Şir indi
Şir indi Müəllif: Aşıq Şirin |
Tablamazsan vallah bağrın çatlayar,
Dünənki çağalar olub şir indi.
Ağlın itib, yoxsa huşun azalıb?
Qoru öz canını, can ki şirindi.
Boş danışma, salma cana azarı,
Yönsüz, qanmaz yolun-izin azarı.
Tökmə üzdən az abırı, az arı,
Tülkü olan bil ki, meydan şirindi.
Yaxşı anla kəl yanında danasan,
Durma daha vaxt-vədəni danasan?
Gözlə bəlkə adını da danasan,
Qarşındakı ustad aşıq Şirindi.