V Əli və Nino VI
Müəllif: Qurban Səid
VII
Mənbə: Əli və Nino. Qurban Səid

İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər kimi başlarını göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl otlaqlar üfüqə doğru uzanıb gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çölləri içində gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi, çöl küləklərinin qanadlarında düzənliyi
süpürürdü. Ətrafımızdakı qorunan meşədə ən kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin ilahələri buraları tərk edib getmiş olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşidə bu müqəddəs yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı. Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən kef çəkən gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr dolusu şərab, cürbəcür meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan səyyah aşıqlar oturmuşdular. Onların əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri, tara, diplipito.
Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu mahnını ekzotik təsiri artırmaq üçün gürcülər arzu etmişdilər. Əgər latın dili müəllimimiz burada olsaydı, məmləkət ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios aləmi” adlandırardı. Nəhayət oradakı kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən Kipiani ailəsi gəlib çıxdı.
Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq tamada rolunu ifa edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları var idi. Kipiani əlindəki qədəhi mənim şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda qədəhimi qaldırıb bir qurtum içdim. Başqa vaxt olsaydı içməzdim, amma məclisə tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə, içməmək nəzakətsizlik olardı.
Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi və artıq yeməkdən də zərrə qədər narahatçılıq hissi etməzdi. çünki İsa bulağının suyu da Qarabağın saysız-hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun anasının profilini gördüm. Onun sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, onun gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar Medeyanın Arqono Yasonla tanış olduğu Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi.
Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!”
Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz qədəhini bir nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda ürəkdən nəşələnməyi sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və şəffaf qalırdı.
Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına qərq olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef məclisləri səhər açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs meşəciyin bütləri xatırladan ağaclarının kölgəsi altında şənlənirdilər.
Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi. Bu da adət və ənənənin bir əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət...
Didiani dilləndi:
- Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. Malikanəm Rion çayının qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl tozlarını yuduqları yer idi. Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik meşələrini və qədim ağaclarını görərsiniz.
- Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə görə gələrəm.
- Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür.
Nino söhbətə qarışdı:
- Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur.
- Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də bir o qədər çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu dünya vahimə, cin və şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin şüaları ağacların kölgəsində yox olur. Meşələrin qaranlıqları məni sıxır, budaqların xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə şeylərdən xoşlanıram: küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir. Meşələr isə Qordiy düyünü[1] kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam itirirəm, möhtərəm Didiani.
Didiani fikirli-fikirli mənə baxıb dedi:
- Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır: insanları meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöllərdə isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada həyat sadə və problemsizdir. Meşələr isə min bir suallarla doludur. Çöl isə kimsədən bir şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd etməz. Lakin ruhun atəşi meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir üzü vardır. O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və Qərb arasındakı əsas fərq də elə budur.
Adlı-sanlı erməni sülaləsindən olan gömbul Məlik Naçararyan:
- Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə söhbətə qarışdı. Domba gözləri və qalın kol kimi qaşları olan bu adam filosofluq etməyə və içkiyə artıq dərəcədə meyl göstərirdi. Naçararyan qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi:
- Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs çöllərdən nə çıxır?
- Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda çocuqcasına əl çaldı.
Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər dəfələrlə dolub boşalırdı. Gürcü şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naçararyanla nəyi isə müzakirə edirdilər. Nino da fürsətdən istifadə edib sualedici baxışını mənə zillədi. Mən razılıq işarəsi olaraq başımı tərpətdim. Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş adamlar cinləri, ya da quldurları andırırdılar. Heç kim bizə fikir vermirdi. Ayağa durub yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu götürüb içdim. Bulaqdan su içmək adama çox xoş gəlirdi. Bir xeyli orada dayanıb suyun üstünə düşən ulduzların əksini seyr etdim. Arxamda ayaq səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında şaqqıldadı... Əlimi uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin dərinliklərinə getdik.
Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir hərəkət deyildi. Nino balaca bir çəmənlikdə oturdu. Sonra məni də özünə doğru çəkdi. Həmişə şən və şad olan Qarabağda da ciddi və sərt adətlər var idi. Mustafa kişi mənə dəhşət içində danışmışdı ki, on səkkiz il bundan qabaq Qarabağda bir ailədə sədaqət pozulmuş və bunun nəticəsində də o gündən bəri meyvə ağacları məhsullarını azaltmışlar.
Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. “Prinses” deyə ona müraciət etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi dörd saat idi ki, o, prinses olmuşdur. Atasının knyaz rütbəsinə layiq olduğunu isbat edib, Peterburqdakı Çara qəbul etdirə bilməsi isə iyirmi dörd il çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına teleqram gəlmişdi. Ninonun atası itirdiyi anasını yenidən tapmış bir uşaq kimi sevinirdi. O, hamımızı gecə ziyafətinə dəvət etdi.
- ”Prinses”, - deyə mən təkrar etdim. Sonra Ninonun üzünü əllərimin arasına aldım. O heç bir müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya şərabını çox içmişdi və yaxud da onu sərxoş edən meşə və ay işığı idi. Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq və ilıq idi. Biz yumşaq yosunların üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun sifəti nazilmiş və ciddiləşmişdi. Ay işığında onun bədəni sarımtıl əqiq daşı kimi parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun dizləri əsirdi, gözlərindən yaş gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim və nəm yanaqlarını qurutdum.
Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı hisslərdən idi. Mənim Ninomun on yeddi yaşı hələ təzəcə tamam olmuşdu. O, müqəddəs Kraliça Tamara litseyinə təzəcə gedirdi. Nino dillənib dedi ki, “Əlixan mənə elə gəlir ki, səni sevirəm. Hətta indi prinses olduğum halda da səni sevirəm”.
- Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim.
Nino sözümü başa düşmədi karıxmış halda dedi:
- Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri mi alacaq?
- Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox gözəl bir ünvandır.
Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə ilə güldü:
- Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? Ümumiyyətlə, sənin qəribə bir evlənmə təklifi irəli sürmək üsulun var, – əgər bunu nəzərdə tutursansa...
- Mən bunu nəzərdə tuturam.
- Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi:
- Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa yaxınlığındakı meşəni xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan?
- Mənə elə gəlir ki, edərəm hər halda.
- Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə gedərik, mən də orada xüsusi nəzarət altında olan Şahənşahın hərəmxanasını ziyarət edəcəyəm. Oradakı şişman qadınlarla çay içib söhbət etməli olacağam.
- Başqa?
- Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins olmayacaq.
- Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna gəlməyəcək.
Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb dedi:
- Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç fikirləşmisənmi ki, biz meşə və çöllərdən başqa nə kimi əngəllər qarşımıza çıxacaq?
- Hansı əngəllər?
- Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam kədərlərindən öləcəklər. Sonra sənin atan sənə lənət oxuyub tələb edəcək ki, mən müsəlmançılığı qəbul edim. Bunu da qəbul etsəm bu dəfə çar babamız, xristian dininə satqınlıq etdiyimə görə məni Sibirə sürgün edəcək: Səni də təhrik etdiyin üçün mənə qoşacaq.
Mən gülə-gülə cavab verdim:
- Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində oturacağıq. İri ağ ayılar da gəlib bizi tikə-tikə edib yeyəcəklər. Yox, Nino, zənn etdiyin qədər də pis olmayacaq. Sən müsəlmançılığı qəbul etməlisən, valideynlərin də kədərlənib ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də yaxşı keçirmək üçün Parisə və Berlinə gedərik ki, sən oraları gəzərkən Bui de Bulonun meşəsinə və Berlinin məşhur heyvanxanasına tamaşa edərsən.
- İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi:
Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ vaxt var. Qorxma qaçası deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq, səndən xahiş edirəm ki, məni qaçırmağa səy göstərmə. Bilirəm bunu siz də
necə edirlər. Bir gün qəfildən gəlib məni atın tərkinə atırsınız və dağa qaçırarsınız. Nəticədə də Kipianilər ailəsi ilə güclü qan davası başlanır.
Nino birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey gülürdü: üzü, əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib, məni aşağıdan yuxarıya kimi süzdü. Mən onun qabağında durmuşdum. Nino ağacın kölgəsində, ovçuların qorxusundan meşələrdə gizlənən qorxmuş bir ceyrana bənzəyirdi.
- Gedək, - deyə Nino dilləndi.
Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-birə Ninonun ağlına nə isə gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya baxmağa başladı.
Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə təşvişlə soruşdu.
- Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə mənsub olacaqlar”.
Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra qəmli halda:
- Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım tamam olacaq. Sənin gələcək həyat yoldaşının indi on iki yaşı olmalı idi.
Mən onu sakitləşdirdim. Yox, o mənim üçün qətiyyən çox yaşlı deyildi. O həddən artıq ağıllı və hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər olması həqiqətən yaxşı şey idimi? Mənə elə gəlirdi ki, biz şərqlilər vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və ağıllaşırıq. Bununla belə bəzən hamımızın səfeh və sadəlövh olduğumuz qənaətinə gəlirəm. Əslində nə düşünmək lazım idi, bilmirdim.
Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma hamıdan çox mən özüm özümü çaşdırmışdım. Bəlkə də mən Kaxetiya şərabından çox içib, bir səhra qulduru kimi məhəbbətin sakit bağçasında bir sərsəri kimi dolaşırdım.
Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə düşünməməyinə əmin idim. O özünü çox sakit aparırdı.
Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, gülüşlərindən və incə coşğunluğundan əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç kim sezməmişdi. Mən ocağın qırağında oturdum və birdən hiss etdim ki, susuzluqdan dodaqlarım quruyur. Mən İsa bulağının suyundan bir istəkan doldurub içdim. İstəkanı süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız rastlaşdı. O, mənə dostcasına, qayğı ilə və bir azca himayətkarcasına baxırdı.

Qeydlər redaktə

  1. Dolaşıq, cəncəlli məsələ. Red.