Əli və Nino/II
←I | Əli və Nino II Müəllif: Qurban Səid |
III→ |
Mənbə: Əli və Nino. Qurban Səid |
Düm-düz dama yumşaq, rəngarəng və üzərlərində cürbəcür naxışlar olan Qarabağ xalıları sərilmişdi. Axşam üstü xalıların üstündə atam, əmim və mən bardaş qurub oturduq. Bizim arxamızda əllərində fənər tutmuş xidmətçilər dayanmışdılar. Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq yeməkləri ilə dolu idi: Ballı-badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və kişmişli plov. Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına qoyurdular. Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı, və bir az plov götürdü. Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan ağzına qoydu.
Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən axmaq adam belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl, bıçaqla çox rahat yemək yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət etməyi də yaxşı öyrənmişəm. Lakin, on səkkiz yaşım olmasına baxmayaraq, mən atam və yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız sağ əlin üç barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar ki, hətta əllərinin üstü belə tər-təmiz qalırdı.
Nino bizim yemək üslubumuza barbar üslubu kimi baxırdı. Kipiani ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim evdə isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça üstündə oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz atasının ancaq iyirmi yaşına çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını unudurdu.
Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri süfrənin üstündən yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir yeməkdən sonra əmim qoca adamlar kimi havadan, sudan və boş-boş şeylərdən danışmağa başladı. Atam heç danışmırdı, mən də susub oturmuşdum. Çünki adət belə tələb edirdi. Yalnız əmim söhbət edirdi və hər dəfə Bakıya gələndə etdiyi kimi sarayında çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı böyük Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi:
- ”Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə çıxarkən məni də özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə hamıdan yaxşı tanış oldum. Biz kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış xristianlarını ziyarət etdik. Qərblilərin dünyası qəribə bir dünyadır. Hamısından qəribəsi qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların, kanslerlərin arvadları belə saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə xristianlar əsl mənada kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb nədir?
Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın sarayındakı bir ziyafətə dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın boşqabında yaxşı bir toyuq budu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç barmağı ilə çox zərif bir şəkildə tutaraq qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın rəngi birdən-birə dəyişdi və qorxudan öskürməyə başladı. Sonradan Şahənşahın göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə malik olan şəxsləri çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir çox mühafizə zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın namusunu, şərəfini qorumağa qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. Bizi “Afrikalı qadın” operasına dəvət etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə oxumağa başladı. Qadının səsindən heç birimizin xoşu gəlmədi. Kayzer Vilhelm də bu qadının eybəcər oxumağını görüb, yerindəcə onun cəzalandırılmasını əmr etdi. Axırıncı pərdədə səhnəyə çoxlu zənci gəlib, səhnənin ortasında böyük bir tonqal qaladılar.
Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. O, tonqalın ortasında yavaş-yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə tonqalın simvolik olduğunu söylədi. Amma biz buna inanmadıq. Çünki qadının çığırtısı
Tehranda olduğumuz zaman şahın əmri ilə diri-dirə yandırılan kafir qadın “hürriyyət-ül-Ayin”in çığırtısı qədər dəhşətli idi.
Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə susdu. Sonra dərin nəfəs alaraq söhbətini davam etdirdi: “Bu xristianların başa düşə bilmədiyim bir başqa şeyləri də var. Düşməni məğlub etmək üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər şey istehsal etmək üçün yaxşı zavodları da vardır. Başqa insanları kütləvi şəkildə ən asan yolla məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira edərsə, həmin adam böyük məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri tərəfdən də Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. Müharibə zamanı düşmən əsgərlərini müalicə edən və ya düşmən əsirlərini bəsləyən şəxslər də eyni cür hörmətə layiq görülürlər. Onlara da orden və medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah həzrətləri, həmişə təəccüblənib deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni dərəcədə mükafatlandırıldıqlarını görəndə çaşıb qalırsan. Bir dəfə Şahənşah həzrətləri Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü. Lakin Avstriya imperatoru lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. Bütün bunların əksinə, Avropalılar bizə nifrət edirlər... Onlar deyirlər ki, siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman dörddən də artıq qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb hökmranlıq etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər.
Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı bir quşun siluetini andırırdı. O, bir azca dikəlib qocalığa xas olan qayda ilə öskürdü, sonra isə hərarətlə danışmağa başladı:
- Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə yetiririk. Avropalılar isə allahlarının əmrini yerinə yetirmədikləri halda, onlar hər gün güclənir, daha da qüdrətlənirlər. Bizim gücümüz və şanımız isə hər gün bir daha ayaqlar altına düşür. Bu nədən belə olur? Kim mənə cavab verə bilər? Kimsə ona cavab verə bilmədi.
Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına getdi. Atam da onun ardınca getdi. Xidmətçilər gəlib çay fincanlarını yığdılar.
Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. Qaranlıq şəhəri ovuclarının içinə almışdı.
Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən ibarətdir. Şəhərin qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu və gözlərini böyük pul istəyi bürümüş insanları vardı. Çöldən fışqıran, bərəkət və zənginlik gətirən neft, yağışdan sonra çoxalan göbələklər kimi kənardan camaatı Bakıya axışdırırdı.
Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, daima kürəkləri çılpaq gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi ki, bu atışma pul üstündədir?
Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi.
Nino da bayır şəhərdə yaşayırdı.
İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.
Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət verən də elə bu axıdılmış qandı.
Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında da bir zamanlar nəcib insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər keçmişdi. O zaman ölkəmizə Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin qapısını açmış və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb qızardılırdı. Ziyafətdə knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda knyazın yorğun başı yanındakı Həsən Qulu xanın köksünə düşmüşdü.
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxardıb Hüseynqulu xana vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin Xirtdəyini yavaş-yavaş kəsmişdi. Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı ovucunun içinə düşənə qədər kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən çar bu cinayətin intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı.
Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın qapılarını kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı günü haqqında düşünməyə həsr edirdi. Çarın əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri zaman Hüseynquluxan bir yeraltı keçiddən qaçaraq dəniz quyusuna çıxmış, oradan da İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən əvvəl giriş qapısının üzərinə ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola bilməz”.
Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının xarabalıqlarından salmışam. Onun nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi. Şəhərimizdə Ədalət arayan vətəndaşlar gərək qala divarlarının bayırındakı Rus hakiminin yanına gedə idilər. Lakin rus hakiminin yanına gedənlərin sayı olduqca az idi. Ona görə yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə onlar sözə baxan və ədalətli insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi bizim xalqın xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana
salırdılar. Orada o təmiz kamerada qalırdı. Ona çay və hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı oğurlanan şəxsləri qəzəbləndirirdi.
Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə gəlib, orada bardaş qurub oturmuş yaşlı, müdrik kişilərə dərdlərini söyləyərdilər. Onlar şəriət və Allahın qanunlarına əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin daimi hökmü idi. Bəzən qaranlıq gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu. Haqq beləcə yerini tuturdu. Qan davaları da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin qaranlıq vaxtlarında arxa küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi. Sonra çuval dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu. Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O, tanrının qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən qadın öldürülməlidir.
Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin günortadan sonrakı durğunluq vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam Cəfərin təriqətinə mənsəb bir insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki, elə burada, eyni küçədə, doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək yeyən, gülər gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!