Şah Abbas və Xurşid Banu/Üçüncü pərdə

İkinci pərdə Şah Abbas və Xurşid Banu. Üçüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü pərdə


BİRİNCİ ŞƏKİL

Şiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ә s t a v ә r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar.

(M u s i q i)

Q a r a ç ı (qaval vura-vura)--

Gəl yanıma, gözüm, mən sənə qurban!

O b i r i l ә r--

Gəl, yarım, mən ölləm, gəl, canım, mən ölləm!

Q a r a ç ı--

Gir qoynuma, özüm mən sənə qurban!

O b i r i l ә r--

Gəl, yarım!… (və ilaxır).

Q a r a ç ı--

Eşitmişəm sənin özgə yarın var!

O b i r i l ә r--

Ay balam, mən ölləm, ay yarım, mən ölləm!

Q a r a ç ı--

Sənin həmi gülün, həmi xarın var!

O b i r i l ә r--

Ay balam, mən ölləm!… (və ilaxır).

M u s i q i. A d a m l a r buraya yığılırlar.

Q a r a ç ı--

Bir ala göz, uzun boylu (2 dəfə)
Dərdimə dərman eyləməz!
Nazlı balam, bircə nolu,
Bizim çəməndə gəlib gəz! (2 dəfə)
Eşqin oduna yanaram, (2 dəfə)
Dərdimə dərman eyləməz!
Gah sönərəm, gah yanaram,
Mən yazığam, rəhm elə bəs. (2 dəfə)

(M u s i q i)

Sinəm olub para-para,
Dərdimə dərman eyləməz!
Mən nə edim, nədür çara?
Nazlı balam, gedib gəlməz! (2 dəfə)

(M u s i q i)

Q a r a ç ı qavalını açıb, pul yığır; bu əsnada Ş a h A b b a s dərviş libasında olaraq buraya daxil olur. Şəhər əhlindən Dostəlinin qaraçılara acığı tutur.

D o s t ә l i (şur üstə)--Bu nə şadlıqdır yas günündə? Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Hələ bizdən pul da istəyirsiniz; doğrudan da ki, qaraçısınız.

(M u s i q i)

Q a r a ç i l a r çıxıb gedirlər.

Ş a h A b b a s (Dostəliyә)--Söylə görüm nədir bu yas və matəmə səbəb, nədir? Nə olub, məyər nə bədbəxtlik üz veribdir?

B i r d ә s t ә a d a m bunların başına yığılır.

D o s t ә l i--Ağa dərviş, görünür ki, sən buraya təzə varid olubsan. Tamam neçə aydır ki, şəhərimizin adamları itib yox olur. Bilmək olmur ki, onları kim oğurlayır.
D ә s t ә--Doğrudur!
D o s t ә l i--Bir çox külfət sahibsiz, atalar oğulsuz, bacılar qardaşsız qalıb, ah və nəva edirlər!
D ә s t ә--Doğrudur!
D o s t ә l i--Bu sirdən heç kəs əyan ola bilmir; hərgah sən cadugərsənsə bu sirri faş et.
D ә s t ә--Faş et, ağa dərviş, faş et!

M u s i q i. D i v a n ә gəlir, o da qulaq asır.

Ş a h--Bir də mənə söyləyin görüm, bu kimin dükanıdı və nə dükandır ki, hər kəs ora yüyürür?
D o s t ә l i--Yazıq dərviş, görünür ki, sən Məstavərin ləzziz taamından yeməmisən.
D ә s t ә--Yazıq!
D o s t ә l i--Məstavər bir aşpazdır ki, onun kimi ləziz taam bişirən heç Şah Abbasın sarayında da yoxdur.
D ә s t ә--Yoxdur!
D o s t ә l i--Bunun məharəti qabağında heç aşpaz davam edə bilməyib, cümləsi dükanlarını bağladılar. Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə sən də tez ol get, ondan xörək al ye. Tez get, yoxsa dükanını bağlar, axşamdır.
D ә s t ә--Tez get, ağa dərviş, tez get!

M u s i q i. H a m ı dükanlarını bağlayıb, buraya yığılır.

D i v a n ә--Ha-ha-ha! Tez get, ağa dərviş, tez get! (Şur). Heç bilirsinizmi ki, Məstavər sizə nə yedirdir, ey mənə divanə deyib özləri məndən divanə olanlar?
D ә s t ә--Bu nə deyir?
D i v a n ә--Mən onu deyirəm ki, Məstavərin sizə yedirdiyi nədir, bilirsinizmi?
D ә s t ә--Ləzzətli taamdır!
D i v a n ә--Ha-ha-ha!… Ləzzətli taam!… Tez get, ağa dərviş, tez get. Ey divanələr, Məstavər sizə insan əti yedirdir, insan!…
D ә s t ә--Xamuş, nə axmaq sözdür!
D o s t ә l i--Doğrudan da ki, divanəsən!
D i v a n ә--Bəli, divanəyəm, amma sizdən ağıllı divanəyəm! Məstavər adamları oğurlayıb başını kəsir və ətini sizə yedirdir…. Tez get, ağa dərvis, tez get!…
D ә s t ә (əl çala-çala)--Ay dəli şəpəli, ay dəli şəpəli, çıx bala-bala get!

M u s i q i. D i v a n ә gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir Ş a h A b b a s və bir də M ә s t a v ә r öz dükanında qalır.

Ş a h (şur)--Dəlidən doğru xəbər…. Bu divanənin sözü o ağıllıların sözündən daha əhəmiyyətlidir. Doğrudan da bu aşpazın ləzzətli xörəkləri məni şübhəyə salır. Gedim bir onun yanına…. Nə cəllad surətli adamdır!

M u s i q i. M ә s t a v ә r ә yaxınlaşır.

Ş a h--

Şöhrəti tutmuş bu şəhəri namın,
Tərif eylər hər kəs sənin taamın;
Mən binəva dəxi çox arzuməndəm ki, sənin
Ləziz taamından dadmış olam.

(M u s i q i).

M ә s t a v ә r (göz altı ilə şaha baxır)--

Doğrudur, ağa dərviş, doğrudur.
Bəs gərək səni qonaq edim mən; (kənara)
Çəngimə düşmüsən,
Çox əcəb gəlmisən!

(Ona)

Doğrudur, ağa dərviş, doğrudur!
Bəs gərək səni qonaq edim mən!
Keç bəri. Gəl bəri, bir az bəri, bir az daha irəli….
Ha-ha-ha!…

Bu halda ş a h durduğu yerdə yerin içinə gedir, ha gücənir ki, yuxarı çıxsın olmur. Axırda bir quyuya düşən kimi yox olur. Oh!… Ha-ha-ha! (mühib bir qəhqəhə).

PƏRDӘ

İKİNCİ ŞƏKİL

Bir z i r z ә m i d ә vaqe olur. Qaranlıqdır. Zirzəmidə Ş a h A b b a s d a n başqa beş nəfər m ә h b u s dəxi vardır. Müqəddəmədən sonra pərdə qalxır.

M ә h b u s l a r (şaha; təsnif)--

Bədbəxt dərviş, sən nə günahın sahibisən?
Məstavərin hiləsinə oldun nişanə!
Gəl ağlaşaq bəs, ağa dərviş, əhvalımıza,
Oldu bizə, ax, a yazıq, düşmən zəmanə!

Ş a h (şüştər)--

Söyləyin bir dəm mənə bu hilədən məqsəd nədir?
Çəkdiyimiz zəhmətə, dərdə, qəmə illət nədir?
Zindəyik, ölməmişik ki, qəbrə salmışlar bizi,
Söyləyin, Məstavərə, aya, görək neylər sizi?

M ә h b u s l a r (təsnif)--

Bir-bir kəsəcək, ağa dərviş, bizi Məstavər.
Dünyada yoxdur, əcəba, bunca sitəmgər.
Qurban əti tək ətimizi doğram edəcәk,
Ləzizi taamlar bişirib, xəlqə verəcәk!

Ş a h (şüştər) --

Ağlamaqla, ey rəfiqan, olmayır dərdə dava,
Qoymayaq Məstavəri versin bizə bunca cəfa,
Cəm olaq, həmlə edək, həbs eyləyәk bu zalimi,
Ta gərək ədli-ədalətlə ona olsun cəza!

M ә h b u s l a r (təsnif)--

Bu fikirdən gəl daşın, ey bixanə dərviş!
Nə qədər biz cəhd eylədik baş tutmadı iş!
On bir nəfərdik, ağa dərviş, etdik həmlə biz,
Olduq axırda, a yazıq, məğlub cümləmiz!

Ş a h (təsnif)--

Nədir əlaci bu işin, bəs söyləyin siz (2 dəfə)
Göz görə-görə olalım qurban xəbisə?!
Ölmək gözəldir yaşamaq əgər bu isə.

M u s i q i. İ ş ı q görünür.

M ә h b u s l a r (qorxu ilə)--

Odur, gəlir!

M u s i q i. D a h a işıq.

Odur, gəlir, odur, gəlir, odur, gəlir!

M u s i q i. Qorxularından b i r-b i r i n ә qısılırlar.

M ә s t a v ә r (daxil olur, əlində siyirmə xəncər və bilo)--A!… Xoş gördük, xoş gördük, qoyunlar, quzularım. Mən gəldim ki, ikinizi tutub kəsim xörək bişirim. (Musiqi). Xörək bişirim, yüyürün mənə sarı. (Onlar yüyürürlər). Çəkilin dalı-dalı. (Onlar çəkilirlər). Yüyürün mənə sarı, çəkilin dalı-dalı. Öyrənibsiniz qoçaqlarım, hay, hay.

M u s i q i. Xəncərini itiləyir. Bunlar əllərilə üzlərini örtüb ağlayırlar. Ş a h A b b a s mat və mütəhəyyir tamaşa edir.

M ә s t a v ә r--A!… Mən çobanam, mən çoban, mən çoban, siz qoyun! Mən çoban, siz qoyun; gəlin bəri qoyunlarım. Bir-bir düzülün; ən əvvəl sən, sən, sən. Sonra da sən-sən-sən, ondan da sən-sən-sən! Sonra da sən-sən-sən-sən! Axırda ağa dərviş! Tez olun! Gün keçdi, tez olun, gün keçdi, tez olun, çox gecdir bu gün, tez olun, çox gecdir bu gün!

M ә h b u s l a r (yalvarırlar)--

Rəhm et, rəhm et, bizi öldürmə. (3 dəfə)

M ә s t a v ә r--A!… Düzülün bir-bir, tez olun bir-bir, düzülün bir-bir, tez! Tez-tez-tez-tez! Mən gəldim ki, ikinizi tutub kəsəm, xörək bişirəm. (Musiqi). Yüyürün mənə sarı (onlar yüyürürlər). Çəkilin dalı-dalı (onlar çəkilirlər). Öyrənibsiniz, öyrənibsiniz, qocaqlar?m, hay-hay!… (Xəncərini itiləyir).
Ş a h (öz başına; bayatı-şiraz)--Taxtın tarac ola, ey şah, bu zülmə bir çarən yox, gözün önündə olan zülmə şahidsən və zülm qurbanısan.
M ә s t a v ә r--Tez düzülün!
Ş a h--Mən ölümdən qorxmuram, qorxum mənim bu zülmdür. İntiqam almaq bu zülmdən gərək, zülmü tamam rəf eyləmək!
M ә s t a v ә r--Tez düzülün!
Ş a h--Nə edim, nə çarə qılım, nədir dərmanı bu dərdin? Xəyal pəjmürdə, ağl tutqun, başımda huş pərişandır.
M ә s t a v ә r--Tez düzülün!
Ş a h--Bari-ilahi, zehnimə bir fikir sal, eylə mədəd!
Qoymayın bu zalimi töksün əbəs qanı yerə!
M ә s t a v ә r--Tez düzül!

M u s i q i. M ә s t a v ә r soxulub adamların içindən birini tutub yerə yıxır və qılıncını hazır edir başını kəsə.

Ş a h (qışqırır)--Tapdım, tapdım, keçəçilik…. Ey şəxs, (rast üstə) bir ləhzə dayan, sənə bir kəlmə sözüm vardır.

M u s i q i. M ә s t a v ә r qurbanını əlindən buraxıb.

M ә s t a v ә r--Söylə!
Ş a h--Bu şəxsi qırıb, əbəs qan tökməkdə sənin muradın dövlət qazanmaq deyilmi?

(M u s i q i)

M ә s t a v ә r--Əlbəttə, puldur!
Ş a h--Öylə isə, sən bizə bir ay möhlət ver, bir yol ilə sənə xeyli pul qazandıraram.
M ә s t a v ә r--Nə sayaq?
Ş a h--Mən dərviş çox gözəl keçə qayıra bilirəm. Mənim keçələrimin qiyməti çox bahadır, sən bir iş eylə!
M ә s t a v ә r--Nə iş?
Ş a h--Sən bazardan mənə yun al və keçəçi aləti al. Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər.
M ә s t a v ә r--Sonra?
Ş a h--Sonra sən o keçəni apar Şah Abbasın imarətinə və ver şahın vəzirinə, o sənə keçə əvəzində o qədər pul verər ki, bizim hamımızın bahası əvəzinə olar.
M ә s t a v ә r--Mən razıyam, əgər vəzir pul verməsə?
Ş a h--O halda bizim qanımız sənə halaldır.

M ә s t a v ә r fikrə gedir.

Ş a h (öz-özünə)--İndi bütün ümidim vəzirin fərasətinədir. Yəqin keçəni görüb, mənim xətadə olduğumu anlar.
M ә s t a v ә r--Razıyam bu işə, amma gər….

M u s i q i: təsnif

Əgər görsəm yalan vardır sənin sözündə, dərviş,
Sən bil kim, əzab ilə kəsib çak eylərəm.

(M u s i q i)

Mənəm Məstavər, ey dərviş, bunu əvvəlcə bil,
Məni aldatmaq olmaz, bil, səni xak eylərəm.

(M u s i q i)

Bütün Şiraz yığılsa gər bunu bilməz ki, mən
Kəsib insanları ondan da xörək eylərəm.
A!… (Kadensiya; tez gedir).

M ә h b u s l a r (təsnif)--

Ağa dərviş, allah səndən razı olsun,
Bu dünyada dərdin, qəmin az olsun!
Həmə vəqti hər bir karın saz olsun!

Ş a h--Xuda kərimdir, xuda!…

PƏRDӘ