Əgərçi iynə tək keçdim cahanın cümlə varından
Əgərçi iynə tək keçdim cahanın cümlə varından Müəllif: Məhəmməd Füzuli |
Əgərçi iynə tək keçdim cahanın cümlə varından,
Hənuz ardımcadır qeydi-təəllüq zülfü tarından.
Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,
Nə hasil bivəfa dəhrin həyati-müstəarından.
Hübabi-əşkü ahi-pürşərər qılmış məni fariğ
Cahanın qəsri-siməndudü kaxi-zərnigarından.
Görünməz surəti-ümmidi-vəslin lövhi-canımda,
Mükəddərdir məgər ol ayinə çeşmim qübarından.
Uzanır rişteyi-tuli-əməl didar zövqilə,
Xəm açıldıqca ol gülçöhrə zülfi-tabidarından.
Sənədir iqtidası tövfi-kuyi-Leyli etməkdə,
Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarından.
Füzulidən məlamət etirazın istəyən guya,
Deyil vaqif dili-suzanü çeşmi-əşkbarından.