Şamdan bəy/Üçüncü məclis

İkinci məclis Şamdan bəy. Üçüncü məclis
Müəllif: Nəriman Nərimanov
Dördüncü məclis


ӘVVӘLİNCİ GӘLİŞ
 
Yusifin otağı. Şamdan bәy.
 
Ş a m d a n (ayaq üstә). İndi bildim ki, mәn Şirvanı bir gecәnin içindә nә üçün atıb buraya gәldim. Deyәsәn mәnә elә deyirdilәr: get. Görükür, xeyrim var imiş. Yoxsa belә şey olmazdı ki, mәn elәdim. Cibin bir qәpik pulsuz gәlәsәn belә şәhәrә, çox çәtin işdir. Bәli, görükür sәbәbi var imiş. Dәxi nәyimә lazım Yusif tapdığı qulluq.... (Fikrә.) Xülasә, dünyanın işini bilmәk olmaz. Görükür, mәnim alnımda bunlar hamısı yazılıbmış. Heç yatanda da belә xoşbәxtlik fikrimә gәlmәzdi. Dәxi bundan artıq nә istәmәli? Hacı İbrahim mәnә qızını verir. Amma qәribә qızdır ha ... yemә, içmә onun camalına bax. Qızın yaxşı cehizi, pulu, mülkü. Özü dә, nәhayәtdә ağıllı-kamallı qızdır vә hәtta Hacı İbrahim mәxsusi mәnә dedi ki, toy olandan sonra köçüb onunla bir yerdә olum. Çünki tәk bir qızı olmağına görә istәmir ki, gözündәn uzaq versin. Bu mәnim üçün dәxi dә yaxşı oldu ki! Mәnim nәyim var ki, mәn onu saxlayam. Ondan savayı Hacı İbrahim heç qoymaz ki, özü dura-dura mәn xәrc edim. Dövlәti başından aşıbdır. Özü yeyincә yeznәsi yeyәr. Ah! Ah! (Gülür.) Hәqiqәt, heç belә ittifaq olmazdı ki, mәnә üz veribdir, amma.... (Yavaş danışıb qapıya baxır ki, eşidәn olmasın.) Amma ... gәrәk (tәrәfә baxır) hm ... mәnim bu hiylәmi heç kәs bilmәsin. Hacı İbrahim bilsә ki, mәn ona gop vurmuşam, qızı da vermәz vә әlim dә bu qәdәr dövlәtdәn çıxar. Bunlar hamısı keçәr gedәr.... Ancaq bir şey qabağımı tutubdur. (Tәrәfә baxır.) Mәn bu vaxtadәk Yusifin evindә oluram. Özü dә axşam evә gәlәcәkdir. Onsuz da olmaz ki, bu xәbәri eşitmәsin, ona görә buradan gәrәk uzaq olam. Zira ki, qızı әlindәn almışam, bu iş davasız olmayacaqdır. Bunun evindә dә әylәşib onunla dava etmәk olmaz, ona
görә gәrәkdir indi köçüb gedim bir ayrı yerә.... (Fikrә gedir.) Yaxşı, bәs hara köçüm?.... Ah, gedәrәm qәstinә! Bәs ... hm.... Pul lazım olanda nә edim?.... (Fikrә gedir.) 3əpər yoxdur. Yazaram Hacı İbrahimә ki, evdәn pul gәlәnәdәk mәnә min manat göndәrsin. Onda hәm qәstinin pulunu verәrәm, hәm toy tәdarükünü görәrәm. Onu da yәqin bilirәm ki, Hacı İbrahim verәcәkdir. Çünki özümü elә qәlәmә vermәmişәm ki, vermәsin, bәlkә iki min dә verә.... Ah! Ah! (Gülür.) Amma dil dә insanda yaxşı şeymiş! Çox adam dilin sәbәbinә bәdbәxt olur, amma mәn xoşbәxt olmuşam.... Uf! (Ürәyini әli ilә tutur.)Ürәyim nә pis döyündü. (Fikrә gedir vә başını әli ilә tutur.) Ah, nә axmaq fikirlәrdi başıma gәlir? Mәnә guya biri deyir ki, yoldaşa xәyanәt elәmә. Bundan nә xәyanәtlik var, Hacı İbrahim qızını Yusifә vermәk istәmir, mәnә verir.... Bu da yәni bir işdir.... Mal yiyәsi bilәr.... Mәnә indi bir ay çörәk veribdir ki, mәn bu qәdәr dövlәti әlimdәn çıxardım. Vaxt olar mәn dә ona edirdәrәm.... Xeyr ha.... Bunlar boş fikirlәrdir. Bu dünyanınkı belә gәrәk olsun: harda әlinә düşdü ovla.... (Fikrә gedir.) Dәxi mәn şeylәrimi yığıb gedim. Hәqiqәt, istәmirәm ki, bu işdәn sonra Yusif ilә görüşәm. (Şeylәrini yığışdırır. Qapıya gedib sәs edir.) Qulu! Ay Qulu! (Qulu daxil olur.)
 
 
İKİNCİ GӘLİŞ
 
Qulu vә Şamdan.
 
Q u l u. Nә buyurursunuz?
Ş a m d a n. Yusif nә vaxt gәlәcәkdir?
Q u l u. Gәrәk ki, saat yeddidә.
Ş a m d a n. Bu uzaq oldu.... Mәn onu gözlәyә bilmәyәcәyәm.... Gәrәk gedim....
Q u l u (şeylәri görüb tәәccüb edir). Ağa, hara buyurursunuz?
Ş a m d a n. Mәn ... m ... m.... Özgә yerә köçürәm ... m ... m.... Burada dolana bilmirәm.
Q u l u. Niyә, allaha şükür! Yusif ağam sizin başmağınızı cütlәmәyә hazırdır, mәn dә sizin qulluğunuzda varam.
Ş a m d a n. Bura ... m ... m.... Doğrusu, mәnim ... m ... üçün ... layiqli yer deyil.... Ayrı otaq tutmuşam. Ondan savayı bundan sonra mәnim yanıma gәlib-gedәn olacaqdır. Nә lazımdır özgәyә zәhmәt verim?.... Qoçaq, dәxi durma, fayton çağır, şeylәri qoyum gedim.
Q u l u. Ağa, doğrusu, mәn sizi qoymaq istәmirәm. Ondan ötәri Yusif ağam elә fikir edәr ki, mәn sizi incitmişәm, ona görә siz gedibsiniz. Mәnim dәrimә od vurar.
Ş a m d a n. Sәn qorxma, mәn özüm sabah gәlib onunla danışaram.... Ancaq yubanma, get faytona. (Qulu istәr-istәmәz gedir.)
Ş a m d a n (şeylәri hazır edә-edә). Axmaq oğlu, mәnim fikrimdәn xәbәri yoxdur, durub hәlә üsuliddin xәbәr alır. (Әlini cibinә aparır.) Faytona pulum yoxdur, nә etmәli? (Fikrә gedir.) Zәrәr yoxdur.... Quludan alaram. (Qulu daxil olur).
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Q u l u. Ağa, fayton hazırdır.
Ş a m d a n. Sәndә ... m ... m... bir, ya iki abbası pul olarmı faytonçuya verim. Mәndә m ... m ... yüzlükdür, onu da hәr saatda xırdalamaq mümkün olmur.
Q u l u (tez әlini cibinә aparıb). Var, var, hәrgah istәyirsiniz, çox verim.
Ş a m d a n. M ... m ... yaxşı, varınsa, bir manat ver. (Qulu ikinci dәfә pul çıxardıb verir.) Salamat qal. (Qulu şeylәri götürüb gedir, tez qayıdıb evi yığışdırır.)
Q u l u (tәk). Bu işә mәn mat qalmışam.... Bu vaxtadәk burada yeyәsәn, içәsәn, indi nә oldu ki, bizim evi bәyәnmәdi? Yox, burada bir iş var, görükür ağamla araları dәyibdir. Yoxsa belә olmazdı. (Fikrә gedir.) Amma bu da ola bilmәz. Çünki mәnim ağam heç qәlb sındıran adam deyil vә bunun başına pәrvanә kimi gecә-gündüz dolanırdı. Xülasә, görәsәn nә var, indi ağam gәlәr, iş aşkar olar. (Sәs gәlir. Yusif acıqlı içәri daxil olur.)
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
Qulu vә Yusif.
 
Y u s i f. Qulu! Çay hazırdırmı? (Fikrә gedir.) Şamdan hәlә gәlmәyibdirmi?
Q u l u. Gәlmişdi. Bir az bundan qabaq getdi.
Y u s i f. Hara?
Q u l u. Bilmirәm. Şeylәrini dә götürüb getdi.
Y u s i f. Necә? Şeylәrini?
Q u l u. Bәli, dedi ki, mәn indi özgә yerdә olacağam.
Y u s i f. Özgә yerdә ... m ... m.... (Fikrә gedir.) Yaxşı, indi anladım ... m ... m....
Q u l u. Ağa, sәn allah de görüm, axı nә olubdur?
Y u s i f. Heç, get.... (Fikrә gedir vә sonra әli ilә mizin ustә bәrkdәn vurur.) Uf! Ruzigar!
Q u l u (qorxub atılır vә papağı başından yerә düşur, papağını götürüb Yusifә qorxa-qorxa baxa-baxa gedir.) Mәn ömrümdә bunu belә hirsli görmәmişdim.
Y u s i f. Zәmanәyә baxırsan? (Fikrә gedir.) Bu gün bazarda Murad rast gәlib deyir ki, çörәk verib bәslәdiyin şәxs sәnә xәyanәt edir. Sual edirәm: necә? Cavab verir ki, Şamdan Xәdicәni alır vә atası dәxi razıdır. Mәn әsla buna inanmadım. Amma bunun buradan köçmәyi ona dәlalәt edir. Görünür, Murad mәnә deyәn söz doğrudur. (Ayağa durur gәzinir.) Di gәl, bundan sonra yoldaşa inan. Pәrvәrdigara! Özün şahidsәn ki, әlimdәn nә yaxşılıq gәlib ona elәmişәm. Belә oldu ki, mәnim çörәyimi yeyә-yeyә mәnә quyu qaza.... (Fikir.) Pәrvәrdigara! (Bәrkdәn.) Uf! Uf!.... Hanı insaf? Mürvәt? (Mizin yanında oturub başını әli ilә tutur.) Mәn dәxi bu dünyada qalmaram. Gör heç rәvadırmı ki, illәrlә bәslәdiyin gözәl fikirlәr bir dәqiqәdә puç ola.... Dünya bivәfa imiş. Onun hәr işi cövrü-cәfa imiş. (Bәrkdәn әli ilә mizun üstә vurur.) Uf! Uf!.... (Durub gәzinir.) Uf.... Xәdicә!.... Xәdicә!.... (Bәrkdәn ağlayır.) And olsun, mәnim mәhәbbәtimә! And olsun bugözlәrimin yaşına ki, mәhәbbәt yolunda tökülür.... (Fikrә gedir.) Yox! Yox.... Bir az sәbir etmәk. (Gedir mizin yanında oturub başını әllәri ilә tutur. Rәsul daxil olur).
 
 
BEŞİNCİ GӘLİŞ
 
Rәsul vә Yusif.
 
R ә s u l. Yusif! Salamәleyküm! (Yusif cavab vermir. Rәsul gedib yavuğa.) Yusif! Sәnә nә olubdur? (Cavab vermir, gedib әlini çiyninә qoyur. Bәrkdәn.) Yusif!
Y u s i f (birdәn ayılıb Rәsula tәәccüblә baxır). Bәli!
R ә s u l. Nә üçün belә qәm dәryasına mübtәla olmusan? Nә olub, allaha şükür?
Y u s i f (әlini mizә vurur). Yox, gәrәk elә ola.... (Rәsul qorxub bir az uzaqlaşır.)
R ә s u l (tәrәfә). Yazığın başına hava gәlib, nәdir?.... Qardaş, Yusif! Söylә görüm, nә üz veribdir?
Y u s i f. Hә ... hә ... Nә olub? Ruzigar bivәfa imiş.... Uf!....
R ә s u l (tәrәfә). Pәrvәrdigara! Biçarәyә görәsәn nә bәdbәxtlik üz veribdir. Gedim Quludan sual edim, bәlkә bir şey bilir. (İstәyir getsin, birdәn Sultan vә Murad bәrkdәn. danışa-danışa içәri daxil olurlar. Biri deyir: "Belә biinsaf iş olmaz ki, edibdir!" İkinci deyir: "Adәtdәn dişqarı bir şeydir". Yusif üzünü tutub oturur. Sultan, Murad daxil olurlar).
 
 
 
ALTINCI GӘLİŞ
 
Sultan, Murad, Pəcyl, Yusif.
 
S u l t a n, M u r a d. Salamәleyküm!
R ә s u l. Sәs salmayın görәk.
S u l t a n,M u r a d. Nә olubdur ki?
R ә s u l. Bir saatdır gәlmişәm, mәnә dürüst cavab vermir. Ancaq natamam kәlmәlәr deyib hirslәnir.
M u r a d (Sultana). Sәnә nә dedim?
R ә s u l. Bircә deyiniz görәk, nә olubdur?
M u r a d. Nә olacaqdır? İnsafsız oğluna bir ay çörәk verib әzizlәyibdi, indi Xәdicәni almaq istәyir.
R ә s u l. Şamdan?
S u l t a n. Bәli, Şamdan bәy....
R ә s u l. Tfu!....
M u r a d. Belә adamı boğazından asmalıdır!
R ә s u l. Bәs elә bilirsәn o, papaq qoyub bu vilayәtdә gәzә bilәcәkdir?
S u l t a n, M u r a d, R ə c u l. (Hamı tәәccüblә Yusifә baxır). Yusif, danış görәk nә var, nә yox?
Y u s i f (göz qaldırıb bunlara baxır). Xoş gәlibsiniz.... Әylәşin....
M u r a d. Yusif, sәn mәnim canım, çox da fikir elәmә, o xәbәr ki, mәn sәnә dedim, ara sözüdür. Bәlkә әsli dә olmasın.
Y u s i f. Xeyr, elәdi ki, var. Çünki hәrgah doğru olmasa idi, buradan köçmәzdi.
H a m ı s ı. Köçübdür?
Y u s i f. Bu gün mәn gәlmәmişdәn köçübdür.... (Fikrә gedir.)
R ә s u l. Ay zalım oğlu, necә tez başa düşübdür!....
M u r a d. Mәn tәәccüb edirәm Hacı İbrahimә ki, belә adama qızını verir.
R ә s u l. Görükür, genә gop vurubdur.
 
(Yusif әllәri ilә başını tutub fikrә gedir.)
 
M u r a d. İndi olan olub qurtarıbdır. Mәn tәәccüb edirәm ki, Yusif nә әcәb onunla dostluq edirdi, vәhalonki kişi danışanda özünü bildirirdi.
S u l t a n. Bunu haqq deyirsәn. Mәn özüm dә o fikirdә idim. Amma Yusifin ürәyi mәndәn sınar deyib söz açmırdım.
Y u s i f (başını qaldırıb). Hәzәrat! Sizin canınız üçün bugünәdәk onun hiylәlәrini başa düşmәmişdim. Hәtta bir neçә tәkliflәri mәnim aşkar zәrәrim isә dә, yenә fikir edirdim ki, bu zalım oğlu mәni özünә dost bilib mәnim ayağımdan çәkmәz. Mәn nә bilim ki, bu biinsaf oğlu mәnә başdan quyu qazırmış. (Fikrә gedir.)
R ә s u l. İndi de görәk, axı, bu işi belә qoymaq olmaz.Fikrin nәdir?
M u r a d, S u l t a n. Doğurdan de görәk, necә olacaqdır?
Y u s i f (bir az fikirdәn sonra). Mәnim bir özgә fikrim yoxdur. (Durub gәzinir.) Ancaq onu bilirәm ki, bu iş xeyirliklә qurtarmayacaqdır.... Arada bir qan olacaq.... (Fikrә gedir, qeyrilәri bir-birinә tәәccüblә baxırlar.)
M u r a d (ayağa durur). Biinsaf oğlunu boğazından asasan.
S u l t a n (ayağa durur). Zalım oğlunu bir güllәyә qurban edәsәn.
R ә s u l (ayağa durur). Heç elә sözlәr danışmayın. (Qeyrilәri Rәsula baxırlar.) O sözlәr әbәsdir.... Onun burada heç kәsi yoxdur, heç kәsin dә onunla әlaqәsi olmasın. Mәnim fikrimcә, biz hәrgah onunla bilmәrrә әlaqәmizi kәssәk, özü sonra düşünüb yoldaşına xәyanәt etmәz vә onu da eşitmişәm ki, o qızı, o ala bilmәyәcәkdir.
Y u s i f. Qızı almamaqdan mәn dә arxayınam....
M u r a d. A kişi, necә arxayınsan ki, atası, anası razı olub, kәbinini dә bu yavuq vaxtda kәsәcәkdir.
R ә s u l. İnanma.
Y u s i f. Mәn ona görә deyirәm ki, o qız ona getmәz. Amma çünki qızı zorla verәcәklәr, ona görә ... m ... m.... Qız özünü hәlak edәcәkdir. Ancaq bu iş mәni tәşvişә salıbdır.... Vә onu da bilirәm ki, o qızdan sonra mәn gәrәk bu dünyada qalmayam. (Tәrәfә.) Uf, allah, nә yaman fikirlәrdir başıma gәlir!.... (Başını әli ilә tutur.)
H a m ı s ı. Sәn heç darıxma, yaman adam öz cәzasına çatar!....
 
(Bu vaxt dişqarıdan qilü-qal sәsi gәlir. Bunlar gedirlәr qapıya sarı. Rza bәy, Heydәr bәy, Nәcәf bәy içәri daxil olurlar.)
 
 
YEDDİNCİ GӘLİŞ
 
Әvvәlkilәr vә Rza bәy, Heydәr bәy, Nәcәf bәy.
 
R z a b ә y, H e y d ә r b ә y, N ә c ә f bәy. A kişilәr, bu nә әhvalatdır şәhәr dә danışırlar?
 
(Yusif başını aşağı salıb fikrә gedir.)
 
M u r a d, R ә s u l, S u l t a n. Bir işdi, olubdur.
R z a b ә y (Yusifin yanına gedib). Yusif! Hamı günah sizdәdir. Siz onu öz yanınıza salıb hamıya tәrif edibsiniz vә o dәxi sәnin xatirinә görә mәnim (әli ilә göstәrir), Heydәr bәyin, Nәcәf bәyin vә qeyri mütәşәxxis adamların әziz qonağı olubdur. Amma indi başınıza olmayan işlәri gәtirir....
H e y d ә r b ә y. Tәәccübdür! Bu neçә ildә onu tanıya bilmәyibsiniz.
N ә c ә f (tәrәfә). Doğru deyiblәr ki: "Әtә baxma, dona baxma, içindәki cana bax".
Y u s i f. Doğru buyurursunuz ki, hamı günah mәndәdir.... (Başını aşağı salır).
R z a b ә y. A kişi, bilmәyirsiniz şәhәrdә nәlәr danışırlar? Utanmaz oğlu özünü belә qәlәmә veribdir ki, guya Fәtәli şahın nәvәsidir.
H e y d ә r b ә y. O günlәrdә deyirlәr bir yerdә oturub bizim qeybәtimizi edirmiş. Deyirmiş guya buranın bәylәri acdırlar vә yemәk-içmәyi bacarmırlar.
H a m ı. Gör sәn allah?!
R z a b ә y. Bundam da pis xәbәrlәr eşitmişәm. Ancaq Yusifin xatirәsi üçün bu vaxtadәk danışmırdım.
 
(Rәsul, Sultan, Murad bir-biri ilә yavaşdan söhbәt edirlәr.)
 
N ә c ә f b ә y. Tәvәqqe edirәm bundan sonra onunla heç kәsin әlaqәsi olmasın. Ta onu bir hala gәtirәk ki, ağlının naqisliyini vә nacins olmağını özü anlasın.
H a m ı. Yaxşı sözdür.
R z a b ә y. Sizin canınız üçün, indi gedib onun piçini elә yerdәn buracağam ki, axirәtәdәk yana-yana qalsın. Xülasә, çox danışmaqdan bir şey çıxmaz. Gedirsiniz, gedәk.
H a m ı. Bәli, buyurunuz, (Yusifә) Salamat qalın! (Әvvәl Rza bәy, sonra qeyrilәr dişqarı çıxırlar.)
Y u s i f (tәk). Mәnә nә desәlәr, haqdır. Mәn nә edim, nә çarә qılım? Mәnim ürәyimdә bir kin-küdurәt yoxdur. Ona görәözgәni dә özüm kimi bilirәm vә gözüm görә-görә özümü çürbәcürә bәlalara kiriftar edirәm.... Ah! Bircә Xәdicә ilә görüşüb ürәyimdәki dәrdimi deyәydim, bәlkә bir az sakit olaydım. (Fikrә gedir.) Nә etmәli? Hә? Nә tövr edim ki, onunla görüşüm. (Fikrә gedir.) Cәhәnnәmә, nә olar-olsun. Bir kağız yazıb göndәrim, nә olar-olsun. (Oturub istәyir kağız yazsın.)
 
 
SӘKKİZİNCİ GӘLİŞ
 
Qulu vә Yusif.
 
Q u l u (içәri daxil olur). Ağa, Pәrzad qarı sizi görmәk istәyir.
Y u s i f (qәlәmi yerә atır). Qoymazlar bir az rahat olaq, de, yatır. (Fikrә gedir, Qulu çıxmaq istәyir, birdәn Yusif dalınca gedib.)
Y u s i f. Pәrzad qarı arada gәzәndi, bu, yәqin sözsüz olmayacaqdır. Qoy çağırım, görüm nә deyir. A gәdә, Qulu! Çağır gәlsin. (Özü oturub yenә kağız yazmaq istәyir. Pәrzad daxil olur.)
 
 
DOQQUZUNCU GӘLİŞ
 
 
Yusif vә Pәrzad.
 
P ә r z a d. Salamәleyküm, Yusif bәy!
Y u s i f (Pәrzada diqqәtlә baxır). Әleykümәssalam! Pәrzad nәnә, әylәş görәk.
P ә r z a d (әylәşir). Dәxi nә әylәşim, iş qurtarıb gedibdir.
Y u s i f (tәәccüblә). Nә var? Nә olub?
P ә r z a d. Dәxi nә olacaq? Veriblәr gedib....
Y u s i f. Kimi?
P ә r z a d. Xәdicәni....
Y u s i f (tәrәfә). Guya ki, mәn bilmirәm. (Başını bulayır). Genә qoy soruşum görüm.... (Pәrzad tәrәfә.) Pәrzad nәnә! Bu nә xәbәrdi sәn mәnә verirsәn?
P ә r z a d. Atamın әrvahına and olsun, oğlumun canıçün, belә gәlinim ölsün ki, veriblәr gedibdir.
Y u s i f. Axı kimә veriblәr?
P ә r z a d. Nә bilim, bir bığıyoğuna.... Deyirlәr belә, Şirvanda әvvәlimci adamdır.
Y u s i f. Necә yәni әvvәlimci?
P ә r z a d. Nә bilim, deyirlәr Şirvanın yarısı onundur, o qәdәr qoyunu, malı, mülkü, maşı vardır ki, itinә dә tök.... Deyirlәr belә böyüklәr yanında da sözü ötkün, qılıncı kәskindir.... Hamı deyir ki, Xәdicә qızıl mәdәninә düşübdür.... Hanı bir belә qapı, mәnim qızıma da açılaydı!....
Y u s i f (tәrәfә, fikirli). Dövlәtli!.... Demә genә gop vurubdur.... (Pәrzada tәrәf.) Әgәr dövlәtә görәdir, Xәdicә dövlәtә aldanıb getmәz.
P ә r z a d. Yusif bәy! Qadan ürәyimә, belә şeyi demә. Arvadın kökü kәsilsin, arvad pulsuz kişini sevmәz.... Sәn, doğrudur, oxuyubsan, amma vallah, arvad tayfasını tanımırsan. Mәn yaxşı tanıyıram, mәnim oğlumu dәrdәcәr elәyәn arvad deyilmi?
A bu gәlinlәrin boynuna ip ölçüm, a bunlar qırılsınlar!
Y u s i f (tәrәfә). Yazıq, elә gәlinindәn dәm vurur. (Pәrzada). A Pәrzad nәnә! Gәlinin görünür sәni çox incidir?
P ә r z a d. Bıy, onun görüm şamını qara boyuyum! Elә ki, oğlumun beş-altı şahı pulu var, başına dolanır. Elә ki, yoxdur, biçarәnin balasının yediyi çörәyi burnundan gәtirir.... Әbәs yerә, Yusif bәy, arvad sözünә inanma, başına çarә qıl ki, iş-işdәn keçibdir....
Y u s i f. Axı, nә çarә qılım? Hәrgah qızı mәnә vermirlәr, mәn küclә almayacağam ki? (Tәrәfә.) Dilim deyir, ürәyim yox.
P ә r z a d. Necә ki, nә çarә?.... Puluna qızırqalanma, belә dua yazdır, kitaba baxdır.
Y u s i f (tәrәfә). Qәribә avam-avam danışır. (Pәrzada.) Sonra nә olsun?
P ә r z a d. Heç, nә olacaq? Cadıynan oğlanın da ürәyin bağlat, qızın da.
Y u s i f. Pәrzad nәnә! Bunlar hamısı boş işdir. (Durub gәzinir, tәrәfә.) Çıxıb getmәz evi yıxılmışın qızı. İndi dә cadubazlıq ilә mәşğul olacayıq. (Fikrә gedir. Qulu içәri daxil olur.)
 
 
ONUNCU GӘLİŞ
 
Yusif, Pәrzad, Qulu.
 
P ә r z a d. Әbәs yerә fikrә-zada getmә. Bu iş çox az pula başa gәlәr.
Q u l u. Ağa Niyaz bәy sizi görmәk istәyir.
Y u s i f (tәәccüblә). Niyaz bәy?
Q u l u. Bәli.
Y u s i f (tәrәfә). Pәrvәrdigara! Görәsәn nә ittifaq üz veribdir. (Mizin üstünü tәmiz edir. Quluya tәrәf.) Ay gәdә, oraları yığışdır, de, buyursun. (Qulu dişqarı çıxır.)
P ә r z a d (durur). Mәn dә gedim, salamat qal. Amma dediyimi elә, cavansan, yazıqsan. (Gedir).
Y u s i f (kitabları duzәldir). Sağ ol!
 
(Niyaz bәy daxil olur.)
 
 
ON BİRİNCİ GӘLİŞ
 
Niyaz bәy vә Yusif.
 
N i y a z b ә y. Sәlamәleyküm, Yusif bәy!
Y u s i f. Xoş gәlibsiniz, әylәşin. (İkisi dә әylәşirlәr.)
N i y a z bәy. Yusif bәy! (Yusif xәcalәtdәn jepә baxır.) Mәn çox tәәccüb edirәm ki, bu vaxtadәk siz öz dost-düşmәninizi tanımırsınız.... Mәnim burada sizinlә açıq danışmağım әbәsdir.... Ümidvaram ki, mәn dediyimi başa düşәrsiniz.
Y u s i f (başı aşağı). Bәli....
N i y a z b ә y. Amma, bağışlayınız, mәn sizә nәsihәt edirәm.
Y u s i f. Niyaz bәy! Mәn sizi başdan özümә böyük bilmişәm. Ona görә nә buyursanız, mәn sizin qulluğunuzdan çıxmaram....
N i y a z b ә y. Çox sağ ol, әzizim! Bu iş sizin üçün gәrәkdir dәrs olsun. Adam hәr bivәfa adama çörәk verib özünә rәfiq etmәz. Yaxşı ki, mәn işi bir az uzadıb qızın ata vә anasını inandırmışam ki, Şamdan әsla layiq deyil ki, ona qız veriblәr.
Y u s i f (başını qaldırıb). Necә ki?!
N i y a z b ә y. Şirvandan onu tanıyan adam gәlib vә mәn hәtta kağız almışam. Görünür, çox nanәcib vә bәdәsil adamın biriymiş.... Bunu yәqin edәndәn sonra fikirlәrini dәyişib yenә әvvәlki fikirdә oldular....
Y u s i f (gedib Niyaz bәyin әlindәn öpür vә Niyaz bәy ona xeyir-dua verir). Niyaz bәy, әvvәldәn axıradәk mәnә ata yerindә olubsunuz vә tәvәqqe edirәm ki, mәni bağışlayasınız. Çünki mәnim bu işimdә çox zәhmәt çәkibsiniz.
N i y a z b ә y (ayağa durur, әlini Yusifin çiyninә qoyub). Xudavәndi-alәmdәn istәyirәm ki, hәr ikiniz ömrünüzü xoşbәxtliklә keçirәsiniz! Vә yaman adamın dostluğundan allah sizi saxlasın! Dәxi mәnim bir sözüm yoxdur, ancaq tәvәqqe edirәm ki, hazırlaşıb bir hәftәyәdәk toy edәsiniz....
Y u s i f (baş әyib). Çox mәmnunәm.
N i y a z b ә y. Dәxi mәn gedim. (Әl verir.) Salamat qal! (Çıxır.)
Y u s i f (qapıyadәk dalınca gedir). Xoş gәldiniz. (Gәlә-gәlә). Niyaz bәyin mәnim boynumda çox haqqı vardır. Of ... allah! Nә xoş xәbәrdi, mәn eşitdim!.... Neçә gün idi gözümün yaşı tökülmәkdәn qurumuşdu.... Başım fikirdәn az qalırdı çatlasın. Neçә dәfә istәmişәm özümü hәlak edәm.... Çox şükür, çox şükür ki, xoşbәxtlik yenә mәnim üzümә güldü!....Zalım oğlu özünü qәribә pis qәlәmә verdi! (Fikir edir.) Cәzasıdır, qoy çәksin! Ümidvaram ki, bundan da pis günә düşә.... (Fikrә gedir.)
 
(Murad tez içәri daxil olur)
 
 
 
ON İKİNCİ GӘLİŞ
 
 
Murad vә Yusif.
 
M u r a d. Yusif! Muştuluğumu ver, iş düzәlibdir.
Y u s i f (gülә-gülә). Sәn ver, mәn sәndәn tez bilmişәm.
M u r a d. Sәn mәnim canım!?
Y u s i f. Sәnin canın üçün.
M u r a d. Hardan bildin?
Y u s i f. İndicә qızın dayısı gәlmişdi, o dedi.
M u r a d. Niyaz bәy?
Y u s i f. Bәli.
M u r a d. Sәndә xәbәr varmış. De görüm, nә söhbәt etdi?
Y u s i f. Söhbәt çox oldu, sonra danışarıq.... Xülasә, nә istәyirsәn, iş qurtarıbdır. Bir hәftәdәn sonra toydu.
M u r a d (әlini-әlinә vurur). Ay can! Amma o zalım oğlunun acığına gәrәk bir iş edәk ki, utandığından ölә.
(Bu vaxt Rza bәy, Heydәr bәy, Nәcәf bәy, Rәsul vә Sultan daxil olurlar.)
 
 
ON ÜÇÜNCÜ GӘLİŞ
 
 Rza bәy, Heydәr bәy, Nәcәf bәy, Rәsul, Sultan, Murad vә Yusif.
 
R z a b ә y. Sizә demәdim, Murad indi orada olacaq?
H a m ı s ı. Salamәleyküm. (Yusifә vә Murada әl verirlәr.)
H e y d ә r bәy. Yәqin muştuluq almağa gәlibdir. (Hamı gülür).
M u r a d. Elә ondan ötәri gәlmişdim, amma Yusif qabaqladı.
H a m ı s ı (Yusifә tәrәf). Necә ki?
Y u s i f (gülә-gülә). Niyaz bәy buraya gәlmişdi, o dedi.
H a m ı s ı. Çox yaxşı!
Y u s i f. Әylәşiniz. (Hәrә bir stul ustә oturur.)
R z a b ә y. Bәli, indi toya hazırlaşmalıdır.
H a m ı s ı. Әlbәttә, әlbәttә.
H e y d ә r b ә y. Keçәn gecә İsrafil bәylә qәstindә әylәşmişdik. Balkonda qilü-qal düşdü, gedib görürük, aşnamız Şamdan qәstin yiyәsi ilә dava edir. Söhbәtlәrindәn belә mәlum oldu ki, neçә gündür qәstindә yeyib-içib, indi pul istәyirlәr, deyir yoxdur. Qәstin sahibi dә şәlәsini dalına verib qovaladı.
H a m ı s ı. Ay nә olubdur!
N ә c ә f b ә y. Hәlә bundan da pis gün görәcәkdir.
H a m ı s ı. Qoy görsün, әmәlinin meyvәsidir.
R ә s u l. Dünәn dә bizә gәlibmiş. Evdә olmamışam.
H a m ı s ı. Hә ... Hә ... Genә yavuqlaşmaq istәyir.... Görükür, başına dәyibdir....
R z a b ә y. Hәlә onun pis günü daldadır, qoy bir toyu elәyәk. Doğrudan, Yusif, toy nә vaxtdır?
Y u s i f. İnşaallah, bir hәftәyәdәk!
H a m ı s ı. İnşaallah!
R z a b ә y (Murada). Sәn allah, Murad, toy üçün bir şer yaz oxuyaq.
H e y d ә r b ә y. Hәqiqәt, Nәcәf bәyin toyunda ki, yazmışdın, bir elәsini yaz görәk.
M u r a d. Hazır varımdır. Bir yaxşı hava ilә oxumaq olar.
R ә s u l. Yanındasa, görәk necә şeydir.
H a m ı s ı. Doğrudan, bir bax görәk.
M u r a d (әlini qoynuna salıb çıxarır.) Budur, tapdım. (Hamı gedib onun yanına kağıza baxır).
R z a b ә y. Bir oxu görәk, necә şeydir?
M u r a d. Hamısını hәlә qurtarmamışam.
H e y d ә r b ә y. Zәrәri yoxdur, oxu görәk necә şeydir.
 
(Murad oxuyur.)
 
H a m ı s ı. Bәrәkallah! İndi qoyun hava ilә oxuyaq.
 
(Myrad qabaqda oturub, onlar dalda, oxuyurlar).
 
Gecә aydın, yuxum gәlmәz yatmağa,
Gül üzündәn yarım qoymaz dadmağa, hay dadmağa,
Bülbül düşüb ayrı güldәn, çöllәrә,
Necә deyim dәrdimi mәn ellәrә, hay ellәrә.
İnsan gәrәk ağa olsun dilinә,
Gәtirmәsin heç vaxt pis söz dilinә, hay dilinә.
Yaxşı olmaz yoldaşlıqda xәyanәt,
Tutar çörәk gözlәrini hәmәvaxt, hay hәmәvaxt.
 
PӘRDӘ