Şiə məzhəbi və əsassız töhmətlər (Sadiq Şirazi)/Zərihi öpmək

Övliyaların məqbərələrini zinətləndirmək Zərihi öpmək
Müəllif: Sadiq Şirazi
Allah övliyalarına təvəssül etmək


Malik: Sadiq, siz nə üçün Peyğəmbərin (s) və imamların (ə) qəbrini öpürsünüz?
Sadiq: Bunun nə eybi var?
Malik: Deyilənə görə bu əməl, şirk sayılır.
Sadiq: Bunu kim deyir?
Malik: Müsəlmanlar.
Sadiq: Təəccüblüdür! Deyə bilərsiniz ki, bəs zərihi kimlər öpürlər?
Malik: Deyəsən şiələr bu işi görürlər.
Sadiq: Həcc ziyarəti üçün Məkkəyə getmisənmi?
Malik: Bəli, Allaha şükürlər olsun!
Sadiq: Allah Elçisinin (s) Mədinədəki qəbrini ziyarət etmisən?
Malik: Bəli, Allaha şükür edirəm ki, bu ziyarəti mənə nəsib etdi.
Sadiq: Çox güman ki, orada müşahidə etmisiniz əhli-sünnə müsəlmanları da peyğəmbərin zərihini öpməyə can atırlar, lakin “əmr be mə`ruf” mə`murları onları vurub, bu işdən çəkindirirlər.
Malik: Bəli, dediyiniz kimidir.
Sadiq: Deməli, təkcə biz şiələr, Allah elçisinin (s) zərihini öpmürük, başqa müsəlmanlar da bu işi görürlər.
Malik: Bəs nə üçün bə`ziləri, zərihi öpməyi haram və Allaha şirk qoşmaq bilirlər?
Sadiq: Sayca azlıq təşkil edən müsəlman firqələrindən yalnız biri zərihi öpməyi haram və Allaha şirk qoşmaq bilirlər. Onlar ancaq özlərini həqiqi müsəlman hesab edir və yalnız öz əqidələrinin haqq olduğunu güman edib, başqa müsəlmanları kafir, müşrik və Allahdan qeyrisinə sitayiş edən bilirlər. Özün şahidsən ki, Hicazda “əmr be mə`ruf” mə`murları Peyğəmbərin (s) zərihini öpmək istəyənləri vurub, onları “ey kafir, ey müşrik, ey donuz, ey it, ey zındıq” və s. bu kimi nalayiq sözlərlə təhqir edirlər. Halbuki, şəriət baxımından bu kimi təhqirlərə cəza düşür. Onlar, təkcə on iki imam və ya Zeydi şiələrini deyil, Hənəfi, Maliki, Şafeyi və Hənbəli məzhəbindən olan digər müsəlmanları da bu işdən çəkindirirlər[1].
Malik: Bəli, bu dediklərinizi mən də görmüşəm. Hətta müşahidə etmişəm ki, “əmr be mə`ruf” mə`murları, əllərindəki əsa ilə Peyğəmbərin (s) zərihini öpməyə can atanların başına zərblə vurduqları üçün başları yaralanıb, qan axırdı. Yaxud zəvvarların sinəsinə zərblə yumruq vurub, onları zərihin ətrafından dağıdırdılar. Mən, bu səhnələri gördükdə çox narahat olurdum. çünki Allah taala, müsəlmanların bu toplantısını, yə`ni, Həcc mərasimini, onun üçün göstəriş vermişdir ki, müxtəlif məntəqələrdən olan müsəlmanlar üzləşdikləri maddi və mə`nəvi çətinlikləri burada həll etsinlər. Lakin bu gün, özlərini “əmr be mə`ruf və nəhy əz münkər mə`murları” adlandıran bir dəstə, müsəlmanların arasında təfriqə salmaqla məşğuldurlar.
Sadiq: düzdür. İndi qoy, bir qədər də öz mövzumuz barədə söhbət edək. Heç öz övladını öpürsən?
Malik: Bəli.
Sadiq: Bu əməlin Allaha şirk qoşmaq sayılmır?
Malik: Xeyr, əsla şirk deyil!
Sadiq: Nə üçün bu əməlin şirk sayılmır?
Malik: İnsan öz övladına məhəbbət və qayğı göstərməlidir. Öpmək də bir növ nəvaziş sayıldığı üçün şirk sayılmır.
Sadiq: Qur`anı da öpüb, gözünün üstünə qoyursan?
Malik: Bəli.
Sadiq: Bu əməl şirk sayılmır?
Malik: Xeyr!
Sadiq: Qur`anın cildi adətən kağızdan və ya dəridən olur. Deməli sən, kağızı və ya dərini öpürsən!
Malik: Amma mənim məqsədim müqəvvanı və ya dərini öpmək deyil.
Sadiq: Amma sənin məqsədini bilməyənlər, əməlini şirk sayırlar. çünki sən, heyvan dərisindən hazırlanmış bir cildi öpməklə Allaha şirk qoşursan. Allah taala isə hər şeydən üstündür!
Malik: Xeyr, belə deyil. Qur`an, Allahın kəlamı olduğu üçün mən, ehtiram məqsədilə onun cildini öpürəm. Bu əməl, əsla şirk sayılmır, əksinə Qur`anı bu məqsədlə öpmək savabdır.
Sadiq: Əgər belə düşünürsənsə, bəs nə üçün Peyğəmbəri-əkrəmin (s) və imamların[2] (ə) zərihini öpməyi şirk sayırsan? Bəlkə elə düşünürsən ki, zərihi öpənlər bu dəmiri Allaha şərik qoşurlar? Əgər onlar dəmiri Allaha şərik qoşurlarsa, bəs nə üçün başqa dəmirləri öpmürlər? Cavabı aydındır, çünki onlar, belə düşünmürlər. Zərih, Peyğəmbərin (s) və ya imamların (ə) pak türbətini əhatələdiyi üçün, habelə zəvvarlar bu müqəddəs şəxsiyyətləri yaxından ziyarət edə bilmədikləri üçün onlar, öz eşqlərini zərihi öpməklə büruzə verirlər. Bu əməllərinə görə Allah taala onlara savab da yazır, çünki Peyğəmbərin (s) və imamların (ə) zərihini öpmək, onları uca tutmaqdır və onları uca tutmaq isə həqiqətdə İslam dinini uca tutmaq sayılır. Çünki bu insanlar ömürlərini bu din üçün sərf edibdirlər. İslam dininin əzəmət və ucalığına bais olan hər bir iş, “İlahi nişanə”dir və Allah taala bu barədə buyurur: “Hər kim ilahi nişanələri uca tutsa, həqiqətdə bu, qəlbin paklığını bildirir!”
Malik: Axı nə üçün bə`ziləri sizi müşrik hesab edirlər?
Sadiq: Hədislərin birində yazılıb:
 ﺇنَّمَا الْاَعْمَالُ بِالنِّيّات
Yə`ni, əməllər niyyətə bağlıdır (və niyyət əsasında insana savab və əzab veriləcəkdir.)[3] Buna görə də Allaha şərik qoşmaq niyyətilə zərihi öpən şəxs, müşrikdir. Amma Peyğəmbərə (s) və imamlara (ə) olan məhəbbəti büruzə vermək niyyətilə zərihi öpmək, ilahi əcr və savaba layiqdir. İstəsəniz, şiə və sünnilərdən maraqlana bilərsiniz ki, onlar hansı məqsədlə zərihi öpürlər. Şübhəsiz ki, mənim dediklərimdən başqa bir şey eşitməyəcəksən, yə`ni, onlar, öz məhəbbətlərini büruzə vermək və ilahi savaba nail olmaq üçün zərihi öpürlər.
Malik: Bəli, haqlısınız.
Sadiq: Diqqət yetirin, əgər zərihi öpməkdə niyyət, Allaha şirk qoşmaq deyilsə, lakin bə`ziləi niyyətə e`tina etməyib, əməlin zahirinə görə insanı müşrik heab edirlərsə, onda biz, bütün müsəlmanları müşrik hesab etməliyik. çünki bütün müsəlmanlar ya Qur`anı, ya da zərihi öpürlər. Siz deyin, belə tərzi-təfəkkürlə yer özündə bir nəfər müsəlman tapmaq mümkündürmü?!
Malik: Sizə çox-çox təşəkkür edirəm. Mən, bu mövzunu atam üçün də açıqlayacam, çünki o, mənim bu yanlış əqidəmin səbəbkarıdır.
İndi mənə aydın oldu ki, siz şiələr, bu barədə haqlısınız. Həqiqəti mənə əyan etdiyiniz üçün sizə minnətdaram. Ümidvaram ki, bundan sonra belə ixtilaflı mövzuları araşdırdıqdan sonra düzgün bir qərara gəlim.

İstinadlar

redaktə

[1] “Əl-Miləl vən-nihəl” kitabına, həmçinin “İslamdakı firqələr” adlı kitablara müraciət edin. O cümlədən Həsən ibn Musa Nobəxtinin (Üçüncü hicri qəməri ilinin alimlərindən biridir.) “Firəqüş-şi`ə” adlı kitabına, “İbn Həzm Zahiri” adı ilə tanınmış Əli ibn Əhmədin “Əl-fəslü fil-miləli vəl-əhvai vən-nihəl” kitabına, Əbdül Kərim Şəhristaninin “Əl-miləl vən-nihəl” kitabına və Məhəmməd Xəlilüzzeynin “Tarixül-firəqül-islamiyyə” adlı kitabına müraciət edin.
[2] İmamlarımız, tərtiblə, Əli ibn Əbi Talib, Allah elçisinin nəvələri və cənnət cavanlarının sərvəri və Əli ibn Əbi Talibin (ə) övladları Həsən və Hüseyn (ə) və imam Hüseynin (ə) doqquz övladıdır. İslam firqələrinin mö`təbər bildiyi mütəvatir hədislərə əsasən imamlaır, Qüreyş tayfasından olub, aşağıdakı tərtiblə on iki nəfərdirlər: Əli ibn Əbi Talib, Həsən ibn Əli, Hüsyen ibn Əli, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cə`fər ibn Məhəmməd, Musa ibn Cə`fər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və “Sahibəzzaman” və “Mehdi” ləqəbləri ilə məşhur olan Höccət ibn Həsəndir.
[3] “Səhihi-Buxari”nın 1-ci cildi, 3-cü səh; “Bəd-il vəhyi ila Rəsulillah” adlı birinci bölümdəki 1-ci hədis; Fəxri Razinin “Ət-təfsirül kəbir” kitabı, 4-cü cild, 5-ci səh; Bəqərə surəsinin 112-ci ayəsinin təfsirindəki 4-cü bənd; “Təhzibül-əhkam” kitabının 1-ci cildi, 83-cü səh, “Kitabüt-təharət, övsaful-vuzu” adlı dördüncü bölümdəki 67-ci hədis, həmçinin bu kitabın 4-cü cildi, 184-cü səh; “Niyyətüs-saim” adlı 44-cü bölümdəki 1-ci hədis.

Mənbə

redaktə