Şəmi-ruyin afitabi-aləmaradır sənin
Şəmi-ruyin afitabi-aləmaradır sənin Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.186. |
Şəm’i-ruyin afitabi-aləmaradır sənin,
Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.
Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün,
Mümkün olan eybdən zatın mübərradır sənin.
Can verir lə’lin təmənnasında min abi-həyat,
Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olan
Kim, qədin sərvü rüxün gülbərgi-rə’nadır sənin.
Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,
Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.
Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,
Ey düri-tər, mənzilin guya bir dəryadır sənin.
Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,
Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.