Şiə dinində məzdəki inancları

Şiə dinində məzdəki inancları (1892)
Müəllif: Əhməd bəy Ağaoğlu
Tərcümə edən: Hamlet Qoca
İlk dəfə 1892-ci ildə Şərqşünasların IX konqresinin materiallarında fransız dilində nəşr edilmişdir.


Şiəliyin necə yaranması üzrə indiyə qədər birbaşa araşdırma aparılmayıb. 1871-ci ildə “Jurnal Azyatik”də çap olunmuş mə- qaləsində cənab Stanislas Giyar və Kollej dö Fransada Pəhlə- vinin müəllimi olmuş alim T.Darmesteterin Mehdi haqqındakı maraqlı kitabçasında bəzi məlumatlar vermiş və mövzunun çox maraq kəsb etdiyini bildirmişlər. Lakin onların hər ikisi ancaq şiəliyin bəzi formaları haqda yazmış, şiəliyin mənşəyi isə qaranlıq olaraq qalmışdır. Amma şiəlik islam tarixində psixoloji cəhətdən ən maraqlı, ən nadir bir fenomendir. Başqa ikinci dərəcəli suallar, məsələn, İsmaililər məzhəbinin, Masiriliyin, Karmatların, Drantların, Sufilərin, Şeyxilərin, Babilərin mənşəyi ancaq Şiəliyin mənşəyi öyrəniləndən sonra məlum olacaqdır; çünki bütün bu fəlsəfi, dini və əfsanəvi inanclar Şiəliyin əsasında yaranmışlar və Şiəliyin mənşəyi öyrənilməyincə onlar haqda məlumatlar da yarımçıq olacaqlar. Avropa dillərində Şiə sözü işlənəndə “Əli məzhəbçisi”, “Əlinin tərəfdarı” mənaları anlanılır. Şiəliyin təsvirində bu ən yanlış təsəvvürdür. Şiəlik özünə sərfəli bir hökumət dəyişikliyi istəyən bir siyasi partiya, yaxud hüququ pozulmuş adamların hüququnu bərpa etmək istəyən bir qurum deyil. Doğrudur, əvvəldə onun siyasi cəhətləri olub, amma onu təmsil edən adamlar neçə əsrlər əvvəl siyasi arenadan gedib və əgər Şiə ancaq öz hüquqları uğrunda mübarizə aparsaydı bu əhəmiyyətsiz bir iş sayılardı. Həm də ki, Şiəlik qəlbləri idarə etmək istəyir, məişətdə və ictimaiyyətdə davranış qaydaları, düşüncə və duyma qaydaları təlqin edir, bir sözlə mənəviyyat dərsi verir, bu isə siyasi fəaliyyət sayılmır. Həm də Şiəlik sözün tam mənasında bir din deyil, yəni kiçik varlıqla böyük varlıq, yaradılanla Yaradan arasında əlaqə deyil, bu əlaqələr bəşəri olmalıdır, yerli əhəmiyyət daşımamalıdır, ancaq indiyə və gələcəyə aid olmalıdır. Şiəlik isə belə deyil, məhdud bir məkan içində o sizə tək indi və gələcəyi deyil, eyni zamanda keçmişi də təlqin edir. Hər şiə iranlıdır; Əgər Şiə Rüstəmin ali mənşəyinə və onun möcüzəli qəhrəmanlıqlarına inanmırsa şiə deyil; o günlərin birində İsfahan yaxınlığındakı bir quyudan möcüzəli bir insanın çıxıb dünyanı xilas edəcəyinə və Rüstəmlə Kavanın onun yanında olacağına inanmırsa Şiə deyil; o İranın işıqlı, elmli, təmiz bir ölkə olduğuna, dünyanın taleyinin ondan asılı olduğuna inanmırsa şiə deyil. Qısa desək şiə olmaq iranlı olmaq deməkdir, onun keçmişini tamlıqla qəbul etmək, ona qovuşmaq, onun uğuruna sevinmək, qəminə ortaq olmaq, arzularına şərik olmaq deməkdir. Beləliklə, şiəlik nə sözün əsl mənasında bir dindir, nə də siyasi bir partiyanın təzahürü, o İran milli ruhunun sintezidir, uzun əsrlərdən bəri keçmişlə və indi, Məzdəkilik və islam arasında yaranmış bir uzlaşmadır. Bu cür uzlaşmalar başqa yerlərdə və başqa formalarda da mövcud olmuşdur. Xristianlığın tarixinə nəzər saldıqda onun Misirdə, Yunanıstanda, Romada və müasir Avropanın başqa xalqları arasında necə qəribə dəyişikliklərə uğradığını xatırlamaq kifayətdir. Ümumiyyətlə, öz tarixi ənənə- si, çoxəsrlik tarixi, öz dini və ədəbiyyatı olan hər bir xalq başqa bir xalqla təmasda olduqda onun maddi və mənəvi təsirinə məruz qalır. Keçmiş ənənələr, qədim dinlərlə yeniləri arasında şiddətli mübarizə başlayır və bu ideyalar və ənənələr mübarizə- sinin nəticəsində keçmişlə indi arasında orta bir səviyyə alınır, iki dinin bir növ birləşməsi yaranır. Burada müasirlik öz varlı- ğını itirmədən keçmişlə uyğunlaşır və ondan götürə biləcəklərini götürür. İranla Ərəbistanın qarşılıqlı vəziyyətlərinə bələd olan hər kəs bilərdi ki, İslamın meydana çıxdığı vaxt İranın sonrakı dövründə bu tarixi qanun həmən ölkə üçün uyğunlaşdırılacaqdır. Bir tərəfdə öz şöhrətinin və mədəniyyətinin zirvəsində olan, hakimiyyəti Ərəbistanın şimalında və cənubunda böyük əraziyə yayılmış İran, digər tərəfdən isə boş səhradan ibarət, özünün tarixi keçmişi və birgə ənənələri olmayan, daim bir-biri ilə savaşda olan qəbilələrdən ibarət bir ölkə. Dünyanın uzaq bir küncündə qalmış bu ölkə özünə qapanmışdı və qonşu xalqların mədəniyyətlərini qəbul etmirdi. O dövrün iranlısı üçün ərəb kobud bir varlıq, ayağı yalın bir dəvəçi, qızmar səhrada həyat sürən, heç bir mədəniyyəti və tərəqqini yaxın buraxmayan bir məxluqdur. Xosrovun onun barədə Allahın elçisinə verdiyi kinayəli cavab artıq məlum olduğuna görə təkrar etməyə dəyməz. Amma həmən bu Ərəbistan qəhrəman bir vətənpərvərin çağırışı ilə uzun yuxusundan oyandıqda və güclü bir öyrədicinin pey- ğəmbər inamı ilə cana gəldikdə, mat qalmış İrana sübut etdi ki, əsl ucalıq zənginliyin artmasında və ənənələrin inkişafındadır. İran gördü ki, nifrət etdiyi bu səhra ölkəsində Zohak ilanı hələ də fışıldayır və o Cəmşid dövründəki kimi təslim oldu. Amma Kavanın ruhu hələ ölməmişdi və İranın təslim olması məcburi idi, nə özünün itirilməsi, nə də unudulması demək deyildi. Uzun əsrlərdən bəri davam etmiş şöhrətli bir keçmişi, ən zəngin və ən elmi bir dini və mifologiyanı qəfildən dəyişib, ona qədər həqarətlə baxılan, aşağı irq sayılan bir xalqın gətirdiyi inamı qəbul etmək mümkün deyildi. Mənşəyi məlum olmayan, yəqin ki, xalq yaradıcılığı olan və təmiz dillə ifa olunmuş bir xalq deyimində keçmişlə indi arasında tərəddüd edən, təslim olmuş, qüssəli iranlı qəlbinin ağır taledən acı və kinayəli şikayətini sizə çatdırmaya bilməzdim: “Sənə lənət olsun, ey dəyişkən tale, Sən ərəbi elə əzizlədin ki, o dəvə südü içdiyini və kərtənkələ yediyini unutdu və Kayyanilər taxtına göz dikdi”. Amma bu ağır vəziyyətdə də iranlı həmişəki kimi bir çıxış yolu tapdı; o İslam örtüyü altında yeni bir din yaratmağa başladı. Sahibi təəccübləndirməmək üçün bu iş ərəb adı altında görü- lürdü, amma eyni zamanda keçmişi və qədim mifologiyanı da özündə saxlayırdı. Bu yeni din Şiəlik idi. İran bu dini necə yarada bilmişdir; bu din necə formalaş- mışdır; onun başlanğıc nöqtəsi nədir; bu işdə kimlər fəal rol oynamış və ona öz dühalarının rəngini vermişlər? Bunlar maraqlı suallardır, amma bədbəxtlikdən onlara ancaq təxmini cavab vermək olar. Heç bir müsəlman yazıçısı məsələni tarixi inkişaf cəhətdən araşdırmayıb və bu gün dəqiq cavab əvəzinə fərziyyə yürüdürük. Mən həqiqətə daha yaxın saydığım və vəziyyət dəyi- şənə qədər inanacağım bir fərziyyəni sizə təqdim etmək istə- yirəm. İslamın lap əvvəlindən müsəlman aləmində bir iranlı meydana çıxmış və onda az-çox şərəfli bir rol oynamışdır. Adının indi də iranlı ruhu və dini inancları üzərində təsiri istər-istəməz diqqətimizi ona cəlb edir və onun şiə dininin formalaşmasında fəaliyyət göstərməsi fikri meydana gəlir. Bu şəxs məşhur Salmani Farsidir. Müsəlman yazıçıların əsərlərindəki bioqrafik qeydlərə görə Salmani Farsi Fars əyalətində Dehkan ailəsində dünyaya gəlib. Bu gün dehkan dedikdə əkinçi yaxud kəndli nəzərdə tutulur. Amma Sasanilər dövründə bu söz İran adət-ənənələrini qoruyub saxlayan varlı və qədim kənd ailəsini nəzərdə tuturdu. Fikirdən rahatlıq tapa bilməyən Salman Nasturi kilsələrini və yəhudi məbədlərini dolandıqdan sonra Mədinəyə, dünyanın yeni canlandırıcısının yanına gəlmiş və Məhəmmədin ən etibarlı, ən yaxın əzhablarından birinə çevrilmişdir. Həzrət Məhəmmədin vəfatından sonra o Əliyə bağlanmış, onun sirdaşı və köməkçisinə çevrilmiş, ona xidmətlər göstərmişdir. Deyilənə görə o bir dəfə Əlinin həyatını xilas etmiş və həmin vaxt bu şəxsiyyətin qeyri-adi bacarığı üzə çıxmışdır. Kufə camaatı Əlini öldürmək qərarına gəlibmiş və bu qərarı həyata keçirmək üzrə imişlər. Düşmənlər Xəlifənin evinə gəliblərmiş. Sadiq xidmətçi özünü itirmir, öz ağasını torbaya qoyub çiyninə atır və sakitcə şəhərdən çıxır. Düşmənlər ondan torbada nə olduğunu soruşurlar, o isə cavab verir ki, torbadakı Əlidir. Onlar bunu zarafat sanıb gülür və Salmanı buraxırlar. Bu rəvayətin həqiqətə nə qədər uyğun olduğunu bilməsəm də şiələrin buna böyük əhəmiyyət verməsindən duyulur ki, Salman Əlinin ən yaxın dostu imiş və ona təsir edə bilirmiş. Məlum məsələdir ki, Salman bu təsirdən İranın xeyrinə istifadə etməyə çalışıb. Parsi Mobedin oğlu, Dehkan ailəsindən çıxmış bu şəxs İran ənənələrinin qoruyucusu və davamçısı idi, İran qanunlarına bağlı idi və o Peyğəmbərin yaratdığı hakimiyyətin xalqçı mənşəyinə çətinliklə uyğunlaşırdı. Çox mümkündür ki, o, Məhəmmədin əmisi oğlu, həm də kürə- kəni olan və iranlı düşüncəsi ilə onun əvəzsiz varisi sayılan Əlini İran taxtına gətirmək üçün plan qurmuş və bu mövzuda ölkəsinin ağıllı adamları ilə məsləhətləşmişdir. Belə deyilsə, geniş fəaliyyətdə olmayan və o vaxta qədər İranda heç tanınmayan Əlinin bu ərazidə çoxlu tərəfdarı yaranmasını və onun öz düşmənləri ilə döyüşlərini İran səhnəsinə keçirmək istəyini nə ilə izah etmək olar? Bundan başqa, məlumdur ki, Əli oğlanlarından birini – Hüseyni Yezdəgird Şahrabanunun ərəblərə əsir düşmüş qızlarından biri ilə evləndirib. Düşünmək olmazmı ki, bu siyasi izdivac ancaq Sasani ailəsinin hüquqlarının Əli ailəsi üzərinə keçməsi məqsədi ilə qurulub? Üstəlik də İmamlıq Əlinin böyük oğlu Hüseynə keçməkdənsə onun Şahrabanu [1] tərəfdən olan davamçılarına keçib. Salmana aid sayılan rəvayət və hədislərin əksəriyyəti Hüseynin tərifindən ibarət olur, elə bil onu məşhurlaşdırmaq işinə xidmət edir. Kərbəla qırğınında İmamın ətrafındakı kişilərin hamısı həlak olduqdan sonra Şiə inamına görə beni-Haşim (Əli ailəsi) bayraqdarı Şahrabanu olur. Ərinin ölümündən sonra o düşmənlər arasında ərinin cəsədini tapıb onun qanlı paltarını geymiş, başına peyğəmbərin bornosunu bağlamş (bu Beni-Haşimin simvolik mirası sayılırdı), Abbasın (Hüseynin qardaşı və bayraqdarı) bayrağını qaldırmış və simvolik vərəsə sayılan Zülcenah atına minərək düşmənlərlə əsirlik şərtlərini danışmağa getmişdir. Şərqdə bu danışığa ancaq başçı gedə bilərdi. Şahrabanu bu işi Sasanilər və Beni-Haşimin varisi olan oğlu dordüncü İmam Zeynalabdinin xəstə və zəif günlərində görmüşdür. Onu Hüseynin qızları və Məhəmmədin nəvələri Zeynəblə Gülsüm müşaiyət etmişlər. Ərəb ailə ənənəsinə görə onların görəcəyi işi, əslində yad sayılan Şahrabanu fars adəti ilə həyata keçirmişdi. Amma müqəddəs hüquq bu cür rəhbərliyi qəbul etmir və Şahrabanunun 3-cü və 4-cü İmamlar arasındakı bu qısa müddətli fəaliyyəti göstərdi ki, hər yanda İran ruhu keç- mişlə indini qarışdırmağa çalışmış, ondan istifadə etmək istə- mişdir. İlk şiələr öz dinlərinin yaranmasında Salmanın oynadığı rolu yaxşı anlayıblar. Cənab Stanislas Kiyardın çap etdiyi bir əlyazmasında məşhur İsmailiyyə (əvvəlcə Şiəliyin bir qolu olub) başçılarından biri Rəşid-əd-Din Sinan Məhəmməd peyğəmbərdən danışarkən deyib: “Sonra mən dövrün hakimi olan Əli qayəsində göründüm, sonra isə Məhəmməd libasına girdim; mənim böyük şəxsiyyətimi qoruyan isə Salman oldu”. Hələ bu gün də dini məsələlərdə onun hörməti elə ucadır ki, adını yerli-yersiz rəvayət və hədislərlə bağlayırlar. Məsələn dindar bir qadın Salmanı yuxuda görür və Salman ona Məhəmməd peyğəmbərin adından hədis söyləyir. Bu cür əhvalatların Rozat-i- Şohada (Şəhidlər bağı) və Fazil-i-Dərbəndi kimi ciddi əsərlərdə yazılması, onun şöhrətinə xidmət edir. Bu böyük şöhrət isə Salmanın keçmiş siyasi-dini fəaliyyətinə bir abidə kimi qəbul olunur. Digər tərəfdən, Şahrabanunun əri və Yezdəgirdin kürəkəni olan Hüseyn farslar arasında böyük hörmətə malikdir; Onu İmamların ən əzizi sayırlar; onun əzablarına həsr olunmuş bir tamaşa oynanılır, müxtəlif əsərlər yazılıb. İranlılara görə o, İmamlığın ən bariz nümunəsi, keçmiş və müasir İran arasında əlaqə vasitəsidir. Onun şəxsiyyəti iranlıların gözündə hüquq, aşkarlıq və ləyaqətin simvolu idi və İranı işğal və qarət etmiş əvvəlki üç xəlifənin əksi sayılırdı. İndi, əvvəlcə deyilənləri və İranın Əli ailəsinə ancaq Sasanilərin tək və əsl varis kimi baxdığını nəzərə alanda Şiəliyin mənşəyini izah etmək mümkün olur. Həqiqətən də Sasanilərin tacı qədim Məzdək krallığının xüsusiyyətlərini saxlayan BeniHaşimin başı üzərinə keçməli idi. Bu xüsusiyyətlərdən ən vacibi və bu gün şiəliyin əsasını təşkil edəni insanın ilahi təbiətdə iştirakıdır. Bu inanc isə ortodoks islama çox ziddir. Məlumdur ki, qədim məzdəkilikdə krallıq Şatra-Verya, bu gün isə Şahrivar adlanan ilahi bir qüvvə ilə təmsil olunub. Krallar həmən ŞatraVeryanın ruh daşıyıcılarıdır və məzdəki inancına görə “onlar insanlar arasında tanrı, tanrılar arasında insanlar olublar”. Müteşerrilərin, yaxud ortodoks şiələrin gözündə imam sözünün başqa mənası yoxdur: İmam burada ilahiyyatı, yüksək şüuru təmsil edir və buna görə də dini və mənəvi cəhətdən dünyanı idarə etmək hüququ vardır. Təbiidir ki, ilk imamlar Əli və onun davamçıları olmuşlar; İran onların din sahəsindəki qərarlarını diqqətlə izləmişdir. Onların İrandakı krallıqla bağlı hüquqlarına gəldikdə isə, bunu əldən verməmək üçün ümidsizliklə vuruşmuş, ancaq bircə dəfə, Əl-Mamun dövründə uğur qazana bilmişlər. Bu hiyləgər Xəlifə Abbasın əcdadı və Əlinin qohumu olduğuna və İranın köməyi ilə Xilafət taxtına sahib olmuşdur. O İrana söz vermişdi ki, qızını səkkizinci İmam Rzaya ərə verəcək və onu varis təyin edəcək. Amma vədi yerinə yetirmək vaxtı çatanda razılığı pozmuş və Rzanı zəhərlətmişdir. Yenidən mübarizə baş- lamış və hicri tarixinin 3-cü əsrinin sonuna, Beni-Haşim ailə- sinin son nümayəndəsi, on ikinci İmam Abul-Kasım, gələcəyin Mehdisi yoxa çıxana qədər davam etmişdir. Onunla birgə hakimiyyətin və krallığın mövcud prinsipləri yer üzündən yoxa çıxıb. Çünki Şiə iranlının fikrincə krallıq zülm, kral isə zalım deməkdir. Elə ki, haqsızlıq həddini aşdı, qədim İran mifologiyasında həmişə ölkəni xilas etmiş varlıq indi Mehdi qayəsində meydana çıxır. Öz seyidlik bacarıqlarından məharətlə istifadə edən Səfəvilər taxta gələndə bütün İranda şayiə yayılmışdı ki, İsfahan yaxınlığında bir quyuda, dünyada haqq-ədaləti bərpa etmək üçün tam silahlanıb hazır olan və kömək üçün Mehdinin gəlməsini gözləyən Rüstəm, öz quyusundan çıxmışdır və vaxtın çatdığına inanır. Amma o ümidinin boşa çıxdığını görüb dünyanın sahibini gözləmək üçün öz yerinə qayıtmışdır. Lakin dünya sahibinin gəlməsinə və Rüstəmlə birgə yer üzündən zülm və haqsızlığın silinəcəyi günə qədər dindarları doğru yolla aparacaq, heç olmasa dini qoruyacaq adamlar lazım idi. Bu adamlar isə müctəhidlər idi, onlar hər cür dini və dünyəvi hakimiyyətə malik olan imamlar qrupu tərəfindən idarə olunurdular. Ancaq onlar dindarlara rəhbərlik edə bilər və imamlar tərəfindən idarə olunduqlarına görə dini özünəməxsus şəkildə və tam sərbəstliklə yozmaq imkanına malik idilər. İmamların hörmətini qazanmaq üçün ideala, yəni İmamın özünə mümkün qədər yaxın olmaq, beləliklə ədalətdə, elmdə, bir sözlə, dini və mənəvi sahələrdə üstün olmaq lazım idi. İmam bildikdə ki, şəxs kifayət qədər mü- kəmməlləşib, onun ruhu müctəhidə keçir və onun hər hərəkəti, hər kəlməsi imamınkı sayılır. Ona xidmət etmək İmama xidmət, etiraz isə İmama etiraz sayılır. Burada dayanıram; mən Şiəlikdə üç körpünü – imamlığı, Mehdini və müctəhidliyi göstərmək istəyirdim. Bu üç körpü Sünni üçün Allahla bəndə arasında geniş bir məkandır, Şiəliyin isə əsas əlamətləridir. Bilirsiniz ki, yeni fikir və biliklərin meydana çıxması ilə əlaqədar bu üç körpü böyüyə, genişlənə bilər, hətta ilahiyyatla bəşəriyyət arasındakı boşluğu doldura bilər. Deyəsən çox uzağa getdim. Qoy İran tarixini, ilkin şiəliklə şiə torpağında yetişən dini və fəlsəfi məktəbləri birləşdirən əlaqə- ləri, onların müxtəlif görkəminə baxmayaraq eyni nöqtədən baş- lamalarını – yəni insanın ilahi təbiətdə iştirakını təmsil edən məzdəki inamı olduğunu başqa, daha bilikli, daha məlumatlı adamlar araşdırsınlar. Məzdəkilik və şiəlik arasındakı əlaqələr haqda dediklərimə əlavə olaraq, sonda, İranda hələ də mövcud olan Məzdəki bayram və inanclarını nümunə göstərmək istəyirəm. Bunlar qədim inancların yeni inanclara necə sızdığına bir misal ola bilər. Məlumdur ki, qədim İran dinində Novruz yaradılmanın ilk günüdür və Məzdəki ilinin altı fəslinin birincisidir. Onu təbiətin yeniləşməsi kimi də bayram ediblər. Zərdüşt ənənəsi, ona əsasən isə Firdovsi göstərib ki, həmən gün Cəmşid tərəfindən bayram elan edilib, bütün şahlar taxta həmin gün çıxıb, əyyam və xalqla birgə təntənəli bayram ediblər. Şiə dini bu bayramı yaşadacaq, amma həmən gün Firdovsi ilə Cəmşidin gününə deyil, Əli və övladlarının təntənəsi gününə çevriləcək. Xalq rəvayətində deyilir ki, Əli öz düşmənlərinə, xalqın yaddaşında pis xatirəyə dönmüş əvvəlki üç xəlifəyə qalib gəldikdən sonra həmən gün taxta çıxıb. Novruz bayramını təsvir etməzdən öncə ondan əvvəlki günlər haqda danışmalıyam. 21 mart Novruz günündən əvvəl hər çərşənbə axşamı həyətlərdə böyük tonqallar qalanır. Xalq inancına görə bu tonqallar BeniHaşim qələbəsinin öncüsü, Hüseynin intiqamını almış Muxtarın meydana çıxmasının simvoludur. Amma burada atəşpərəstlik daha böyük rol oynayır. Muxtarın meydana çıxması isə onunla müqayisədə əhəmiyyətsiz bir hadisədir. Təbəri öz yazılarında göstərib ki, onun dövründə bu bayram çox təntənəli keçirilirmiş və iranlılar öz zərdüştilik mənşələrini unutmamışdılar. Şübhəsiz, müasir İran üçün Muxtarın adı dinsizliyi pərdələmək üçün bir örtüyə çevrilib. Beləcə, hava qaralanda tonqallar yandırılır; cavanlar (oğlan və qızlar) əl-ələ verib tonqal ətrafında dövrə vurur, onu salamlayır və təbiətin dəyişməsi münasibətilə ondan özlərinə xoş tale diləyirlər. Alov kiçildikdə tonqalın üstündən tullanma mərasimi başlayır. Cavanlar bir-birinin ardınca tonqalın üstündən atılıb keçirlər. İnanırlar ki, tonqalın alovu bədəni bütün xəstəliklərdən təmizləyir, eyni zamanda insana güc, dö- züm və gözəllik gətirir. Tonqal sönəndən sonra cavanlar əvvəlcədən təyin olunmuş yerdə qruplarla toplaşıb gecəni oyaq qalır, bəziləri qocaların, yaxud aşıqların söylədiyi rəvayətləri dinləyir, öz taleləri ilə daha çox maraqlanan başqaları isə təbiət elementlərinə (su, bitki, işıq) müraciət edirlər. Guya ki, bu elementlər həmən gecə ali gücə malik olur və onlar qədim Məzdəkilikdə Xurdad, yaxud Murdad rəmzi ilə tanınırdı. Nəhayət, 21 martda – Novruz günü çatdıqda kasıb-varlı, hər bir iranlı təzə, ələlxüsus şənlik və uğur simvolu sayılan qırmızı rəngli paltar geyirlər. Dindarlar bir-birinə qonaq gedir və bu sözlərlə bir-birinə xoş yeni il arzulayırlar: “Yeni iliniz, Həzrət Əlinin taxta çıxması gününüz mübarək olsun”. Həmişə sərt qısqanclıqla qorunan qadın və qızlar həmən gün tam azad olurlar. Novruz gününün səhərindən onlar şəhər və kənd ətrafındakı çöllərə çıxır, bənövşə dərir, mahnı oxuyurlar. Bu bayramın təbiətini göstərə bilmək üçün birgə oxunan mahnılardan birini tərcümə etməyə çalışdım:

“Gəl ey bahar, bizə səadət gətir:
Gəl ey günəş, qov bu qəmi-qüssəni.
İranın sahibi Əli,
Çöllərimizin sahibəsi Şahrabanu
Alçaldılmış xəlifələrin yası olan Novruz səhəri
Al geyimlə taxta çıxırlar.

Başqa qızlar isə bir qab suya üzüklərini salır və oxuyurlar:

“Sən ey xoşbəxtlik gətirən saf su,
Bizə gözəl və varlı bir nişanlı yetir”

.

Onlar suyu qarışdırır, üzüyün suya batma forması ilə talelərini görürlər.

  1. Dördüncü İmam Zeynalabdin Şahrabanunun oğludur