Şeyda/İkinci pərdə

Birinci pərdə Şeyda. İkinci pərdə
Müəllif: Hüseyn Cavid
Üçüncü pərdə


Küçük, sadə bir oda... Sağda iki pəncərə, solda bir qapı, ucda bir yataq karyolası... Pəncərə önündə bir masa və bir qaç iskəmlə... Masa üzərində bir-iki qədəh, su və raqı sürahisi, qarmaqarışıq bir taqım qəzetlər, məcmuələr və kitablar... Divarda büyücək bir ayna, bir taqım şairanə rəsimlər və levhələr... Lampanın ölgün ziyası odayı aydınlatır. Odanın qapısı balkona, pəncərələr isə bağçaya açılır. Nisanın son gecəsi... Aydınlıq... Rəuf ilə Məs’ud bağça tərəfində görünərək pəncərəyə doğru yaqlaşırlar.

Rəuf (parmağilə pəncərəyə vuraraq). Şeyda! Şeyda!

Məs’ud. Odasında yoq, gedəlim.

Rəuf. Şeyda! Yahu, nerdəsin?

Məs’ud (boylanıb odaya baqaraq). Xayır, burda yoq... Gedəlim, sonra bir daha gəliriz. (Gedərlər).

Mariya (odaya daxil olur, lampayı aydınlataraq). Əşrəf bəy, Əşrəf bəy! Bəri gəlsənə!..

Əşrəf (gələrək). Nə imiş, Mariya? Şeyda buradamı?

Mariya. Xayır, kəndisi yoq... yalnız ayinəyi-həyatı olan odasını seyr edə bilirsiniz.

Əşrəf (yarımqəhqəhə ilə). Amma da oda ha, gerçəkdən pək tuhaf mənzərə!.. Hər tərəfdə bir qırıqlıq, bir pərişanlıq, hər guşədə bir öksüzlük, bir məhzunluq yaşıyor, həm də hər təklifdən, hər qeyddən azadə... (Pəncərədən bağçaya baqaraq.) İştə ən laübali, ən şairanə bir həyat!..

Mariya. Ah, bilməm ki, Maks Müller şu sərsəmi bu odaya niçin gətirdi. Böylə əsəbi qomşu hər halda insanı usandırır.

Roza. Şeyda nerdə?

Mariya. Kim bilir, yenə şimdi hanki meyxanədə qafayı dumanlatıyor.

Roza (Əşrəfə). İnan, Şeydayı görsəniz, tanıyamazsınız, mətbəədən çıqalı bəri büsbütün dəyişmiş. (Masa üzərindəki raqı qədəhini göstərir). Həm içkiyə pək düşkün, həm də son dərəcə sinirli və bədbin olmuş...

Mariya. Gecələr çılğın, sərsəm bir aktyor kibi həp çığırıb bağırıyor. Həyəcanlı və qorqunc gurultular ilə kimsəyə rahət vermiyor.

Ə ş r ə f . Təbii, səbəbsiz deyil a!?

Roza (təbəssümlə). Kim bilir!

Mariya (çıqaraq). Nəmizə lazim, canım, haydı gəliniz bir qəhvə içəlim.

Əşrəf (Mariya çıqdığı kibi Rozanın əlini öpər). Roza, yenə Şeydayı seviyorsun, deyilmi?

Roza (heyrət və təbəssümlə). Sevməkmi!? Heyhat! Bən yalnız ona acıyorum, həm də bir zavallıya acır kibi acıyorum.

Ə ş r ə f . Ah, nə qadar mərhəmətli, nə qadar alicənabsın! (Təkrar əllərini öpməyə başlar.)

Mariya (dışarıdan). Əşrəf bəy! Roza!

Roza. Gedəlim artıq, validəm bəkliyor.

Ə ş r ə f . Şeydayə yazılacaq bir-iki sözüm var. Sən get, bən də şimdi gəlirim.

Roza (çıqaraq). Saqın, çoq gecikmə...

Ə ş r ə f . Bu saət gəlirim. (Masa üzərindən bir parça kağız alır, lakin bir şey yazamaz, cığarayı dumanlataraq ağır və düşüncəli adımlarla odada gəzinməyə başlar.)

Şeyda (pərişan bir qiyafətdə daxil olaraq). Vay, əfəndim! Xoş gəldiniz, səfa gətirdiniz... (Əşrəfin əlini sıqaraq.) Nasıl oldu da birdənbirə dərvişləri yad etdiniz?

Əşrəf (heyrətlə). Dərvişmi? Vallahı bən bu dərvişliyi sultanlığa tərcih edərim.

Şeyda (acı təbəssümlə). Bəlkə!..

Ə ş r ə f . Lakin gözümə pək məhzun görünüyorsun.

Şeyda. Orasını hiç sorma.

Ə ş r ə f . Təbiətimi biliyorsun, Allah eşqinə söylə, qəlbində nə varsa həpsini aç, söylə!

Şeyda (müztərib). Nə söyləyim, qardaşım, nə söyləyim! Tam iki aydır ki, tale, iqbal, ümid, ümidi-istiqbal, hər şey, əvət, hər şey bəncə məhv olub bitmiş... Lakin bunca ümidsizliklərə qarşı, yenə kəndimdə bir az mətanət, bir az müqavimət hiss ediyordum. (Həyəcanlı.) Əfsus, əfsus ki, o da qeyb oldu. Əvət, yalnız Rozanın eşqi ilə yaşıyordum, yalnız o qəddar afətlə təsəlli buluyordum; əfsus ki, o da bəni atdı, o da bəni unutdu. Bir binada yaşıyorkən həftələrlə gözümə görünmüyor.

Ə ş r ə f . Xayır, Şeyda! Yanılıyorsun, çünki o son dərəcə lütfkar və mərhəmətli bir mələkdir.

Şeyda (mə’yus). Əvət, ehtimal ki...

Roza (daxil olaraq). Aqşamlar xeyir, Şeyda, nasılsınız? (Əlini Şeydaya uzatır).

Şeyda (əl verərək). Təşəkkür edərim.

Əşrəf (Şeydaya). Bilirmisin, yarın mayısın biridir. Onunçin mürəttiblər bir səhra gəzintisi, səhra ziyafəti yapıyorlar, bizi də misafir də’vət ediyorlar.

Roza. Nerəyə? Əcəba hanki tərəfə gediyorlar!?

Ə ş r ə f . Hanı ya, şəhərdən kənar, təpə başında mənzərəli bir bağça yoqmu ya? iştə oraya getmək istiyorlar.

Roza. Çalğı taqımı da olacaqmı?

Ə ş r ə f . Təbii, çalğısız bir ziyafət nəyə yarar?

Roza. Nədənsə bilməm; Şərq musiqisi bənim son dərəcə xoşuma gediyor.

Ə ş r ə f . Tənəzzül buyurulsa pək məmnun oluruz.

Roza. Zatən, bən səhra gəzintisini pək sevərim, maneə çıqmazsa bərabər gedəriz.

Ə ş r ə f . Baqalım, Şeyda nə diyor?

Roza. Şübhəsiz, rədd etməz.

Ə ş r ə f . (Şeydayə). Gələcəkmisin?

Şeyda (yarı mütərəddid). Gəlirim, əfəndim.

Mariya (dışarıdan). Roza! Nə oldunuz?

Roza (qapı arqasından). Gəliyoruz, gəliyoruz. (Hər ikisinə). Haydı, birər qəhvə içəlim.

Şeyda. Təşəkkür edərim.

Əşrəf (Şeydayə). Haydı, baqalım...

Şeyda. Azacıq rahatsızım, siz buyurun, bən də sonra gəlirim.

Əşrəf (Rozaya). Zərər yoq, biz gedəlim.

Mariya (dışarıdan). Roza!..

Roza. Gəliyoruz.

Əşrəflə bərabər çıqar. Şeyda alnını ovuşturaraq düşüncəyə dalar.

Məs’ud (dışarıdan). Müsaidə buyurulurmu?

Şeyda. Kim o? Gəl baqalım.

Məs’ud (birinci və ikinci mürəttiblə bərabər daxil olaraq.) Çoq şükür, nihayət bula bildik.

Şeyda. Buyurun, əfəndilər, oturun... (İskəmlə və karyola üzərində otururlar.)

Məs’ud. Nerdəsin, yahu? Bu aqşam bir kərə kəndim, bir daha Rəufla bərabər gəldik. Odada yoq idin...

Şeyda. Azacıq hava almaq için dışarı çıqmışdım.

Məs’ud. Yenə nə olmuş? Gözümə pək dalğın görünüyorsun.

Şeyda. Canım sıqılıyor.

Məs’ud. Fəqət niçin?

Şeyda. Hiç kəndim də bilmiyorum.

Məs’ud (yerindən qalqaraq arqadaşlarına). Haydı, gedəlim, rahatsız etmiyəlim. Yarın bağçada uzun-uzadıya qonuşuruz.

B i r i n c i m ü r ə t t i b . Azacıq otursana, nə əcələ ediyorsun?

Şeyda. Otur, otur, baqalım nə yapıyorsunuz. Işlər nə yolda?

Məs’ud (arqadaşlarına işarətlə). Onu inqilabçılara sormalı...

B i r i n c i m ü r ə t t i b (Şeydayə). Mə’lum ya, siz Məcid əfəndiyi daha eyi tanıyorsunuz. Bu hərif bizə göz veriyor da, işıq vermir. Birisi xəstə, ya səqət oldumu, əsla umurunda deyil; maaşlar həp əski halda, bir quruş artdığı yoq, lakin iş, vəzifə qucaq-qucaq... Həm də gündən-günə üstünə gəliyor da, əksilmiyor. Artıq bu rəzalət çəkilməz, bu istibdada təhəmmül edilməz.

Şeyda. Pəki, çarə?

B i r i n c i m ü r ə t t i b . Çarəsi pək qolay... (Kəskin bir ahənglə). İşdən çəkilmək, haqqımızı tələb etmək, iştə bu qadar!..

Şeyda. Pək gözəl... Tələbnamə yazılmışmı?

B i r i n c i m ü r ə t t i b . Əvət, baqa bilərsin... (Qoltuq cibindən böyük qit’ədə bir kağız çıqarar).

Şeyda (alıb baqaraq). Hər halda əl birliyi, dil birliyi ən böyük şərt. Həm də son dərəcə diqqət və ehtiyat lazımdır.

İ k i n c i m ü r ə t t i b . Əmin ol, bəyim! Həpsi öncə düşünülmüş...

Məs’ud. Fəqət şu tələblər son dərəcə ağır və kəskin... Bana qalırsa, azacıq yüngül və mülayim yazılmalıydı.

B i r i n c i m ü r ə t t i b . Yanılıyorsun, Məs’ud, pək yanılıyorsun. Bir kərə düşün ki, biz tələb edəcəyiz; boyun büküb yalvarmıyacağız.

Şeyda. Əvət, haqq alınır, verilməz.

Məs’ud. Lakin o güclü, biz aciz... O halda nə yapa biliriz?

Şeyda. Fir’onu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi. Zöhhakı məhv edən Gavə yoqsul, arqasız bir dəmirçi idi. Fəqət atəşli bir qəlblə inqilaba başladı, öylə xunxar, məğrur bir hökmdarın taxtını başına çevirdi. Məcid əfəndi kimdir?... Yalnız o deyil, hətta onu qudurtan qocaman rus çarlığı belə bu günyarın yerin dibinə batır.

Məs’ud. Pək ə’la, nasıl istərsəniz, öylə yaparız. (Saatına baqaraq). Getmiyəlimmi? Vaqt pək gec...

B i r i n c i m ü r ə t t i b . Əvət, artıq mane olmayalım.

Şeyda. Xayır, mane deyilsiniz... fəqət şu kağız bəndə qalsın, eyicə oqur, düşünürüm də, yarın kəndi fikrimi söylərim.

İk i n c i m ü r ə t t i b . Daha eyi, daha eyi...

Məs’ud. Haydı, gedəlim.

B i r i n c i və i k i n c i m ü r ə t t i b . Allaha ısmarladıq...

Şeyda. İzzət və səadətlə... Onlar təmənna edib çıqdığı sırada Şeyda bağça tərəfə olan pəncərəyi açır. Əllərini göksündə çapraz edərək dalğın və düşüncəli bir halda bağçaya baqar.

Roza (gələrək). Şeyda! Niçin gəlmiyorsun? Babam səni bəkliyor.

Şeyda (həzin bir ah çəkərək cəvab verməz).

Roza. Əcəba, nə var, nə olmuş?.. Bu gecə səndə ağlar gözlü bir öksüz ruhu, pürşikəstə bir şair iztirabı var.

Şeyda (ona yaqlaşaraq). Xayır, xayır... Olsa-olsa, bəndə ancaq sərsəri bir məcnun qəlbi, fələkzədə bir aşiq hissi ola bilir. Fəqət o qəlbi avutacaq bir nəzəri-şəfqət istər ki, o da yalnız sənin mə’sumanə baqışlarındır. O, hissi oqşayacaq bir şəhpəri-təsliyət istər ki, o da yalnız sənin nurdan dökülmüş əllərindir.

Roza. Şeyda! Pək fəna hissiyyata qapılmışsın, həm də nafilə yerə üzülüyorsun.

Şeyda (Rozanın əlini yaqalar, sinirli və həyəcanlı). Əvət... Lakin bir düşün ki, sən xırçın bir çocuq kibi şu müztərib qəlbimlə oynadın, həm də aylarca əlində atıb-tutdun, adəta onu bir çocuq oyuncağı zənn etdin... Ah, fəqət, nihayət, nihayət birdən-birə qırıb parçaladın, birdənbirə ayaqlar altında çignəməyə başladın.

Roza (əlini çəkərək). Salonda bəkliyorlar, şimdi gedəlim də, sonra...

Əşrəf (gəlir. Əvvəl Rozanın, sonra Şeydanın əlini sıqaraq). Müsaidənizlə, bən gediyorum.

Roza. Niçin? Əcələ bir işinizmi var?

Ə ş r ə f . Əvət, babam uşaq göndərmiş. Bir məsələ için bəni görmək istiyormuş.

Roza. Hiç bu oldumu ya!? Həftədə bir gəlirsiniz, o da böylə...

Ə ş r ə f . İştə talesizlik, bənim için böyük talesizlik. (Şeydayə) Sağlıqla, əzizim, yarın təkrar görüşürüz. (Təmənna edərək çıqar, Roza da kəndisini izlər).

Maks Müller (dəxi çıqar, Əşrəfə). Əşrəf bəy! Evimizi tanıdınız, şübhəsiz tez-tez gəlirsiniz. (Şeydayə) Şeyda! Buyurun, qəhvə içəlim.

(İçəri girər).

Şeyda. Təşəkkür edərim.

Mariyanın səsi (dışarıdan). Əşrəf bəy! Yarın aqşamlayın yenə bəkləriz.

R o z a n ı n s ə s i . Saqın, unutma, gəl ha!..

Ə ş r ə f i n s ə s i . Pəki, əfəndim, pəki.

Şeyda qapıyı qapar. “Ah” deyə qısqanc və mə’yus bir tevr ilə əli alnında olaraq iskəmləyə oturur.

Pərdə

Qeydlər redaktə