Şahzadə Əbülfəz
Şahzadə Əbülfəz Müəllif: Şifahi xalq ədəbiyyatı |
Aç şəhla gözünü, yuxudan oyan,
Pozğun əhvalına qurban olduğum!
Məni məcnun edib çöllərə qoyan,
Mələk surətinə qurban olduğum!
Kəsdirmişəm nazbalışın yanını,
Sanamışam kirpiklərin sanını,
Nə tapmısan bu yuxunun kamını?
Oyan, gözlərinə qurban olduğum!
Nifsi-şəbdə yatmışıdım, oyandım,
Eşqin atəşinə alışdım, yandım,
Məhəbbət yolunda möhkəm dayandım,
Gəzən yerlərinə qurban olduğum.
Eşqindən olmuşam dəli-divana,
Yanmışam odunda misli-pərvana.
Kimdir səni bulaşdıran al qana?
Sərv qamətinə qurban olduğum.
Rəna qurban olsun qara telinə,
Bu gül camalına, miskin halına.
Qönçə dəhanına, şirin dilinə,
Ahu baxışına qurban olduğum!