Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əkinçi
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!

Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fələliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu əldən sərü samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey de "Yoxumdur" — çıxarıb canını allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pəykəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütçü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarim,
Bəyzadəyəm, asayişədir cümlə qərarim,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharim;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!