Şairlərdə əsər çoxdu

Şairlərdə əsər çoxdu
Müəllif: Növrəs İman
əlifbey
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Şairlərdə əsər çoxdu,
Hər biri bir yanədir.
Hökmi-şəri isbat edən
Sidqimiz Quranədir;
İstəyirsən, əbcəd axtar,
İyrimi səkkiz hərf var;
Min dil ilə fəsf qılsam,
Məhz bir sübhanədir.

«Əlif» – əvvəl, ismi–Allah,
Etiqad et, sən də qan;
«Be» – birliyin izhar edir,
Bundan axtar, bil, inan;
«Te» – təbarək, təkdi onun
Hikmətində insü can;
«Se» – sabitdi, sübutu var,
Bilməyən biganədir.

«Cim» – cəlildi, həm cabbardı,
Çox ucadı cəlalı;
«He» – halıdı hər əhvalatdan,
Bilir haram, halalı;
«Xe» – xaliqdi, xidmətində
Yoxdu xofi xəyalı;
«Dal» – dəlalət, dəlil verib,
Doğru din, ərkanədir.

«Zal» – zül kərəm, zati-pakı
Zaliki olmaz zəlil;
«Re» – rəhmətdi, rəhm eyləyib,
Rayət raha səbil;
«Ze» – zavala getməz özü,
Zay eylər zəhmətlə, bil;
«Sin» – səlamət, səhl sanma,
Sualın əyanədir.

"Şin" – şamildi, şəms gedib,
Şəm olub gərdişdə gər;
«Sad» – sadiqdi, səhhət verib
Söhbətlərə səbr elər;
«Zad» – zəlalət, yoxdu onda,
Zamindi, olsa zərər;
«Ta» – tahirdi, tələb eylər,
Qəlbdə yeganədir.

«Za» – zalımlıq yoxdur onda,
Zahir olmuş büsatı;
«Eyn» – adil padişahdı,
Eyndə var isbatı;
«Ğayn» – qəffar, qafil deyil,
Hər zamandı həyatı;
«Fe» – faildir, fəna eylər,
Nisbəti dövranədir.

"Qaf" – qadirdi, qəhhar deyil,
Qüdrəti var, qəhr elər;
«Kaf» – gün deyib kani-kərəm,
Qərar tutmuş bəhrü bər;
«Lam» - ləngərdi, leyli-nəhar
Hər yana eylər nəzər;
«Mim» – müdrikdir, mütəkkilim,
Mürüddü bir xanədir.

«Nun» – nisbəti yoxdu onun
Nə cismə, nə cövhərə;
"He" – hamildir, hamı gələr
O gün ruzi-məhşərə;
«Vav» – varlığı şəbahətdə
Yəni nuri-ənvərə;
"Lam - əlifba", ləşərikdir,
Məhz ləməkanədir.

«Ye» – yaradıb yoxdan yeri,
Göyləri tarı, yəqin;
Xəlq eləyib, nitq verib
Məxluqata, bil həmin;
Geçə-gündüz, ayilən il
Dörd fəsil olmaz kəmin;
Bu isbata inanmayan,
Aşikar, divanədir.

Novrəs İman, bir mövlanın
Ətəyindən çəkmə əl;
Nakəs ilə kəlmə kəsmə,
Yar olma nadana, gəl;
Gər istəsən oxuyarsan
Hər növi şerü qəzəl;
Hamısına bais olan
Kəc gələn zəmanədir.