Şenlik
Müəllif: Şair Nəbi Borçalı
Aşıq Şenliyin ölümünə
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.

 
Bir çıraq yanardın Çildir elində,
Qaranlıq eylədin cahanı, Şenlik.
İskəndər bac aldı dərin dəryadan,
Başacan varmadı bu fani, Şenlik.

O qürbət ellərdə endi əzabın,
Dinin İslam dini, Quran - kitabın.
Dedilər zəhərdi əcəl şərabın,
Atəşə yandırdın vatanı, Şenlik?!

...Gəlmədim ovlağına, binənə,
Yetişmədim dövranına, sənənə.
Müqərrəbin kani-gövhər sinənə,
Necə qıydı saldı tufanı, Şenlik?!

Sərf oldu cisminə Kərəm sövdası,
Şairlik elmində çəkirdin bəhsi.
Elmin təlatümü, mühit dəryası,
Zehnin bənd eylərdi ümmanı, Şenlik.

Səni gördük Mühəmmədin dinində,
Tərif dedin ərənnərin şənində.
Nəkrail suvalı qəbir evində,
Ərəbcə danışdın lisanı, Şenlik?!

Rəhmət olsun ustadına, pirinə,
Cismini büksünlər tanrı nuruna.
Səyyad kimi saldın tilsim toruna,
Əlindən ağladı İzanı, Şenlik.

Şair Nəbi namə yazdı sərinnən,
Təbim yoxdu söz deməyə dərinnən.
Qəni Mövlam bağışlasın qəhrinnən,
Sənə qismət etsin cinanı, Şenlik.

%75 tamamlandı