Şəmaxi şəhri yeksər oldu viran
Şəmaxi şəhri yeksər oldu viran Müəllif: Ağa Hacı Molla Tağızadə |
Şəmaxi şəhri yeksər oldu viran,
Edər hər guşədə bayquşlar əfqan.
Buxurati-zəmin etdi tənəvvüc,
Şikaf etdikdə yerlər tapdı nöqsan.
Görən ol halı eylərdi təsəvvür,
Qiyamət qopdu, dünya oldu payan.
Düşüb ənvayi-məxluq iztirabə,
Təmamən xəlq olub “van-nəfs”guyan.
“Tərənnasə sukarən” ayəsinə
Nəticə oldu ol saət nümayan.
Münəccim ki, sölərdi ərzi-sakin,
Xilafinə yetib ol gündə bürhan.
Xəyal eylərdi ol halı görən kəs-
Ki, bu tariki-mərkəz oldu pərran.
Təzəlzül düşdü şəhrə, uçdu evlər,
Nə məscid qaldı, nə bazarü dükkan.
O eyvanlar ki, baş çəkmişdi çərxə,
Dağıldı, oldu torpaq ilə yeksan.
O əsnadə qəribi-yüz nəfər kəs,
Qalıb daş içrə, cümlə oldu bican.
Dağıldı Bixudin qəsri, otaği,
Yetiş fəryadinə ya Həyyü Sübhan!