Şuşam (24.01.2022)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
“Şuşanamə”dən bir yarpaq


Feniks kimi öz külünün içindən

Əzəmətlə qalxıb ucalan Şuşam!

Çörəyini yeyib üzünə duran

Namərd tayfalardan öc alan Şuşam!


Cıdır düzü kimi ürəyi geniş,

Özü zirvədədir, ətəyi eniş.

Ulu Öndərimiz nə gözəl demiş:

“Yağıya uddurar qara qan Şuşam!”


Şuşa, sən bizimsən, bizim Şuşamız!

Beləcə hayqırdı qalib Paşamız:

Aslanlar yurdunda tülkü yaşamaz!

Qovdu tülküləri aradan Şuşam!


Qayası dərd idi, dönüb mərd oldu,

Yağıya ürəyi sərtdən sərt oldu.

Qutlu torpağına saysız ər doldu,

Sinəsi qürurdan qabaran Şuşam!


Gəldi Komandanım, vüqar üzündə,

Dağ kimi ucaldı elin gözündə.

Kişi kimi durdu kişi sözündə,

Səni odur bizə qaytaran, Şuşam!


Həsrətlə gözlərdi Xanın nəğməsin,

Diksindi, eşidib “bismillah” səsin.

Yaman bozarmışdı gözəl çöhrəsi –

Şəhidlər qanından qızaran Şuşam.


Teymur, dalğalanır üçrəng bayraqlar,

Əbədi sürəcək bu gözəl çağlar!

Bir daha dəyməsin murdar ayaqlar –

Türkün torpağıdır hər zaman Şuşam!