Ədəbiyyatımıza dair məktub
Ədəbiyyatımıza dair məktub (1904) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
Vaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:
Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,
Rəsid şiraziyanra bər fələk naz[1].
[1] Tərcüməsi:
Üçüncü, Sədidir ki, Şirazda özünü göstərəndə şirazlıların nazı fələkə çatdı.
Həqiqətdə Sədi kimi ədibi-binəzirin və sahibi-hikmət və vücudun adı ilə iftixar edib, fələkə də naz etmək olar….
Ancaq bu qədər var ki, Sədinin əsərləri bir Şiraz əhlinə və fars millətinə mütəəlliq olmayıb, bəlkə cəmi mədəni tayfalara və millətlərə hüsn xidmət göstərir. Buna görə Sədi dəxi bir şirazlıların olmayıb, bəlkə cəmi aləmin mürəbbisi və filosofu hesab olunur və habelə Tolstoy, Şekspir, Göte və qeyriləri…. Bunların təəllüqü cəmi aləmə çatar, bir millətə və tayfaya çatmaz. Bunlar ümum xəlayiq və insaniyyət müəllimi və mürəbbisidirlər, nəinki məhz bir millət ədibi və şairi. Şeyx Sədi əleyhirrəhmə öz vəzifəsini və öhdəsinə götürdüyü böyük təklifi kamalınca bilib nəinki bir şirazlılara və yainki əhli-əcəmə, bəlkə ümum nasa gözəl nəsihətlər və hikmətamiz sözlər deyib timsal götürüb, hekayələr nəql edib deyir ki, ey adəm övladı, sizi həqqə irşad edən və nicat və salamatlığa yetirən yol budur, həqiqətdə adam isən, bu yol ilə get və nəsihətlərimi dərguş qıl.
Pənde-Sədi bequşe-can beşino,
Rəh çinin əst, mərd başu bero[2].
[2] Tərcüməsi:
Sədinin nəsihətini bütün varlığınla eşit,
Yol belədir, kişi ol və get.
Həqiqi şair öz zəmanəsinin aynasıdır və Puşkinin deməyinə görə, şair qayalardan və dərələrdən gələn əks-səda mənziləsindədir. Necə ki, heyvanın bağırtısına, göyün gurultusuna və çobanın uca avaz ilə bayatı çağırmasına əks-səda cavab verib hər bir sövtü eyni ilə təkrar edir, həmçinin həqiqi şair dəxi öz camaatının hər qisim sədasına, xah o səda suznak nalə və fəryad olsun və xah fərəhəngiz; bəşaşət və şadyanalıq səsi olsun, gərəkdir eyni ilə cavab verə; öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə; təsirli kəlamı ilə onu qəflətdən bidar edib, tərəqqi və maarif səmtinə cürət və cəsarət ilə dəvət edə. Amma hər kəlamın təsiri o vaxt dürüst və təbii olar ki, onun mənbəyi şairin ürəyi və zəmiri-safi ola. Ağıl və zor ilə yazılmış kəlam nə qədər mövzun və müsəlsəl olsa da, oxuculara təsir edə bilməz. Hissiyyati-qəlbiyyə bəlağət və fəsahətin əvvəlinci müəllimidir. Hər bir müəllif və şairin baş arzusu qarelərin qəlblərini təsxir etməkdir və bu arzuya vasil olmaq ancaq o vaxt mümkün olar ki, əşar və asarın törənəcək yeri hissiyyat ola və hissiyyat nə qədər ali və təbii olsa, bir o qədər kəlamın təsiri artıq olacaqdır.
Azərbaycan şairlərindən Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasımbəy Zakirin və Hacı Seyid Əzim Şirvaninin kəlamları cümlə əhli-savada və sahibi-kəmalımıza xoş gəlir. Bu müntəxəb şairlərin qələmlərindən hər nə zühurə gəlibsə, demək olar ki, can riştəsi ilə və ürək qanı ilə təhrir və tənzim olunubdur. Əgər həqirə irad tutulsa ki, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin əşar və əbyatı əksəriyyətlə mədhi-hüsn və eşqi-dilbər barəsində olub, özgə bir ruha qida, ağla qüvvət, fikir və xəyala hərəkət və vüsət verən əsərlər yoxdur, cavabında deyəcәk sözlərimiz bu olacaqdır ki, əvvəla, bunlar öz əsrlərinin təqazasına müvafiq rəftar ediblər və hər nə ki, yazıblar, — xah müxəmməsat, xah müstəzad, xah qəzəliyyat və rübaiyyat, — təmamisi səmimi-qəlbdən və hissiyyati-həqiqi ilə bəhəmə gələn əsərlər olubdur. Belə ki, bunların mütaliəsi hər əhli-zövqə təsir edə bilir. Və saniyən, Vaqifin və Vidadinin mədhi-hüsn babində yazılan əsərlərindən əlavə, xeyli əşar və əbyatları dəxi vardır ki, onlarda keçmiş əsrin ayin və adatı və adamlarının adab və əxlaqı və dolanmaları artıq məharətlə rişteyi-nəzmə çəkilib, gələcək nəsil üçün böyük yadigar məqamındadırlar. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıqları namələri möhtərəm oxucular mütaliə buyursalar, sözümüzü təsdiq edərlər. Molla Pənah Vaqifin tərifi-çuxa, nimtənə, kürk, şalvar və tüfəng və tərifi-Tiflis və vəsfi-hamam və mədhi-valiyi-Gürcüstan barəsində yazdığı müxəmməslər bəzilərə boş və biməzmun gəlirsə, həqiqətdə əhli-mərifət nəzərində bimisl əsərlərdir. Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, adab və əxlaqını, əlbisə va ətiməsini, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza və dəstgahını ustadi-bimisl olan Vaqif gözəl əşar və kəlami-abdari ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoyubdur. Bunlardan maəda Vaqifin əbnayi-vətənə vəz və nəsihət səpgisində yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb, oxucuların bir yandan təhsin və tərifinə və bir yandan heyrət və əndişəsinə səbəb olacaqdır. Həmən müxəmməsdən bir bəndi göstərməklə iktifa edirik:
Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-[qəmü] dərdi-fəraq.
Cifəyi-dünyayadır hər ehtiyacü iştiyaq,
Munca kim, etdim tamaşa, zillərə asdım qulaq,
Kizb, böhtandan savayı bir hekayət görmədim.
Görəsən, aya, bu sözlər hansı əqvam və miləl arasında məzmundan düşüb cifəyi-dünyaya ehtiyac və iştiyaq olmayacaqdır və adamların əmal və əqvalında kizb və böhtan əvəzinə doğruluq və düzlük işlənəcəkdir? Tutalım ki, sədaqət və düzlük yoxdur, bəlkə adəm atanın övladı arasında həqşünaslıq, şükrannemət, qeyrət, hümmət, şərm, həya, etibar və etiqad var. Heyfa ki, şair bunların da yoxluğunu təsdiq edib, bizi məyus və məlul eləyir. Budur, oxuyun:
Gün kimi bir şəxsə gündə xeyr versən, səd həzar,
Zərrəcə etməz ədayi-şükrnemət aşikar.
Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar,
Dedilər ki, etibarü etiqad aləmdə var,
Bundan ötrü mən də çox gəzdim, nəhayət, görmədim?
Filhəqiqə, acı və hüznavər sözlərdir və filhəqiqə ürəkdən çıxan suznak nalə və fəryaddır! Amma nə qədər acı və əziyyətli isə də həq və doğrudur, bunları batil etməyə əldə bir çarə və dəlilimiz yoxdur. Etiqad və etibar, qeyrət və namus özgə millətlərdə varsa da, biz müsəlmanlarda yoxdur. Və illa belə zəlalət və fəlakətdə qalmazdıq və bu ana qədər biz də bir ağ günə çıxardıq.
Qasımbəy Zakirin və Hacı Seyid Əzimin barəsində özgə bir vaxtda danışarıq. Bu iki vücud Azərbaycan şüəra və üdəbasının ən məşhuru və ən müntəxəbi hesab olunur. Azacıq sözlər ilə bunların tövsif və tərifi və əsərlərinin dərəcəyi-əhəmiyyəti təqrirə gələsi deyil.
İndiki şairlərimizə gəldikdə, onların təbi-şerləri barəsində bir sözümüz yoxdur; təbləri mövzun, fikirləri gözəl, niyyətləri məqbul və müstəhsən olmağına şübhəmiz yoxdur. Bunların hamısı var. Ancaq şerə lətafət və məlahət verən hissiyyati-həqiqi və zövqi-təbii yoxdur va buna da səbəb anladığımıza görə odur ki, bu ərbabi-bəlağətlərimiz bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr ilə onu tərif və tövsif etməyə sərfi-hümmət qılırlar. Məsələn, "elm". Bu halda bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zərur olmasını inkar edə. Avamdan dəxi sual olunsa ki, şeyin elmi yaxşıdır, yoxsa cəhli, bişək və laşübhə deyəcәkdir ki, elmi yaxşıdır. Belə olan surətdə uzun-uzun şerlərdə elmi və kamalı tərif etməyə nə hacət var. Xah Avropanın və xah məşriq-zəminin məşhur ədibləri və namdar şairləri "elmi" və ya "məktəbi" sərməşq tutub, öz təlifat və əsərlərində bunları tərif etməyiblər. Gözəl nəsihətlər, hikmətamiz hekayələr, vətənə məhəbbət, millətə xidmət, təvarixdən şayani-diqqət əhval və rəvayətlər, dostluqda sədaqət, əhdə vəfa etmək və bunlar misilli min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsiləyi-təbinə hərəkət versə daha ziyadə mərğub olmazdımı?