Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək

Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək
Müəllif: Bahar Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,
Gər bavər etməsən, sözümü imtahanə çək.

Şəm ruxundən ayrılığım etdi kül məni,
Pərvanə tək özün tərəfə yenə-yenə çək.

Şayəd ki, bir də arizinə düşməyə gözüm,
Yüzdən o qara zülfünü, gəl, bircə yanə çək.

Ol səngidil nigarə məgər eyləyə əsər
Könlümdən, ey şərareyi-ahım, zəbanə çək.

Hicrin günündə, bəlkə mənə qəmküsar ola,
Hər qədr var qəmin, bu dili-natəvanə çək.

Ollam həlak yadi-rüxünlə baxıb gülə,
Ey yari-həmnişin, məni az gülüstanə çək.

Etmək Bahar könlünü aşüftə istəsən,
Naz ilə, gəl, o zülfi-pərişanə şanə çək.