Əhvalpürsanlıq yaxud qonuşma ("– Nə xəbər var, məşədi?")

Əhvalpürsanlıq yaxud qonuşma ("– Nə xəbər var, məşədi?")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 262-263. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

– Nə xəbər var, məşədi?
– Sağlığın!
– Ax-çox da yenə?
– Qəzet almış Hacı Əhməd də…
– Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
– Belə nəql eylədilər!..
– Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
Bu isə pəs о ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Dəxi bir başqa xəbər?
– Hac Cəfərin oğlu Vəli
Qoyub uşqolaya oğlun…
– О qurumsaq da?
– Bəli!
– Sənə kim nəql elədi bu sözü?
– Bilməm kim idi.
– Oylə isə ona da min kərə lə’nət deməli!..
– Bu isə pəs о ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Dəxi bir başqa xəbər yoxmu?
– Tanırsan Qəfəri?
– Nə Qəfər? Hansı Qəfər?
– Mirzə Mənafın pədəri!
– Tanıram!
– Dün о da bir şübhəli kəslə danışıb…
– Kim deyirdi?
– Yedici Xansənəm arvadın əri.
– Bu isə pəs о ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Yenə bir başqa xəbər varmı?
– Bizim qonşu Kərim…
– A… A… A?..
– Bəli, hə… hə!..
– О nə qayrıb, de görüm?
– "Molla Nəsrəddin" alıb, həm özü, həm oğlu oxur.
– El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!
Bu isə pəs о ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Mənə bir boylə xəbər çatdı: Səməd dam-daşını
Satıb, onversetə göndərmək üçün qardaşını…
– Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:
Özü də çəkmə geyib, saç da qoyubdur başına…
– Bu isə pəs о ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır
Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!
– Bəli, düzdür bu dəxi!..
– Heyf, о dövlətdən ona!..
Dövlət azdırdı onu, dini-xudadan uzaşır…
Bu isə pəs о ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,
Danışır bir para sözlər ki, dəyir rövzəxana?
– Bəli, qurbanın olum, lap о çıxıb məzhəbdən!
– Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!
Bu isə pəs о ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
– О qurumsaq Cəbi də gözləməyir hörmətimi,
Burda-orda, belə derlər ki, edir qiybətimi…
– Bəli, hətta bu işin üstə onun arvadına
Söymüşəm!
– Borcun odur, – gözləmisən qeyrətimi…
Mən də hər daim ona yağdıraram lə’nətimi,
Başlayıb də’vətimi, ərz edib hacətimi.
Vəqfi-nifrin edərəm həm günümü, saətimi,
Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,
Siz də lə’nət oxuyun, çünki bu məl’un babıdır!..