Ədəbiyyat nəhəngi

Ədəbiyyat nəhəngi
Müəllif: İsa Həbibbəyli
Sister Projects. Həmçinin baxın: Haqqında • Sitatları Mənbə: Azərbaycan.-2012.- 23 oktyabr.- S.6.


Dünyada böyük ədəbiyyatların geniş şöhrət qazanmış nəhəng yaradıcıları vardır. Görkəmli yazıçı və ictimai xadim Məmməd Səid Ordubadi də çoxəsrlik tarixi və davamlı ənənələri olan Azərbaycan ədəbiyyatının nəhəng ədəbi simalarından biridir.

Keçmiş Sovetlər İttifaqının dövründə Azərbaycanın görkəmli yazıçıları ilə dünyanın digər ölkələrinin böyük ədibləri arasında müqayisələr aparılarkən ədəbi meyarlardan daha çox ideoloji tələblər yada düşürdü. "Azərbaycan ədəbiyyatının Şekspiri", "Azərbaycan ədəbiyyatının Qoqolu", "Azərbaycan ədəbiyyatşünaslığının Belinskisi" kimi ifadələr işlədilən zaman bənzədilən yazıçının, yaxud alimin sənətinin və ya elminin böyüklüyü, qüdrəti deyil, Qərb, yaxud rus ədəbiyyatının adı çəkilən görkəmli nümayəndəsindən Azərbaycan ədibinin geniş ölçüdə təsirlənməsi, faydalanması yada salınırdı. Halbuki həmin məqamlarda təsirlənmək, öyrənmək məsələnin çox az bir qismini təşkil edirdi və ya əslində, əksər təsadüfi məqamlarda səslənmə üst-üstə düşürdü. Beləliklə, ölkəmizin adlı-sanlı, orijinal yaradıcılığa malik olan elm və ədəbiyyat xadimlərinin böyük xidmətlərinin müqabilində onların təsirləndikləri (əgər təsirləniblərsə - İ.H.) amil ictimai mühitin diqqət mərkəzində dayanırdı. Bu isə öz növbəsində Azərbaycan yazıçıları və alimlərinin yaradıcılıq özünəməxsusluğunun, bənzərsiz sənət aləminin arxa plana keçirilməsi, bəzən hətta kölgədə saxlanılması ilə nəticələnirdi. Halbuki elm və sənət adamlarının bir-birlərindən öyrənmələri, birinin digərinə istinad etməsi, qarşılıqlı təsir məsələləri konkret epoxanın ədəbi mühitinin təbii bir prosesi sayılmalıdır. Keçmiş sovet ideologiyası dövründə bu müqayisə birtərəfli qaydada aparıldığı və hakim ideologiyanı təmsil edən tərəfin təsir imkanları qat-qat şişirdildiyi üçün elmi əsaslardan məhrum idi və ona görə də sovet hökuməti hələ dağılmamışdan bu tip müqayisələr demək olar ki, elmi dövriyyədən çıxarılmışdı.

İndi müstəqillik dövründə həmin qəbildən olan müqayisələrə ehtiyac qalmamışdır. Hazırda belə müqayisələr aparılarsa, müəyyən elmi əsaslara malik olmalı, heç cür ideoloji mahiyyət daşımamalıdır. Bu baxımdan biz elm yönlü daha bir müqayisə tipli təqdimata ehtiyac duyuruq. Fikrimizcə, bir çox cəhətdən görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadini bəzi cəhətlərinə görə dahi rus ədibi Lev Nikolayeviç Tolstoyla müqayisə etmək olar. Bizə görə Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatının Tolstoyudur. Biz bu müqayisə və ya bənzətmə ilə nələri nəzərdə tuturuq?

Məlumdur ki, ötən yüz il ərzində Məmməd Səid Ordubadini rus ədəbiyyatının dünya mədəniyyətinə və ictimai fikrinə bəxş etdiyi Lev Nikolayeviç Tolstoyla müqayisəsi hadisəsinə təsadüf etməmişik. Lev Tolstoyla (1828 -1910) Məmməd Səid Ordubadinin (1872-1950) yaşayıb-yaratdıqları dövrlər də tam olaraq üst-üstə düşmür. Dahi Tolstoy dünyasını dəyişəndə Məmməd Səid Ordubadi hələ əsasən şeirlər yazır, satirik publisistika ilə məşğul olurdu. Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", "Qılınc və qələm" romanları yazılanda Lev Tolstoyun məşhur əsərlərini, xüsusən, "Anna Karenina" və "Hərb və sülh" romanlarını Azərbaycan dilində oxumamışdı. Məmməd Səid Ordubadinin Lev Tolstoyla müqayisəsində istinad etmək, təsirlənmək motivləri nəzərə çarpmır. Biz bu müqayisədə aşağıdakıları nəzərdə tuturuq:

Böyük Lev Tolstoy rus ədəbiyyatının tarixində malik olduğu səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid Ordubadi də Azərbaycan ədəbiyyatında həmin mövqeyə sahibdir. Məmməd Səid Ordubadinin məşhur tarixi romanları, xüsusən, "Dumanlı Təbriz", "Qılınc və qələm" özünün monumentallığına, əzəmətinə görə, epoxanın eposunu yaratmaq xüsusiyyətlərinə görə Lev Tolstoyun "Hərb və sülh" romanı ilə müqayisə oluna bilər. Fikrimizcə, bu məqamda şərtilik mənası ifadə edən "müqayisə oluna bilər" ifadəsini işlətmək yerinə düşür. Doğrudur, ayrı-ayrılıqda "Dumanlı Təbriz" romanı ilə, yaxud da "Qılınc və qələm"lə Lev Tolstoyun "Hərb və sülh" romanı yanaşı qoyulduqda Tolstoyun əsəri daha üstün görünür. Bütün reallıqlarla bərabər, bu, həm də ona görədir ki, bizlərin təsəvvürlərində gerçək bir Lev Tolstoy ucalığı, əlçatmazlığı mövcuddur. Məmməd Səid Ordubadi özü də hələ 1908-ci ildə "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi bir məqaləsində etiraf etmişdi ki, "...yer üzündə indiyədək heç bir kəs yazıçılıqda qraf Tolstoy kimi hörmət və şöhrət qazanmayıb". Həmin möhtəşəmliyi ilk növbədə ədəbiyyat sahəsindəki qeyri-adi böyük xidmətləri ilə Lev Tolstoy özü parlaq, ölməz əsərləri ilə qazanmışdır.

Bundan başqa, Lev Tolstoyun böyük ədəbi şöhrətində onun çoxmilyonlu rus xalqının qüdrətli təmsilçisi olması amili də mühüm yer tutur. Bununla belə, Lev Nikolayeviç Tolstoyun dünya şöhrəti qazanmasında rus elminin də danılmaz xidmətləri vardır. Lev Tolstoyun həyatı və yaradıcılığı haqqında Rusiyada və dünya ölkələrində yazılmış elmi əsərlərdən geniş bir kitabxana yaratmaq mümkündür. Tolstoyşünaslıq artıq təkcə rus ədəbiyyatşünaslığının deyil, dünya elminin əsas tədqiqat obyektlərindən birinə çevrilmişdir. Bundan başqa, Rusiyada Lev Tolstoyun əsərlərinin dünyanın aparıcı xalqlarının dillərinə tərcümə olunması sahəsində də bir əsrdən çoxdur ki, ardıcıl və səmərəli iş aparılır. Rus dili özü də beynəlxalq dil statusunda olduğu üçün Lev Tolstoyun əsərlərinin Yer kürəsinin müxtəlif qütblərində orijinaldan oxunub qiymətləndirilməsinə şərait yaradır. Heç şübhəsiz ki, bu müqayisəyə Lev Tolstoyun əsərləri əsasında çəkilmiş filmləri, hazırlanmış səhnə əsərlərini də cəlb etsək, bizim bir çox qüdrətli sənətkarlarımıza, o cümlədən Məmməd Səid Ordubadiyə nə qədər borclu olduğumuz ciddi fərqlə nəzərə çarpar.

Məmməd Səid Ordubadiyə münasibətdə isə tamamilə fərqli mənzərənin şahidi oluruq. Əvvəla, Məmməd Səid Ordubadinin tam külliyyatı hələ ki çap edilib xalqa çatdırılmamışdır. Böyük ədibin 1964-1967-ci illərdə kiril əlifbası ilə nəşr olunan səkkizcildliyi yazıçının əsas əsərlərini əhatə etsə də, onun arxivlərdə saxlanılan və ya XX əsrin birinci yarısının dövri mətbuatında çap olunmuş əsərlərinin çox hissəsi hələ ki kitablara çevrilməmişdir. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, XX əsrin əvvəllərinin dövri mətbuatında Məmməd Səid Ordubadinin az qala hər gün, hətta bəzən bir gündə bir neçə məqaləsi, şeiri, felyetonu çap olunmuşdur. Böyük ədibin publisistikası bir neçə cild kitab üçün material verə bilər. Bundan başqa, Məmməd Səid Ordubadinin Azərbaycan Milli Elmlər Akademiyasındakı Əlyazmaları İnstitutunun fondundakı şəxsi arxivində onun çap olunmamış saysız-hesabsız əlyazmaları mövcuddur. Ümumiyyətlə, Məmməd Səid Ordubadinin dram əsərləri, çoxsaylı publisistikası, memuarları, şeirlərinin əksəriyyəti, ədəbi-tənqidi məqalələrinin böyük bir qismi, hətta bəzi yeni üzə çıxarılmış nəsr əsərləri kitab halında nəşrini gözləyir.

Fikrimizcə, məktubları da daxil olmaqla Məmməd Səid Ordubadinin tam külliyyatının 15 cilddə nəşrinə ehtiyac vardır. Reallıq belə olduğu halda, indiki vəziyyətdə Məmməd Səid Ordubadinin latın qrafikası ilə yalnız "Qılınc və qələm", "Qanlı sənələr" əsərlərinin çap edilib oxuculara çatdırılması ilə böyük ədibi nəinki dünya miqyasına çıxarmaq, heç Azərbaycanda da layiq olduğu səviyyədə tanıtmaq mümkün deyildir. Azərbaycanda ilk dəfə olaraq milli tarixi roman məktəbi yaratmış Məmməd Səid Ordubadi oçerkinin də on illər bundan əvvəl orta məktəb dərsliklərindən çıxarılması yeni nəslin bu görkəmli yazıçıdan az qala xəbərsiz olmasına gətirib çıxaracaqdır. Ədibin əsərlərindən yalnız bəzi örnəklərin rus və fars dillərinə tərcüməsindən başqa dünya dillərinə tərcümə baxımından əlimizdə heç bir fakt yoxdur. Məmməd Səid Ordubadinin zəngin və çoxcəhətli irsi ilə müqayisədə ədəbiyyatşünaslıq sahəsində aparılan tədqiqatlar da yetərincə deyildir.

Son yüz ildə Azərbaycan ordubadşünaslığı əsasən tanınmış ədəbiyyatşünaslardan Yavuz Axundlu, Fəridə Vəzirova, Tofiq Rüstəmov, Əkbər Məftun, Bəxtiyar Əsgərov, Nuridə Bağırovanın və başqalarının tədqiqatlarından ibarətdir. Həmin araşdırmaların əksəriyyəti isə kiril əlifbası ilə kitab halında nəşr olunduğundan və keçmiş sovet ideologiyası dövrünə təsadüf etdiyindən demək olar ki, hazırda elmi dövriyyədən kənarda qalmışdır. Artıq iyirmi ilə yaxındır ki, Azərbaycan ordubadşünaslığını Prezident təqaüdçüsü, əməkdar müəllim, filologiya elmləri doktoru, professor Yavuz Axundlu təmsil edir. Professor Yavuz Axundlu Azərbaycan ədəbiyyatşünaslığında tarixi romanın elmini yaratmış görkəmli tədqiqatçıdır. Azərbaycanda tarixi roman janrının inkişaf yolunun sistemli şəkildə öyrənilməsi və elmi-nəzəri tədqiqi Yavuz Axundlunun adı ilə bağlıdır. Tarixi romanlara həsr etdiyi tədqiqatları ilə o, bu janrın elmi epopeyasını yaratmışdır. Yavuz müəllimin tarixi romanlara həsr olunmuş tədqiqatlarında Məmməd Səid Ordubadinin həmin janrda yazılmış sanballı əsərlərinə də geniş yer ayrılmış, obyektiv elmi qiymət verilmişdir. Bundan başqa, professor Yavuz Axundlu 2007-ci ildə Bakıda nəşr etdirdiyi "Məmməd Səid Ordubadi" monoqrafiyası ilə böyük ədib haqqında ədəbiyyatşünaslıq elmində mövcud olan boşluğun qismən də olsa aradan qaldırılmasına imkan yaratmışdır. Yavuz Axundlunun 2012-ci ildə Bakıda "Elm və təhsil" nəşriyyatında təkmilləşdirildikdən sonra yenidən nəşr olunmuş "Məmməd Səid Ordubadi" monoqrafiyası müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elmində Məmməd Səid Ordubadiyə həsr olunmuş yeganə sanballı monoqrafik tədqiqat kimi mühüm əhəmiyyətə malikdir. Təqdim olunan monoqrafiya Azərbaycan cəmiyyətində, xüsusən, yeni nəsillər arasında Məmməd Səid Ordubadi haqqında əhatəli elmi fikrin yenidən formalaşdırılmasına, mövcud təsəvvürlərin daha da dərinləşdirilməsinə və genişləndirilməsinə uğurla xidmət edir. Professor Yavuz Axundlunun "Məmməd Səid Ordubadi" monoqrafiyasında tədqiqatçılıqla, araşdırma ilə elmi təhlilin sintezi bu monoqrafik əsərin qiymətli ədəbiyyatşünaslıq nümunəsinə çevrilməsini səciyyələndirir. Bu, yaşı doxsana doğru gedən professor Yavuz Axundlunun həyat eşqinin, axtarış ruhunun, yorulmaz elmi fəaliyyətinin, fədakarlıq nümunəsi olan zəhmətkeşliyinin də sanballı bir göstəricisidir.

Bir daha yazımızın əvvəlindəki Məmməd Səid Ordubadinin böyük sənət dühası Lev Tolstoyla müqayisəsi məsələsinə qayıdırıq. Heç şübhəsiz, belə bir müqayisə yalnız şərti mənada başa düşülməlidir. Lev Nikolayeviç Tolstoy hələ sağlığında ikən dünya ədəbiyyatının qüdrətli təmsilçilərindən biri kimi qəbul olunmuşdu. Məmməd Səid Ordubadinin isə Azərbaycanda unudulmaması üçün, dünyaya tanıtmaqdan ötrü hələ çox iş görməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi haqqında"kı 10 aprel 2012-ci il tarixli sərəncamı qüdrətli sənətkarın milli ədəbi-ictimai fikirdə yüksək xidmətləri səviyyəsində mövqeyini daha da möhkəmləndirmək və bu ədəbiyyat nəhəngini yaxın və uzaq xaricə təqdim etmək baxımından geniş meydan açır.

Məlum olduğu kimi, Məmməd Səid Ordubadi bədii yaradıcılığa hələ XIX əsrin axırlarında əsasən şeirlə başlamışdır. Onun böyük ədibimiz Cəlil Məmmədquluzadənin yaratdığı Tiflisdəki "Qeyrət" nəşriyyatında çap etdirdiyi "Qəflət" (1906) və "Vətən və hürriyyət" (1907) kitabları klassik şeir formasında olsa da, yeni ideyaların sintezindən yoğrulmuş bədii nümunələrdən ibarətdir. XX əsrin əvvəllərində böyük demokrat Cəlil Məmədquluzadənin "İranda hürriyyət" (1906) hekayəsindən sonra hürriyyət, azadlıq sözü Məmməd Səid Ordubadinin "Vətən və hürriyyət" kitabında sərlövhəyə, manşetə çıxarılmışdı. Bu kitabdakı vətənpərvərlik ruhunda milli düşüncə ilə yazılmış şeirlər yeni şeirin ibtidası kimi səsələnirdi:


 Dur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,

Sənə yoxdur səmər hərgiz bica bu istirahətdən.

...Gözün var isə hürriyyət ziyasından götür hissə,

Yaşa insanca, insanlartək azad ol əsarətdən.

Təlaş əyyamı, hürriyyət zamanı, iş məqamıdır,

Mənə söylə görüm kim müstərih olmuş səfalətdən?

Nə yatdın, ey müsafir? Sübh açıldı, karvan köçdü,

Özüntək pürxətər mənzil, səmər yoxdur bu rahətdən.

... Gəl, qardaş, ataq qəfləti bilmərrə kənarə,

Bir az da qəflət qala, olmaz dəxi çarə...

Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət,

Avarə qoyan bizləri qəflətdi, bu qəflət.

 

Məşhur "Molla Nəsrədin" jurnalı "Vətən və hürriyyət"in müəllifinin dadi-qəflət haqqında şikayətlərdən ictimai satiraya keçidi üçün mühüm sənət körpüsünə çevrilmişdir. Ədib əsasən "Molla Nəsrəddin" jurnalında və XX əsrin əvvəllərində çap olunan digər mətbuat orqanlarında təxminən dörd mindən çox şeir və felyeton çap etdirmişdir. O, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin, sənət cəbhəsinin ən görkəmli və fəal üzvlərindən biri idi. Həyatının müəyyən dövründə Cəlil Məmmədquluzadə ilə aralarında müəyyən fikir ayrılığının olmasına baxmayaraq, Məmməd Səid Ordubadi ardıcıl olaraq, axıradək "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etmiş, mollanəsrəddinçi realist-satirik ədəbiyyatın sənətdə tənqidi-realist düşüncənin inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. "Biz ona xatircəm idik və bilirdik ki, bu məcmuə yaşayacaqdır" deyən Məmməd Səid Ordubadi "Molla Nəsrəddin" məktəbi zəminində yetişib formalaşmış, lakin Azərbaycan romançılığı sahəsindəki xidmətləri ilə böyük şöhrət qazanmışdır.

Məmməd Səid Ordubadi XX əsr Azərbaycan realist nəsrinin qüvvətli yaradıcılarından biridir. "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) keçən əsrin əvvəllərində meydana çıxmış "kiçik roman" formatındakı Azərbaycan romanının böyük nümunəsidir. Bu əsər Azərbaycan ədəbiyyatında artıq Şərq tipli gedişatın mümkünsüzlüyünü, qərbləşmə meyillərinin çətinliklərini, bütövlükdə yeniləşmə proseslərinin zəruriliyini meydana qoyan ilk romandır. Mirzə Fətəli Axundovun "Kəmalüddövlə məktubları"nda və "Aldanmış kəvakib" əsərində zamanına görə dərin qatlarda ifadə olunan məntiqi gerçəklik XX əsrin əvvəllərində zəmanənin yaratdığı şəraitə əsasən Məmməd Səid Ordubadinin "Bədbəxt milyonçu" romanında xeyli dərəcədə açıq şəkildə ifadə olunmuşdur. Fikrimizcə, romandakı Rzaquluxan-Balacaxanım xətti əsərə real həyat materialının gətirilməsi ilə yanaşı, müəllifin izlədiyi əsas siyasi qayənin məişət motivi fonunda zahirən arxa plana keçirilməsi məqsədinə də xidmət edir. "Bədbəxt milyonçu" əsərində yazıçının mövqeyi heç də firəngiməablığın birmənalı şəkildə müdafiə olunmasından və ya tənqid edilməsindən ibarət olmayıb, Azərbaycan mühitinin Qərb meyilli inkişafının real gerçəkliyi, milli psixologiyanı, təkamül proseslərini nəzərə almadan mümkün olmamasını önə çəkməsi ilə bağlıdır. Bu isə öz növbəsində həm milli ədəbiyyatda, bundan qabaq isə həm də bütövlükdə Azərbaycan ictimai mühitində yeni inkişaf mərhələsinin başlanmasının ifadəsi demək idi.

Görkəmli yazıçı Məmməd Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisidir. Məmməd Səid Ordubadinin tarixi romanları ilə Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri də formalaşmışdır. Böyük tarixi romançı Məmməd Səid Ordubadinin romanlarından hər biri əhatə etdiyi epoxanın kamil sənət güzgüsüdür. "Qılınc və qələm" tarixi romanı (1946) Azərbaycan tarixinin Nizami dövrünün ədəbi salnaməsidir. "Qılınc və qələm" tarixi romanında Məmməd Səid Ordubadi qılıncın məsuliyyətini və şərəfini qələminin qüdrəti ilə isbat etmişdir. Böyük sənətkarlıqla yazılmış bu möhtəşəm bədii əsər Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır. Əsərdəki obrazlar tarixiliklə bədii təfəkkürün vəhdətindən yoğrulmuş parlaq, bənzərsiz surətlər kimi Azərbaycan ədəbiyyatını zənginləşdirir. "Qılınc və qələm" tarixi romanı XII əsr tarixinin də misilsiz zəngin mənbəyi sayılmağa layiqdir. "Qılınc və qələm" tarixi romanı ədəbiyyatşünaslar üçün olduğu qədər tarixçilərdən ötrü də əhəmiyyətli qaynaqdır. "Qılınc və qələm" Nizami Gəncəvinin və müasirlərinin romanı, Nizami epoxasının ədəbiyyat üslubunda yazılmış tarixidir. Məmməd Səid Ordubadi hələ keçən əsrin 30-40-cı illərində keçmiş sovet ideologiyasının xalqa soykökünü, tarixini unutdurmaq, manqurtlaşdırmaq vəzifələrini dövlət səviyyəsində həyata keçirdiyi bir zamanda "Qılınc və qələm" tarixi romanını yazmaqla Azərbaycanda milli-mənəvi özünüdərk proseslərinin tarazlığını qoruyub saxlamağa, dərinləşdirməyə şərəflə xidmət göstərmişdir.

"Dumanlı Təbriz" tarixi romanı (1933-1938) Azərbaycanda milli azadlıq hərəkatının tarixini və ideallarını əks etdirən və yaşadan böyük ədəbi hadisədir. Məşrutə hərəkatı dövrünün tarixi də, ədəbiyyatı da son yüz ildə özünün ən parlaq əksini "Dumanlı Təbriz" əsərində tapmışdır. Məmməd Səid Ordubadi sadəcə Səttarxan hərəkatına rəğbət bəsləməklə qalmamış, həmin hərəkatın fəal iştirakçısı, bir çox hallarda görkəmli sərkərdənin silahdaşı olmuşdu. "Dumanlı Təbriz" şəxsi həyatı fərqli ideoloji hədəflərə yönəlik mübarizələrin içərisində keçən Məmməd Səid Ordubadinin özünün də keşməkeşli taleyinin romanıdır. Məmməd Səid Ordubadinin təsvirində Səttarxan hərəkatının açılmamış mərmilərinin də səsi eşidilməkdədir. Sözün böyük mənasında, bu qiymətli roman Azərbaycan ədəbiyyatında Məşrutə hərəkatına həsr olunmuş möhtəşəm əsərdir. Səttarxan obrazı özünün bütün əzəməti ilə ilk dəfə "Dumanlı Təbriz" romanında canlandırılmışdır. Azərbaycanda bir neçə nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox "Dumanlı Təbriz"dən tanımışdır. Eyni zamanda, Məmməd Səid Ordubadinin "Döyüşən şəhər" (1938) və "Gizli Bakı" (1940) əsərləri də Azərbaycan tarixi romanının yaddaqalan nümunələridir.

Yazıldığı dövrün sərt ideoloji tələbləri, yazıçının cəmiyyətdə tutduğu mövqe Məmməd Səid Ordubadiyə bu romanlarında qələmə alınan dövrün - XX əsrin əvvəllərinin gerçək ictimai-siyasi mühitini tam əks etdirməyə şərait yaratmasa da, müəllif imkan daxilində birtərəfli şəkildə olsa da, əhatə etdiyi epoxanın ana xətlərini təqdim edə bilmişdir. Xüsusən, bu əsərlər həyat materialının zənginliyi ilə bir sıra tarixi proseslərə işıq salmaq baxımından da əhəmiyyətlidir. Bütövlükdə Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman ənənəsini formalaşdırmış, özünün həmin janrda yazılmış monumental əsərləri ilə milli tarixi roman məktəbi yaratmağa müəvəffəq olmuş qüdrətli sənətkardır. Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan tarixi romanı Məmməd Səid Ordubadi ənənəsinin işığında ədəbiyyatdakı yolunu uğurla davam etdirməkdədir. Lakin etiraf edilməlidir ki, sonrakı mərhələlərdə yeni, maraqlı, əhəmiyyətli, cəlbedici tarixi romanlar yaranmışdır, ancaq bu janrda Məmməd Səid Ordubadi zirvəsindən sonrakı axırıncı aşırım hələ ki, keçilmiş yolun davamı olaraq qalır.

Qüdrətli romançı Məmməd Səid Ordubadinin tarixi romanları dünya tarixi romanının da qiymətli nümunələri sayılmağa layiqdir. Heç şübhəsiz, "Dumanlı Təbriz", "Qılınc və qələm" tarixi romanları mükəmməl tərcümə edilərək dünya dillərində nəşr olunarsa, Şərq səviyyəsində də, Qərb miqyasında da həm öz müəllifinə, həm də ümumən Azərbaycan ədəbiyyatına böyük şöhrət qazandıra bilər.

Məmməd Səid Ordubadinin nəsr əsərlərində tarixiliklə bədiiliyin və müasirliyin ahəngdar əlaqəsi səciyyəvi cəhət olaraq diqqəti cəlb edir. Ədib müasirlik amilini həmişə vətəndaşlıq andı ilə üzvi əlaqədə təqdim edir. Tarixilik və müasirlik paralelləri Məmməd Səid Ordubadinin bədii nəsrində publisistikanın da mətndaxili iştirakını şərtləndirir. Məmməd Səid Ordubadi "Molla Nəsrəddin" ədəbi məktəbində mükəmməl bədii publisistika məşqləri keçdiyindən onun nəsr əsərlərindəki publisistika əlamətləri bədiiliklə qaynayıb-qarışır. Beləliklə, Məmməd Səid Ordubadi nəsrdə publisistikadan və ya tərsinə, publisistikada bədiilikdən istifadə etməyin qiymətli örnəklərini göstərmişdir. Ədibin "Qanlı sənələr" əsəri (1911) publisistikanın "dili" vasitəsilə tarixi prosesləri roman təfəkkürü səviyyəsində əks etdirməyin nümunəsidir. "Qanlı sənələr" Azərbaycan ədəbiyyatında ilk və mükəmməl publisist romandır. Məmməl Səid Ordubadinin "1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi" kimi təqdim etdiyi "Qanlı sənələr" əsəri yazıçının gələcək tarixi romanlarının ciddi publisistik məşqidir. Çoxsaylı dövri mətbuat materiallarından, 245 məktubdan, 400-dən çox məlumatdan istifadə əsasında yazılmış "Qanlı sənələr" sənətkarın hadisələri "zərif duyğularla", habelə "düzgün və qərəzsiz" şəkildə əks etdirməsi yolu ilə formalaşdırılmış "vətən fəryadnaməsi"dir.

Üslub etibarilə "Qanlı sənələr"lə səsləşən "Həyatım və mühitim" əsəri də publisistik təsvirin aparıcılığı ilə qələmə alınmış nəsr nümunəsidir. "Həyatım və mühitim" əhatə dairəsi etibarilə konkret tarixi dövrün - 1872-1920-ci illərin memuarıdır. Bu əsərdə yarım əsrlik bir epoxanın geniş və gerçək tarixi və ictimai-siyasi mənzərəsi salnamə ciddiliyi ilə əks etdirilmişdir. "Həyatım və mühitim" Məmməd Səid Ordubadinin tərcümeyi-halının memuarı, mühitinin romanıdır. Bu, Azərbaycanda orijinal bir memuar ədəbiyyatı nümunəsi olmaqdan başqa, həm də mükəmməl tərcümeyi-hal romanı olaraq da dəyərlidir. "Familiyamız" adlı müqəddimə ilə başlayan "Həyatım və mühitim"dən Məmməd Səid Ordubadi nəslinin dəqiq şəcərənaməsini öyrənmək mümkündür: "Atam Hacağa Məhəmməd oğlu yeddi arxa keçdikdən sonra Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hətəm Ordubadinin nəvəsidir. Mirzə Hətəmdən atam Hacağaya qədər familiyamızda şairliklə məşğul olan yalnız ikinci Mircə Ağacan olmuşdur. Atam Hacağanın təxəllüsü "Fəqir"dir. Onun böyük divanı vardır.

Anam İranın Qaradağ tərəflərindən - Dizmar mahalındandır. Üştibin kəndindən Pənah adlı bağbanın qızıdır. O, Tovuz xanım vasitəsilə məşhur Üştibin şairi Nəbatiyə mənsubdur. Anam öz ailələri ilə bərabər, Həsənabad xanlarının qarət və qırğınlarından qurtulub qaçmışdı. Atamın böylə mühitdə yaşadığı və şair olduğu üçün təxəllüsünü "Fəqir" qoymuşdu. Mən 1872-ci ildə doğulduğum vaxt Ordubadın mühiti daha bərbad hala düşmüşdü".

"Həyatım və mühitim" memuarı tərcümeyi-hal göstəricilərindən başqa, "Rus məktəbi və rus idarəsi"ni, İranın Xoy şəhərini, Tiflis həbsxana həyatını, Həştərxan-Teymurxanşura sürgün mühitini əks etdirməklə böyük bir cöğrafiyanın tarixi-siyasi gedişatına işıq salır. XIX əsrin sonunda və XX əsrin əvvəllərində Azərbaycanda, Rusiyada, Qafqazda ictimai-siyasi mühitin dərk olunmuş gerçək mahiyyətini dərindən öyrənmək baxımından "Həyatım və mühitim" ibrətamiz bir həyat dərsliyidir. Bədii əsərlərində ictimai motivlərə, tarixi proseslərin təsvirinə xüsusi diqqət yetirməsi ilə fərqlənən Məmməd Səid Ordubadi "Həyatım və mühitim"də yetkin bir siyasi xadim kimi diqqəti cəlb edir. "Həyatım və mühitim" memuarı nəzərə alınmadan Məmməd Səid Ordubadinin dünyabaxışına, yaradıcılıq özünəməxsusluğuna qyimət vermək çətindir. "Həyatım və mühitim" Ordubadi dünyasına girişin açarıdır. Zəngin tarixi məlumatlarla, mürəkkəb siyasi proseslərin təsviri ilə "Həyatım və mühitim" əks edildiyi dövrün də açarı sayıla bilər.

Məmməd Səid Ordubadinin "İki cocuğun Avropaya səyahəti" romanında da (1907) bədii düşüncə ilə publisist notlar bir-birini tamamlayır. İranlı iki tələbənin Avropaya səfəri zamanı yazdıqları məktubları Ordubaddan alıb cəmiyyətə təqdim etmək priyomu üzərində qurulmuş bu roman-səyahətnamədə Şərq-Qərb müqayisəsi vasitəsilə milli oyanışa və dirçəlişə çağırış motivləri öz əksini tapmışdır. "İki cocuğun Avropaya səyahəti" ədəbiyyatımıza Avrasiya düşüncəsi gətirən ilk geniş həcmli bədii əsərdir. Bu, ədəbiyyatda Şərq-Qərb müqayisəsinin ordubadinaməsidir. "İki cocuğun Avropaya səyahəti" əsəri "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" romanının müqəddiməsi təsiri bağışlayır. Bu əsər bütövlükdə Məmməd Səid Ordubadi romançılığının mənalı bir proloqudur. İlk dəfə 1908-ci ildə "Tazə həyat" qəzetində hissə-hissə çap olunan "İki cocuğun Avropaya səyahəti" əsəri nəhayət, indi oxuculara çatdırılmaqla ünvanına yetişmək baxımından səyahətnaməsini tamamlayır.

Böyük ədibimiz özünün çoxcəhətli istedadını incəsənət sahəsində də isbat etmişdir. Məmməd Səid Ordubadinin dahi Üzeyir Hacıbəyovun məşhur "Koroğlu" operasına yazdığı libretto sənətkarın tarixi-qəhrəmanlıq mövzusunu şeirlə mənalandırmaq və musiqi ilə uzlaşdırmağı bacarmaq istedadının göstəricisidir. Bundan başqa, "Nizami", "Nərgiz", "Şəfa", "Dəmirçi Gavə" operalarına yazdığı libretto mətnləri onun ədəbiyyat və sənət qavrayışının bütövlüyünü nümayiş etdirir. Həmçinin "Beş manatlıq gəlin" və "Ürəkçalanlar" musiqili komediyalarının libretto mətnlərinin müəllifi kimi də o, ədəbiyyatın, səhnənin və musiqinin harmoniyasını ifadə etmək dünyagörüşünə malik geniş masştablı bir sənətkar kimi görünür. Eyni zamanda, Məmməd Səid Ordubadi "Bağı-şah, yaxud Tehran faciəsi", "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi", "Teymurləng və İldırım Bəyazid" və sair tarixi faciələrin də müəllifidir. Bədii nəsrində olduğu kimi, Məmməd Səid Ordubadi dramlarında da tarixilik və müasirlik prinsiplərinə üstünlük vermiş, həmişə bədiilik amilini böyük ədəbiyyatda xüsusi bir tarazlıqda saxlamağı bacarmışdır.

Ümumiyyətlə, Məmməd Səid Ordubadinin əsərləri mənsub olduğu xalqın milli-mənəvi bütövlüyünün, birliyinin, mübarizə ruhunun, oyanış və azadlığının böyük ədəbiyyat səviyyəsində dolğun əks-sədasıdır. Ayrı-ayrı xalqların qüdrətli yazıçıları ümummilli vəzifələrin həyata keçirilməsinin təkamül proseslərini, keçid dövrlərini, dəyişmə və dönüş məqamlarını ədəbiyyatda canlandırmaqla tarixi epoxalar və nəsillər arasında varisliyin qorunub saxlanılmasına, gələcəyə əmanət edilməsinə xidmət etmişlər. Belə məsuliyyətli və şərəfli tarixi missiyanı Rusiya üçün Lev Tolstoy rus ədəbiyyatında böyük dahiyanəliklə yerinə yetirmişdir. Məmməd Səid Ordubadinin tarixi romanları da, ümumiyyətlə, müxtəlif janrlarda yazılmış qiymətli əsərləri də Azərbaycan xalqının çoxəsrlik tarixinin və keşməkeşli taleyinin ədəbiyyatı olaraq ümummilli mənafelərin ədəbi yaddaşda həkk olunması ilə yanaşı, həm də gələcəyə işıq salmaq missiyasına xidmətin ifadəsidir.

Yəni, Lev Nikolayeviç Tolstoyun öz xalqı üçün gördüyü işi Azərbaycanda XX əsrdə bir neçə görkəmli sənətkarlarla birlikdə həm də Məmməd Səid Ordubadi gerçəkləşdirməyi bacarmışdır. Görüntüdə keçmiş sovet rejiminin Azərbaycandakı rəhbərləri ilə münasibətləri haqqında əfsanələr yaşayan Məmməd Səid Ordubadi idealının ədəbiyyatdakı ifadəsi milli-mənəvi bütövlüyə, tarixi yaddaşın yaşadılmasına xidmətin nümunəsi kimi ədəbiyyatı tarixi əhəmiyyətli işə çevirməyin gerçəkliyini canlı və real şəkildə əks etdirir. Bu gün böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadini öyrənməyin və öyrətməyin zəruriliyi həmişə olduğundan daha aktualdır.