Şuşamız
Şuşamız (02.02.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Canımın parçası, canımda canımdır Şuşamız,
Damarımda dolaşan isti qanımdır Şuşamız!
Mən onun gül üzünə baxmaq ilə handa doyam?
Gül gülüstanda olar, gülsitanımdır Şuşamız.
Vətən övladına açmış qucağın yaz günütək,
Yağıya buz kimi sərt, qar-boranımdır Şuşamız.
Xan-vəzir məskənidir, Vaqif ilə fəxr eləyir,
Dövlətimdə vəzirim, həm də xanımdır Şuşamız.
Torpağı musiqidən yoğrulub axır, bilirəm,
Çünki xanəndəmiz olmuş, ozanımdır Şuşamız.
“Nəzmi-nazik, bayatı abi-həyatıymış” onun,
Qarabağ tarixini ilk yazanımdır Şuşamız.
Teymurun könlün açıb doğma Cıdır meydanımız,
Dar günümdə köməyimdir, həyanımdır Şuşamız.