Şirvan ("Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!")

Şirvan ("Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 162. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!
Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!
Özüm aciz deyiləm, şəhrimizin ətvarın
Çəkərəm nəzmə, əgər olsa da hədyan, mənə nə?!
Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli təmam
Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?!
Məhfilü məclisimiz, mədrəsəvü məscidimiz,
Həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?!
Əvəzində buların çayçı, çaxırçı dükanı
Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə?!
Füqəranın qanını çox da sorullar lotular,
Şeyxlər xəlqə satır huriyü qılman, mənə nə?!
Qanmasan sözlərimi jurnala da yazma dəxi,
Məsləhət amma budur, fikr elə, bir qan, mənə nə?!