Ətraf və əknafdan[34] üstünə (başına) külli adam cəm olub, adını Hacı xan təsmiyə[35] ediblər. Hüseyn xan oğlu Məhəmmədhəsən xanı barışıq üçün əmisi Hacı xanın yanına göndəribdir. Bu da Məhəmmədhəsən xanı dutdurub Qarabağ xanı İbrahim xana göndərib ki, həlak etdirə. İbrahim xan Məhəmmədhəsən xanı məxfidə gizlədib, köynəyin qana bulayıb, Hacı xana göndəribdir ki, qətl etdirmişəm. Hacı xan neçə müddət orada qalıb, axırda noxulu Hacı Rəsul bəyi bir dəstə adamla gizlin Noxuya göndəribdir. Bəğtətən[36] Noxu qalasına daxil olub Hüseyn xanla cəng edib, Hüseyn xanı məcruh eləyib, qalanı zəbt edibdir. Hacı xana adam göndərib. Bu da gəlib Hüseyn xanı boğdurub öldürür, 1198 (1783-84)-ci sənədə, Noxuda xan olubdur. Bir müddət xanlıq edib. Məzkur İbrahim xan Məhəmmədhəsən xanı zühura çıxarıb Car vilayətinə göndərib. Car vilayətinin əşxasları qoşun götürüb, Məhəmmədhəsən xanı Noxuya gətiribdilər. Hacı xan fərar edib Şirvana gedibdir. Məhəmmədhəsən xan Noxuda xan olub, qoşun götürüb, Hacı xanı dutmağa Şirvana gedib və Hacı xanı dutub, qətlə yetirib, qayıdıb Noxuya gəlib, hökümətə məşğul olubdur.

...sənədə Məhəmmədhəsən xan Noxuda müstəqilən xan olandan sonra qardaşı Fətəli xanın gözlərin çıxartdırıb kor eləyibdir. Axır qardaşı Səlim xan Fətəliyə olan siyasəti görüb, mütəvəhhiş olub fərar edib. Müddəti-mütəmad[37] Carda qalıb, Cardan və Avardan qoşun cəm edib götürüb, Noxuda xan olmağa. Məhəmmədhəsən xanla cəngə gəlib, Göynük qəryəsinin[38] şərq cənubunda davaları vaqe olub. Məhəmmədhəsən xan məğlub olub, fərar edibdir. Bu halda da İran sərdarı Divəli (Dəvəli) Mustafa xan külli qoşunla Şəkiyə gəlib, Xaçmaz mahalında, Hacı Pir Əhməd cəmənilə mövsüm yerdə nüzül edib, mütəməkkin olubdur. Məhəmmədhəsən xan o sərdarın yanına istimdada gedibdir. O sərdar Məhəmmədhəsən xanı dutdurub, gözlərin çıxartdırıb, Qarabağa Ağa Məhəmməd xan hüzuruna göndəribdir. O sərdarın özü də qayıdıb İrana gedibdir. Səlim xan 1210 (1795-96)-cu sənədə gəlib Noxuda xan olubdur. Ağa Məhəmməd şah haman sənədə Şişə qalasını fəth edə bilməyib, Məhəmmədhəsən xanı da götürüb İrana aparıbdır. Ağa Məhəmməd şah bir neçə müddət qalıb, Məhəmmədhəsən xanı da məhbus götürüb, Şişə qalası üstə külli qoşunla hərəkət edibdir. Qarabağda Ağa Məhəmməd şah qətl olunub, Məhəmmədhəsən xan bisahib qalıb. Şirvanlı Mustafa xan Məhəmmədhəsən xanı Şirvana aparıb, külli qoşunla Məhəmmədhəsən xanı gətirib, Noxuda xan nəsib edib gedibdir. Səlim xan da tab gətirməyib, qaçıb Qarabağa, qayınatası İbrahim xanın yanına gedibdir. Bir neçə il müddəti-mədid[39] Məhəmməshəsən xan Noxuda xanlıq edib, axırda Mustafa xan Şirvanilə Məhəmmədhəsən xanın aralarında ədavət peyda olub, Şirvanlı Mustafa xan, Məhəmmədhəsən xanın kinəsin[40] Qarabağdan Səlim xanı aparıb götürüb, Məhəmmədhəsən xanla cəngə gəlib. Məhəmmədhəsən xanın tab və tavanı olmayıb əczlə Şirvanlı Mustafa xanın yanına gediblər. Mustafa xan, Məhəmmədhəsən xanı və Səlim xanı götürüb Şirvana aparıb, Şirvan bəylərindən Şeyx Əli bəyi göndəribdir ki, gedib Noxuda naib olub, xanlıq ümuratların dolandıra. Noxu adamları Şeyx Əli bəyin gəlməyi müqəddəməsin eşidib o işə razı olmayıb. Məhəmmədhəsən xan (ın) qardaşı Fətəli xanın Noxuda xan olmağın eşidib, yoldan qayıdıb, Şamaxıya gedib, o əhvalatı Mustafa xana məlum edibdir. Mustafa xan Məhəmmədhəsən xanı Şamaxıda saxlayıb, qardaşı Səlim xanı mürəxxəs edibdir. Səlim xan da Ərəş mahalına gəlib ətraf və əknaf vilayətdən külli cəmiyyət üstünə (başına) cəm edib, gecə bəğtətən Noxu qalasına bilacəng[41] daxil olub, Fətəli xanı əzl edib, xan olubdur. Bir neçə müddət xanlıq edib və Rusiya dövlətinə Səlim xan tabe olub. Rusiya imperatoru ona xanlıq fərmanı veribdir. O da ixlasla itaət edirmiş. Bir neçə müddətin mürurundan sonra Rusiya qoşunu Qarabağlı İbrahim xanı Qarabağda qətlə yetiribdir. Səlim xan İbrahim xanın o vaqeəsindən mütəvəhhiş olub Rusiya dövlətindən rügərdan[42] olubdur.

Rusiya qoşunu Səlim xana tənbih etməyə gəlibdir. Səlim xan fərar edib, İrana gedibdir. Rusiya qoşunun generalı Noxunu zəbt edib, Fətəli xanı xan nəsb edibdir. O əsnada İran xanı Xoylu Cəfərqulu xan İran şahından rügərdan olub, Tiflisə gəlib, Rusiya imperatoru Noxunun xanlığın Cəfərquluya verdi. 7-8 il xanlıq edib, vəfat etdi. Oğlu İsmayıl xan Noxuda xan olub 3 ildən sonra vəfat etdi. Oğlu övladı qalmadı. Bundan sonra Noxuda komendant təyin olundu, xan olmadı. Səlim xanın övladları İrandadır. Bir oğlu Süleyman xan Qarabağda vəfat edib, övladları oradadır. Adları naməlumdur və bir qızı da Noxuda Mahmud ağada idi, Fəxrənnisə xanım adlı. Məhəmmədhəsən xan Hacı Tahirxanda (Həştərxanda) vəfat edibdir, 1246 (1830) il rəbiyələvvəl (avqust) ayında. Noxuda 3 nəfər oğlu: Abdulla ağa, Əbdürrəhim ağa və Haşım ağa namlar olub, Abdulla ağanın iki nəfər oğlu olub: Hüseyn, Cəfər ağa namlar və Haşım ağanın da iki nəfər oğlu olub: Sadıq ağa, Əbdülhəmid ağa namlar və 3 nəfər qız övladı olub. Əbdülhəmid ağanın bir qız övladı var imiş. O da Haşım ağa oğlu Əbdülhəmid ağanın övrəti olub. Fətəli xanın Kərim ağa[43] adlı bir oğlu var idi, vəfat edib. 4 nəfər oğlu və iki nəfər qızı qalıbdır: Əbdülhəmid ağa, Mustafa ağa[44], İsmayıl ağa, Cəfər ağa namlılar və Hacı xan, Hacı Əbdülqadir xan Hacı Çələbi xan oğlu qalmayıbdır. Bir nəfər qız Balaxanım xanım adında Yelisulu Daniyal bəydə idi. Onu tərk edib Ruma gedibdir və Hacı Çələbi xanın oğlu Ağakişi xanın oğlu Bala Hacı xandır. Bunun oğlu da Mahmud ağadır. Mahmud ağadan iki oğlan qalıb: Ağakişi bəy, Mirzə bəy adlı və iki nəfər də qız qalıbdır və Məhəmmədhəsən xanın qızı Tutu ağa, İsmayıl xanın övrəti idi. İsmayıl xandan bir qız var idi, İsgəndər xanda və bir qızı Səkinə xanım, o da Zaman bəydə, Məhəmmədhəsən xan rəiyyətzadə çox övrət alıb. Xeyrənnisa xanım Tutu ağanın anasıdır. Nuri xanım Abdulla ağanın anasıdır. Cəvahir xanım Əbdürrəhim ağanın anasıdır və Haşım ağanın anası çoxdan vəfat edibdir, adı bilinmədi. Fətəli xanın övrəti Xurşid xanım Kərim ağanın anasıdır və Səlim xanın övrəti Qarabağlı İbrahim xanın qızıdır. İranda vəfat edib adı məlum deyildir[45]

İstinadlar

redaktə
  1. Qocaman
  2. Nəql
  3. Qabaq
  4. Ağsaqqal
  5. İşlərin
  6. Gecə basqını
  7. Şücaətli
  8. Seçilmiş
  9. Yerində
  10. Əlyazmasında burada və bir çox başqa yerlərdə tarix göstərilməmişdir.
  11. Levond xan olmalıdır
  12. Aralarında
  13. Qabağında
  14. Öldürülüb
  15. Baş qaldırmaq, itaət etməmək
  16. Dağlar arasında
  17. Sığınaq
  18. Aman istəmək
  19. Adları çəkilən
  20. Mədaxilini
  21. Zülm, əzab
  22. Yuxarıda
  23. Qulaq asmayıb
  24. Başına
  25. Sonra
  26. Geniş bir sahədə yerləşib
  27. Düşüb
  28. Qarət olunmuş mallarını
  29. Bəzi sənədlərdə bu ad Ağakiş xan yazılmışdır
  30. Hadisədən
  31. Qaçaq
  32. Kömək istəmək
  33. Taxtında
  34. Ucqar yerlərdən
  35. Ad qoymaq
  36. Qəflətən, gözlənilmədən
  37. Uzun müddət
  38. Kəndinin
  39. Uzun müddət
  40. Acığına
  41. Döyüşsüz
  42. Üz çevirib
  43. Kərim ağaŞəki xanlarının müxtəsər tarixi” əsərinin müəllifidir. Fateh təxəllüsü ilə şer yazarmış
  44. S.Mümtazın yazdığına görə Kərim ağa Fatehin oğlu Mustafa ağa şair olub, təxəllüsü şuxi imiş (Hacı Seyid Əbdülhəmid. “Şəki xanlarının sülaləsi”. Bakı, 1930, səh. 9)
  45. Səlim xanın arvadının adı Tutu bəyimdir (Qafqaz arxeoqrafiya komissionunun aktları. III cild, səh. 333)

Mənbə

redaktə
  • Hacı Seyid Əbdülhəmid. “Şəki xanlarının sülaləsi”. Bakı, 1930.
  • Hacı Seyid Əbdülhəmid, Şəki xanları və onların nəsilləri, 2-ci, təkrar nəşri. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 17-22. ISBN: 89600-007-4