Şayistədir, ey murşidi-kamilim
Şayistədir, ey murşidi-kamilim Müəllif: Aşıq Pəri |
Şayistədir, ey murşidi-kamilim,
Dostlar arasında etibar ola.
Şair olan ustadından dərs ala,
Ziddü-cinsü rədifdə pərgar ola.
Sən ki bizə namə yazdın ibtida,
Canı dost yolunda eylədim fəda.
Övsafi-aləmdə yektadır, yekta,
Mələk hicranında bərqərar ola.
Cəvabi-xəttindən olmuşam xoşhal,
Ərz eləyim qulluğuna vəsfi-hal,
Şən ilə şövkətin olsun bizaval,
Gərək xidmətində xidmətkar ola.
Mayiləm hüsnünün xoş irənginə,
Yetə bilmən təcnisimin dənginə.
Sallam səni məhşərin cəhənginə,
Arif bu yerlərdən xəbərdar ola.
Pəri idim eşq içində aşikar,
Aralıqda yaxşı olur səbəbkar,
Bu cəng meydanında eylərəm şikar,
Əgər Məhəmməd tək səd həzar ola.