Ədəbiyyatımıza dair
Ədəbiyyatımıza dair (1906) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir.
MOLLA VƏLİ VİDADİ
Qatar-qatar olub qalxıb havaya,
Nə çıxıbsız asimana, durnalar?
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar?
Təsbih kimi qatarınız düzərsiz,
Havalanıb ərş üzündə süzərsiz,
Gah olur ki, danə-xurə gəzərsiz,
Siz düşərsiz pərişana, durnalar!
Ərz eləyim bu sözümün sağıdır,
Yollarınız həramıdır, yağıdır,
Şahin, şunqar sürbənizi[1] dağıdır,
Boyanarsız qızıl qana, durnalar!
[1] Sürbə — sürü, dəstə və qatar mənasınadır. Durna sürüsünə "sürbə" deyilir.
Əzəl başdan Bəsrə, Bağdad eliniz,
Bəylər üçün ərməğandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!
Bir baş çəkin dərdməndin halinə,
Ərzə yazsın, qələm alsın əlinə,
Vidadi xəstədən Bağdad elinə
Siz yetirin bir nişana, durnalar!
MOLLA PƏNAH VAQIF
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz, bizə, durnalar!
Sizə müştaq olub Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qafil telləri,
Heyifdir, salarsız düzə, durnalar!
Xeyli vaxtdır yarın fərağındayam
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün gözə, durnalar!
Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzər kəsibən ziyan verməsin,
Saqın gəzin, laçın gözü görməsin,
Qorxuram səfnizi poza, durnalar!
Nazənin-nazənin edərsiz avaz,
Ruh [da] tazələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz,
Hərdəm sizin ilə gəzə, durnalar!
QASIMBӘY ZAKİR
Bir saat havada qanad saxlayın,
Rəhm edin didəmdə yaşa durnalar!
Qatarlaşıb hansı yerdən gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Bu vilada hər gün tökülür qanlar,
Yavaş-yavaş keçin, səsniz anılar,
Laçın yatağıdır bizim məkanlar,
Qorxuram sürbəniz çaşa, durnalar!
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib, ağlaram,
Mən də sizin kimi qəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!
Mən sevmişəm yarın ala gözünü.
Nəsib ola bir də görüm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?
Zakirəm, od tutub alışdı ciyər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!
Əgərçi bu mürəbbeatın iki axırıncısı əvvəlkinə nəzirədir və lakin bunlardan birini o birilərinə tərcih vermək çətindir. Çünki hər bir şairin kəlamının məxsusi bir şivəsi vardır. Hər bir şair öz qəlbinin və təbinin iqtizasınca göy üzündə qatar ilə uçan durnalara üz tutub, öz hali-dilini ərz qılır. Vidadi xəstə öz hüzn-ələmindən və şikəstəxatirliyindən dəm vurub elə zənn eləyir ki, durnalar dəxi həmişə qəm və ələmə mübtəla olub, oxuduqları nəğmələr fərəh və şadlıq ucundan olmayıb, qəm və qüssədən naşi ah və nalələrdir. O səbəbdən şair onlara xitab edib deyir:
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar?
Onların şirin dili Vidadinin ürəyini parça-parça eləyir:
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!
Burada şan-şan, yəni parça-parça əvəzinə vəzni-şer düz gəlmək üçün şana-şana yazılıbdır. Vaqif dəxi həmçinin öz qəlbində olan hissiyyati-təbiisindən söz açıb durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu ala gözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? Onlara belə deyir:
Xeyli vaxtdır yarın fərağındayam,
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün gözə, durnalar!
Durnaların oxumağı Vaqifə hüzn gətirməyir və könlünü pərişan qılmayır, onların avazı şairin ruhunu təzələndirir və onu dövrə qalxmağa, ərş üzündə onlarla seyr və səyahət etməyə təhrik qılır:
Nazənin-nazənin edərsiz avaz,
Ruh da tazələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz,
Hərdəm sizin ilə gəzə, durnalar!
Məlum ola ki, nə qədər ki, Molla Pənah Vaqif əhli-zövq və səfa idi, beş günlük ömrünü fürsət bilib istərdi ki, onu eyşi-işrətdə keçirib, könlündə bir həsrət və arzu qoymasın, bir o qədər də onun dusti-həqiqisi Molla Vəli Vidadi dünyanın zövq və səfasına bel bağlamayıb, onun bivəfa olmasından mütənəffir və məyus idi, qəlbi və meyli axirət dünyası ilə olub, ibadət və riyazətlə ömr keçirməyi beş günlük eyş-işrətə tərcih qılırdı. Necə ki, bu barədə şair özü buyurubdur:
Fikr etsən əyər dəhrin işi bəhri-bəladır,
Bir dürri-giranmayəsi min cana bəhadır,
Hər nəqşi bir ayineyi-isbati-fənadır,
Məqsudi-dü aləm yenə təhsili-rizadır.
Bir cam yetir, saqi ki, dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.
Qasımbəy Zakirə gəldikdə, o da Molla Pənah kimi durnalardan xahiş eləyir ki, ondan ehtiyat etməsinlər və onu özlərinə həmsirr, yoldaş və rəfiq hesab etsinlər:
Diyari-qürbətdə müddətdi varam,
Gecə-günduz canan deyib ağlaram,
Mən də sizin kimi qəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!
Amma hər üç şairin durnalara yazığı və rəhmi gəlib dostluq və mehribanlıq üzü ilə onlara tapşırırlar ki, bu yerlər xatalı yerlərdir. Burada durmasınlar və səslərini çıxartmayıb, ahəstə keçib getsinlər və illa şahin və laçın duyuq düşüb onların sürbəsini dağıdar və qızıl qana boyar.
Vidadi deyir:
Şahin, şunqar sürbənizi dağıdar,
Boyanarsız qızıl qana, durnalar!
Vaqif deyir:
Saqın gəzin, laçın gözü görməsin,
Qorxuram səfnizi poza, durnalar!
Zakir deyir:
Laçın yatarıdır bizim məkanlar,
Qorxuram sürbəniz çaşa, durnalar!
Mühəssəlülkəlam, hər bir şairin kəlamında özgə bir lətafət və başqa bir hiss və məlahət var ki, əhli-dil və ərbabi-zövq və kamal onları oxuduqda dərk eləyir və hər o şey ki, qəlb ilə hiss olunur, bəzi vaxt yazmaq və sevilməklə ifadə olunmaz, təqrir və bəyana gəlməz.