Əksi-rüxsarın ilə oldu müzəyyən mirat
Əksi-rüxsarın ilə oldu müzəyyən mirat Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.75. |
Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at,
Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.
Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər,
Can içində əlif etsəydi qəbuli-hərəkat.
Xət bu məzmun ilədir tərfi-zənəxdanında
Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat.
Kakilin qıldı müqərrər mənə sərgəştəliyi,
Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.
Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə,
Öylə kim, mərdümi-mün’im verə möhtacə zəkat.
Afərin cövhəri-məqbulinə kim, aləmdə
Mümkün olmaz bu sifat ilə ki, sənsən bir zat.
Ey Füzuli, vərə’ü zöhd ilə mö’tad oldun,
Bilmədin halını, bihudə keçirdin ovqat.