Əgər murad isə vermək səfayi-cövhəri-ruh
Əgər murad isə vermək səfayi-cövhəri-ruh Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.89. |
Əgər murad isə vermək səfayi-cövhəri-ruh,
Fələk misal yürüt sağəri-şərabi-səbuh.
Buyurma tövbə mənə ol şərabdan naseh
Ki, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.
Hücumi-qəmdə mənə onu etdi zövrəqi-mey
Kim, etmədi onu tufan olanda kəştiyi-Nuh.
Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,
Yuva başımda tutan quşları edib məcruh.
Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəli
Nə sud, çün sənə olmadı hali-dil məşruh.
Tənimdə sancılı navəklərinlə şadəm kim,
Dəri-bəla bu kilid ilədir mənə məftuh.
Füzuli oldu belin fikri ilə muy misal,
Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.