Şeyda/Beşinci pərdə

Dördüncü pərdə Şeyda. Beşinci pərdə
Müəllif: Hüseyn Cavid


Üst qatda həbsxanəyə məxsus büyücək bir oda... Odanın bir qapısı, üç-dört ufaq pəncərəsi var. Rəuf ilə Məs’ud bir tərəfdə yatıyor, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öksürüb inildiyor, hər üçü dutsaq qiyafətindədir. Lampanın donuq və qəsvətli işığı mart sabahına qarşı getdikcə sönük və ölgün bir tevr alır. Şeydanın solğun çöhrəsi, dağınıq saçları acınacaq bir levhə ərz edər.

Şeyda (sayıqlar). Bıraqınız, bıraqınız!.. Ah, bəndən nə istiyorsunuz? (Çevrilərək). Of... (Sinirli və darğın). Xayır, xayır, heyhat! Heyhat!..

Rəuf. Zavallı, zavallı çocuq!

Məs’ud. Ya, ya... məhəbbət fəlakətdir.

Rəuf (qalqıb oturur). Əvət, fəlakət, həm də ən dəhşətli bir fəlakət!..

Məs’ud (qalqar, bir-iki yutum su içərək). Allah həbsxanə müdirinin bəlasını versin. Bən böylə qaba ruhlu, mərhəmətsiz hərif görmədim. Bir dutsaq bu gün xəstələndimi, yarın onu xəstəxanəyə alırlar. Halbuki Şeyda bir aydır can çəkişiyor da kimsənin umurunda deyil.

Rəuf. Məraq etmə, bu gün şübhəsiz alıb götürəcəklər, çünki doctor söz vermiş.

Məs’ud. Eşit, inanma!.. Öylə tatlı sözlər pək çoq, fəqət əməl yoq, nəticə yoq; hanya? Bir zaman sən də kahinlik ediyordun, “bizi dört günlüyə həbs etmişlər” diyordun, nə oldu? O sözlər nə oldu? Şimdi doquz aydır burada yatıyoruz da hənuz qurtuluş ümidi yoq.

Rəuf. Hiç təlaş etmə! Hər nasıl olsa, iki-üç gün sonra çıqarız.

Məs’ud (istehzalı qəhqəhələrlə). Əvət, iki-üç gün sonra!?

Rəuf. Yahu! Bir düşünməli ki, işin əvvəlində məzarçı ilə Musayı bizdən ayırdılar, həm də aşağı qatda qəsvətli və qaranlıq bir bodruma yerləşdirdilər. Demək ki, biz cinayətdə pək də müttəhim deyiliz.

Məs’ud. Həp xülya, əfəndim, həp xülya!..

Rəuf. Əvət, xülya, sağlıq olsa, iki gün sonra anlarsın.

Məs’ud (e’timadsız). Baqalım!

Rəuf. Hələ tuhaf bir xəbər var ki, sən deyil, hətta bən kəndim də inanamıyorum. Söylənən sözlər doğru çıqarsa, yalnız biz deyil, bütün millət, bütün məmləkət qurtulmuş olur.

Məs’ud (mütəbəssim). O nə imiş, əcəba!?

Rəuf. Böyük və dəhşətli bir inqilab, müstəbid Rusiyayı alt-üst edəcək bir inqilab.

Məs’ud. Əvət! Rö’yan fəna rö’ya deyil (Yorğun bir halda yatağına uzanır).

Rəuf (sevinclə). Aman, rö’ya dedin də, eyi xatirimə gəldi. Şimdicə gözlərimi qapamışdım, bir də gördüm damın üstü yarıldı, göydən nurani bir zat endi. Onun küçük bir işarəti ilə, şu böyük divar havaya qalqdı; dərhal üçümüz də quş kibi qanatlanıb uçmağa başladıq. Fəqət biz ikimiz yuca bir dağ üzərinə endik; Şeyda isə uçduqca uçdu, yüksəldikcə yüksəldi. Nihayət bulutlara qavuşaraq büsbütün qeyb oldu. (Məs’udun yanı başında uzanıverir).

Məs’ud (usanmış bir halda). Allahını sevərsən, şu rö’yaları bıraq da azacıq rahatlanayım, bu gecə gözümə uyqu girdiyi yoq... (Bu zaman Şeydanın yanındakı pəncərəyə parmaq ucu ilə vurularaq “Şeyda! Şeyda!..” deyə Rozanın səsi eşidilir).

Şeyda. Xayır, xayır, gəlməm. Get, Allah eşqinə, get!

Təkrar pəncərəyə vurularaq “Şeyda! Şeyda!” deyə əvvəlki səs eşidilir.

Şeyda. Nə istiyorsun? Ah, bəndən nə istiyorsun? (Üzgün bir halda qalqıb oturur. Pəncərəyi açaraq bir qadar alıq-alıq dışarıya baqdıqdan sonra). Roza! Roza! Nerəyə getdin? Niçin gəldin də, niçin getdin? Ah, niçin bana rahət vermiyorsun? Qəhr olmuş bir zavallıdan nə istiyorsun?

Rozanın xəyalı yaldızlı nurlar içində, mələk qiyafətində olaraq görünür. Süzgün və munis baqışlarla Şeydaya doğru ilərilər.

Şeyda (dönüb baqınca). Ah, rö’yamı görüyorum?

Roza (nəvazişlə). Şeyda!

Şeyda (heyrətlə). Aman, yarəbbi!

Roza (həsrətlə). Şeyda!

Şeyda. Ah, nə istiyorsun?

Roza (təbəssümlə). Şeyda!

Şeyda (darğın). Roza, Roza! Allah eşqinə, get! Bu halda qəhrəman simalı, durğun baqışlı, qara geyimli bir mələk gəlir. Şeyda durmaz.

Roza. Şeyda! Bəni unutdunmu?

Şeyda (göküs keçirərək, sinirli). Xayır, xayır, sana pərəstiş etdiyim günləri, sana sarıldığım dəqiqələri hənuz unutmadım. İlk eşqimizlə süzülən baqışlarını, o mə’sumanə təbəssümlərini hala xatırlıyorum. Lakin, uf!.. Bəni atmış olan vəfasız Rozayı, o mərhəmətsiz afəti bir daha xatırlamam, bir daha görmək istəməm.

Qarageyimli mələk (yarınəvazişkar, yarı-amiranə bir tevrlə). Nə söylüyorsun, Şeyda, nə söylüyorsun!? O sənin məftununsa, sən də onun məcnunusun.

Şeyda (müztərib). Ah, sən kimsin?

Qarageyimli mələk. Bən bənim, müstərih ol!.. Bən oyam ki, bütün ağlar gözlər, yaralı könüllər, bütün iztirablar və həyəcanlar həp bənim sayəmdə rahət bulur, həp bənimlə mütəsəlli olur.

Şeyda (onun durğun və mə’nalı baqışlarından sarsılaraq). Uf, aman, yarəbbi! Qarageyimli mələk (mütəbəssim). Şeyda! Sən bəxtiyarsın. Əvət, şimdi, bəxtiyarsın.

Şeyda. Xayır... xayır... Bən hiç bir təsəlli istəməm (təlaşla). Ah, o munis çöhrən nə qadar nəvazişkar isə, dərin və durğun baqışların da bir o qadar qorquncdur.

Q a r a g e y i m l i mələk. Qorqma, hiç qorqma! Bən səni sıqmaq için deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq için gəldim. (Parmaqları arasında parlamaqda olan yüzüyü göstərir). İştə bu elmas yüzüyü görüyormusun? Əbədi bir nişan olmaq üzrə Rozaya təqdim ediyorum, sənin tərəfindən təqdim ediyorum. İştə, bu, qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır.

Şeyda (Rozaya işarətlə). Xayır, bən ona inanmıyorum, ah, inanmaq istəmiyorum. Qarageyimli mələk. Əmin ol, Şeyda, əmin ol! Bundan sonar hiç bir maneə, hiç bir qüvvət sizi bir-birinizdən ayıramaz. (Açıq pəncərəyə işarətlə). Baqsana! İştə bu ilahi eşqi yıldızlar da alqışlıyor, mələklər də təqdis ediyor.

Şeyda (baqar, son dərəcə heyrət və sevinclə). Aman, yarəbbi! O incə bulutların toqquşması, şu parlaq yıldızların aqışması nə gözəl!.. Ah, o rəngarəng quşlar, şu al qanatlı mələklər nasıl da oynaşıyor, necə də uçuşuyor!..

Bu sırada Rozanın xəyalı ilə qara geyimli mələk haman qeyb olurlar.

Rəuf (gözlərini ovuşdurub yerindən qalqar. Şeydayı bu halda görüncə təlaş və mərhəmətlə). Aman, nə yapıyorsun?

Şeyda (mültəfit olmayaraq). Of.. şu behişti mənzərə nə qadar lətif, nə qadar ülvi... (Dönüb Rəufu yanında görüncə). Ah, onlar nə oldu? Onlar nerəyə getdi?

Rəuf (heyrətlə). Kimi arıyorsun?

Şeyda (səbirsizliklə). Allah eşqinə, onlar nə oldu?

Rəuf. Kimi soruyorsun?

Şeyda (sinirli). Roza!.. Ah, mərhəmətsiz mələk!..

Rəuf (Şeydanın açmış olduğu pəncərəni qapayaraq). Hiç bu olur şeymi ya!? Sən nihayət, kəndini xərab edəcəksin.

Yatar. Bu sırada qomşu odadan yaralı bir ahənglə dəşti məqamı üzərinə söylənən aşağıdakı şərqi eşidilər.

İlahi, biqərarım, biqərarım,
Yanar ruhum, dəmadəm əşkbarım;
Vuruldum bir vəfasız işvəkarə,
Əsirim bən, əsiri-eşqi-yarım.

Bu sırada qara geyimli mələk təkrar görünür.

Şeyda. Uf, bu səs sanki bənim ruhumu tərənnüm ediyor (onu görüncə). Ah, yenəmi gəldin?

Qarageyimli mələk. Əvət, gəldim də bərabər gedəlim.

Şeyda. Pəki, nerəyə, nerəyə gedəcəyiz?

Qarageyimli mələk. Başqa aləmlərə, daha yüksəklərə.

Şeyda. Xayır, bən yalnız, yalnız Rozayı istərim.

Qarageyimli mələk (Rozanın görünməkdə olan duvaqlı xəyalına işarətlə). İştə, gəliyor, həm də gəlin duvağında...

Şeyda. Of, gəl, gəl də bərabər gedəlim.

Qarageyimli mələk (Rozanın göksünü süsləməkdə olan pənbə gülü Şeydaya uzataraq). İştə cənnət fidanlarından dərilmiş bir qönçə... Al, al da qoqla, baq, nə qadar gözəl qoquyor.

Şeyda (mütərəddid). Ah, xayır... xayır...

Roza. Rədd etmə, al!

Şeyda. Roza, Roza! Şu munis çöhrə könlümə dəhşət veriyor. Onun gözlərinə əsla inanamıyorum, sanki o bəni səndən ayırmaq istiyor.

Qarageyimli mələk (mə’nalı bir təbəssümdən sonra). Əvət, bən çoq anaları yavrusuz, çoq yavruları anasız qoydum. Bir düyün, yas olursa bənim əlimlə olur. Bir məmləkət padşahsız qalırsa, yenə səbəb bənim. Əvət, bir çoqlarını eşindən ayırdım. Çoq aşiqləri sevgilisinə həsrət qoydum. Lakin, lakin sizi ayırmaq deyil, bil’əks əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qavuşturmaq istərim.

Roza. Şeyda! Bütün səadət və fəlakətlər onun əlində... O, lətifə bilməz, həm də hər sözü dəyişməz bir qanundur.

Şeyda (şaşqın və sarsılmış bir halda). Roza, Roza! Ah, fəqət, heyhat!..

Roza. Məraq etmə, hiç məraq etmə!..

Qarageyimli mələk (gülü Şeydanın burnuna tutaraq). İştə baq, nə müəttər çiçək! Nə gözəl rayihə!

Şeyda (qoqladıqdan sonra, azacıq arqa tərəfə mail olaraq). Of... Əvət...

Qarageyimli mələk (bir az daha yaqlaşaraq). İştə görüyormusun? Nə qadar sevimli, nə qadar ruhaşina!..

Şeyda (bir daha qoqlar, dərəcə-dərəcə arqaya mail olaraq sönükvə titrək bir səslə). Əvət, pək lətif, pək gözəl... Lakin, lakin (müztərib və bitab). Roza!.. Roza!.. Rozaya doğru qollarını açmış olduğu halda, arqası üstü düşər, təslimi-ruh edər. Bu sırada həbsxanə saəti bir kilisə çanı kibi vurmağa başlar. Sabah olur.

Rəuf. Haydı, Məs’ud, qalq!

Hər ikisi əcələ geyinib hazırlanır.

Məs’ud. Artıq yatıb-qalqmaqdan usandıq, Allah Şeydayə insaf versin.

Rəuf.Mə’yus olma, əzizim, mə’yus şeytandır. Bir gün gəlir ki, şu qaranlıq pərdələr qalqar. Zalımlar, müstəbidlər xudkam sərmayədarlar, həp əkdiklərini biçərlər, həp intiqam şərbətini içərlər.

Bu sırada uzaqdan Marselyozu andırır gurultulu və həyəcanlı bir ahənglə aşağıdakı marş eşidilir. Hər ikisi son dərəcə heyrətlə pəncərəyi açıb dinlərlər.

Marş

Arqadaş! Əlverir bunca zillət,
Bunca qəflət yetər, qalq, oyan!
Qəhr olub getdi zülmü fəlakət,
Artıq fürsət! Gözəl bir zaman...
Çoq əzildin yetər, haydı doğrul, ər ol!
Haq sənindir bu gün, arqadaş! Hazır ol!
Haq sənin, çünki zəhmət sənin...
Güc sənin, sə’yü qeyrət sənin...

Rəuf. İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi.

Məs’ud. Əvət, bu da başqa bir xülya, bu da başqa bir rö’ya!

Rəuf. Yahu! Çoq keçməz, sən günəşi də inkar edərsin, hətta öz varlığına da inanmazsın.

Dışarıda gurultulu səslər eşidilər.

Qara Musa (şiddətlə qapıyı açar). Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür

(Şeydaya yaqlaşır). Şeyda!.. Şeyda!..

(Qolundan tutub qaldırmaq istər, hərəkətsiz bir halda yanına düşdüyünü görüncə heyrətlə). Ah, ölmüş... Şeyda... Şeyda... (deyə acı bir fəryad ilə qucaqlar).

Pərdə

Qeydlər redaktə