Şirin-şirin (Ağdabanlı Qurban)
Şirin-şirin Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.81 |
Vəhşi maral kimi gəzir səhrada,
Ovçu, ov qaçırdın, an, şirin-şirin.
Nə buyursan mənim üçün xoş gəlir,
Məni ya kölə, ya qul, san şirin-şirin.
Gül üzün görəndə könül şad oldu,
Möhnət artdı, dərdim genziyad oldu.
Ey pərvana, sənə qismət od oldu,
Düşüb ataşlara yan, şirin-şirin.
Sən gedən yollara qurban düzülsün,
Gəlin qulluğuna qılman düzülsün.
Sən canın bəri bax, bu can üzülsün,
Qoy axsın didəmdən qan, şirin-şirin.
Apardı sərimdən əqli-huşumu,
Ahu-fəqan eyliyibsən işimi.
Zarıncı halınan qoyum başımı,
Verim sinən üstə can, şirin-şirin.
Dünyanı yaradan asan yaratdı,
Neçə min dərdlərə dərman yaratdı.
Aşiqi gözələ qurban yaratdı,
Qurbanı qurban et sən, şirin-şirin.