Əldən gedər
Əldən gedər (1906) Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.21 |
Bu cahanda istədiyim mehriban əldən gedər,
Taci-təxti, cahı-cəlal, şövkət-şan əldən gedər.
Bel bağlama bu fənaya, hərgiz etmə etibar,
Bir nəfəsdir, bir qəfəsdir, cismi-can əldən gedər.
Yerə, göyə qərar qoyan qadiri-sübhanı bil,
Hər nakəsə yoldaş olma, yaxşı dostu tanı, bil.
Əyrilərə qurulacaq ədalət divanı, bil,
Namərdlərə olmaz onda bir güman, əldən gedər.
Qurban deyər: bəndəsindən bir xaliq üz döndərə,
Qurğusunu yana əyə, çərxini tez döndərə.
Arifə bircə işarə, nə lazım söz döndərə,
Bir nadan mətləb qanınca, yüz qanan əldən gedər.