VII Əli və Nino VIII
Müəllif: Qurban Səid
IX
Mənbə: Əli və Nino. Qurban Səid

Əli xan, de görüm bizim dostlarımız kimlərdir?” - deyə qoçum məndən soruşdu.
Biz Şuşanın dolamanc yoxuşlu yolları ilə aşağı enirdik. Sadə kəndli balası olan qoçum müharibə və siyasət sahəsinə aid belə qəribə sualları biri-birinin ardınca verməkdən yorulmurdu. Ölkəmizdə orta təbəqədən olan adamların söhbət etməyə üç mövzusu var idi: din, siyasət və ticarət. Müharibə bütün bu sahələri əhatə
edirdi. Müharibədən istədiyin zaman, istədiyin yerdə və istədiyi qədər danışa bilərdin. Çünki bu mövzunu dinləməkdən heç kim yorulmaq bilmirdi.
- Qoçum – dedim. Bizim dostlarımız Yaponiya imperatoru, hindistan Kralı, İngiltərə kralı, Serbiya kralı, Belçika Kralı və Fransa respublikasının prezidentidir.
Qoçu bu söhbətdən narazı halda dodaqlarını büzdü:
- Fransa respublikasının prezidenti axı sivil bir adamdır. O necə döyüş meydanına gedib, müharibə apara bilər?
- Bilmirəm, bəlkə öz yerinə generallarından birini göndərəcək.
- Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa, müharibənin sonu heç də xeyirli olmaz.
Qoçu yorğun baxışlarla faytonçumuzu süzüb, səriştəli adam kimi danışmağa başladı:
- Çar balacaboy, cılız bir adamdır. Kayzer Gilyom isə əksinə, iri gövdəli və güclüdür. O, elə ilk döyüşdə çarın öhdəsindən gələcək.
Bu sadəlövh qoçum elə bilirdi ki, müharibəni başlamaq üçün iki düşmən ölkələrinin hökmdarları atlarına minərək onları bir-birlərinin üzərlərinə sürəcəklər və müharibə də belə başlayacaqdır. Əslində müharibənin belə başlamadığını söyləyərək onu inandırmağa çalışmaq mənasız idi. Kayzer Gilyom çarı vurub yıxandan sonra şahzadə meydana çıxmalıdır. Şahzadə isə çox gənc, üstəlik də xəstədir. Halbuki, gilyomun aslan kimi altı sağlam və qolu qüvvətli oğlanları vardır.
Mən onun bədbinliyini sovuşdurmağa çalışdım:
- Gilyom ancaq sağ əli ilə vuruşa bilər, çünki onun sol qolu şikəstdir.
- Eh, bunun heç bir əhəmiyyəti yoxdur. Sol əl ona yalnız atın yüyənini tutmaq üçün lazım olacaqdır. Vuruşmaq üçün isə ona sağ əl lazımdır,
Qoçum dərin düşüncələrə daldığı üçün alnında cizgilər əmələ gəlmişdi. O birdən-birə soruşdu:
- Kayzer Frans Yozefin doğrudan mı yüz yaşı var?
- Dəqiq deyə bilmərəm. Amma çox qoca olduğu şübhəsizdir.
- O yaşda bir qocanın atına minib qılıncını çəkərək vuruşması dəhşətdir – deyə qoçum dilləndi.
- Allah onun yardımçısı olsun.
- Amma, onun vuruşmasına lüzum yoxdur.
Necə yəni lüzum yoxdur?
- Ona görə ki, onunla Serbiya Kralı arasında qan davası vardır. İndi onlar bir-birlərilə qan düşmənləridirlər. Kayzer Frans Yozef də öz vəliəhdinin tökülən qanının intiqamını almalıdır. Bizim kəndlilərdən biri olsaydı, yəqin ki, yüz beş inəklə bir ev verib qan pulunu ödəyə bilərdi. Amma Kafzer tökülən qanı bağışlaya bilməzdi. Əgər hamı tökülən qanı bağışlamalı olsaydı, ondan sonra qan davası tezliklə aradan qalxardı. Qan davası da olmasa, ölkə tənəzzül edər.
Qoçum haqlı idi. Avropalılar nə deyirlər desinlər, qan davası dövlət quruluşunun və insan davranışının ən önəmli təməlini təşkil edirdi. Əlbəttə, yaşlı və müdrik kişilər əlavə qan tökülməməsi üçün yalvarıb yaxarırdılar ki, axıdılan qanın əvəzində böyük miqdarda pul alıb onları bağışlasınlar. Amma tökülən qan davasının əsasını mühafizə etmək lazımdır. Əks təqdirdə tökülən qanların sonu haraya çatardı?
Bəşəriyyət millətlərə deyil ailələrə bölünmüşdü. Ailələr arasında isə Allahın buyuruğuna və kişilərin güclü inamına əsaslanan bir müvazinət vardı. Kobud zorakılıq nəticəsində bu müvazinət pozularsa. Allahın buyuruğuna qarşı gedən ailə də bir üzvünü qurban verməlidir. Bu yolla da müvazinət bərpa olunur. Ancaq, qan qisasını yerinə yetirmək bir az çətin işdir. Çox vaxt qisas alan adamın gülləsi hədəfə dəymir, ya da onun gülləsi lazım olandan daha çox adam öldürür. Ondan sonra qan davası davam edir. Qan qisasının əsası isə doğru və aydındır. Qoçum məni çox yaxşı başa düşürdü və razılıq ilə başını yırğalayırdı. Öz vəliəhdinin tökülən qanının intiqamını almaq üçün yüz yaşı olan Kayzer Yozef atına minib davaya hazırlanması gözəl və ədalətli bir hərəkət idi.
- Əli xan, əgər Kayzer ilə Serbiya kralı qan üstündə döyüşmək istəyirlərsə, başqa hökmdarlar bu işə niyə qarışırlar? - deyə qoçum dilləndi.
Bu sual çox çətin sual idi, özüm də bu suala cavab tapa bilməzdim...- Buraya bax, - deyə sözə başladım, -bizim çar da Serbiya Kralının səcdə etdiyi Tanrıya itaət edir, elə ona görə də çara kömək edirdi. Mənim fikrimcə Kayzer Gilyomla digər düşmən krallar və imperatorlar qohumdurlar. İngiltərə kralı çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi biri-birilə bağlı olur.
Mənim cavabım qoçumu qane etmədi. Çünki Yaponiya imperatoru çarın Tanrısından tamamilə fərqli olan bir Tanrıya itaət edirdi. Fransada hökmdarlıq edən o müəmmalı mülki şəxsin isə heç bir hökmdarlarla qohumluğu olmayacağına qoçum əmin idi. Bunlar hələ bir yana, qoçumun fikrincə, Fransada tanrı deyilən bir varlıq da yox idi. Deməli fransızlar allahsızdı. Ona görə də, o ölkəyə respublika deyilir.
Bütün bunlar mənə də qaranlıq idi. Qoçuma qeyri-müəyyən bir şəkildə cavablar verib soruşdum ki, görəsən mənim igid qoçum müharibəyə gedəcəkdirmi? Qoçum xülyalı baxışlarla silahlarına baxdı.
- Bəli, - deyə cavab verdi – təbii ki, mən müharibəyə gedəcəyəm. Amma bilirsən ki, mən müharibəyə getməyə də bilərəm. Çünki biz müsəlmanlar hərbi xidmətdən azadıq. Ancaq ona baxmayaraq mən yenə də müharibəyə getmək istəyirəm, – deyə sadəlövh qoçum birdən-birə həyəcana gəldi. - Müharibə yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət etmək və uzaq diyarlara getmək mümkün olacaqdı. Qərbdə küləklərin vıyıltısını eşidəcək və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm. Müharibəyə getsəm mənə bir at və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə tutduğumuz kəndlərin içərisindən böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən qayıdanda isə özümlə çoxlu pul gətirəcəyəm, qəhrəman
olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək. Əgər həlak olsam, əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O zaman da hamı mənim qəhrəmancasına həlak olmağımdan danışacaq, oğluma və atama böyük hörmət göstərəcəklər. Kimə qarşı olursa-olsun müharibə yaxşı şeydir. Kişi gərək ömründə heç olmasa bir dəfə müharibəyə getsin.
Qoçum durmadan şövqlə danışırdı. O, düşmənlərinə vuracağı yaralardan danışır və hətta xəyalında artıq hərbi qənimətlərini də görürdü. Onun gözləri getdikcə artan ehtirasdan parlayırdı, qarayanız sifəti isə ilahi “Şahnamə” əsərinin səhifələrindəki əfsanəvi cəngavərlərinin simasını xatırladırdı.
Mən həqiqətən ona qibtə edirdim, çünki o nə edəcəyini dəqiq bilən sadə bir adamdı. Mən isə gələcəyə xəyalpərəstlik və qərarsızlıqla baxırdım. Mən rus imperator gimnaziyasında oxuduğum zaman tələb olunandan da artıq oxumuşdum. Rusların xəyalpərəsliyi mənə də keçmişdi.
Gəlib Dəmir yol stansiyasına çatdıq. Gürcüstandan olan qadınlarla, uşaqlar, qocalar və Zaqataladan gəlmiş köçərilər stansiyanın binasına dolmuşdular. Onların haradan gəlib və haraya getmək istədiklərini bilən yox idi. Elə bil bunu heç özləri də bilmirdilər. Onlar palçıq topaları kimi dinməz-söyləməz yerdə otururdular, ya da ki, hansı istiqamətə getməsindən asılı olmayaraq gələn qatarlara hücum edib vaqonlara doluşurdular. Əynində qoyun dərisindən cırıq kürk olan bir qoca gözləmə zalının qapısında oturub hönkür-hönkür ağlayırdı. O, İran sərhədindəki Lənkəran şəhərindən idi. Ona elə gəlirdi ki, onun evi yanıb yerlə yeksan olmuş, uşaqları da ölmüşlər. Ona dedim ki, İran bizimlə müharibə aparmır. O, ümidsiz halda mənə baxıb dedi: “Yox, ağa İranın qılıncı uzun illərdi ki, paslanmışdı. İndi isə o qılıncı yenidən itiləyiblər. Gecələr bizə basqın edəcəklər, Şahsevənlər də evlərimizi yerlə-yeksan edəcəklər, çünki biz kafirlər imperiyasında yaşayırıq. İran aslanı ölkəmizi xarabazara çevirəcək. Qızlarımız gölə, oğlanlarımız da İran şahpərəstlərinin oyuncağı olacaq”.Qocanın mənasız fəryadları davam edirdi. Qoçum qarışıqlıqda camaatı itələyə-itələyə vaqona minmək üçün yol açırdı. Çox böyük əziyyətdən sonra nəhayət vaqona minə bildik. Konduktora pul verəndən sonra o bizə bir kupe açdı. Biz də sakitləşib oturduq. Lokomotivin küt siması Nuh əyyamından qalma əjdahanı xatırladırdı. Səhramızın fonunda onun qara yırtıcı bir görünüşü vardı.
Qoçum üzərində qızılı sapla toxunmuş “Z.J.D.”[1] hərfləri olan məxmər döşəkçənin üstündə oturdu.
Qatar ağır-ağır hərəkətlə çöl mənzərələrinin içindən keçməyə başladı. Ta uzaqlara qədər uzanan sapsarı qumlar, yumşaq və yuvarlaq təpələr, küləklərdən və günəş şüalarından çatlamış qayalıqlar işıq saçırdılar.
Vaqonun pəncərəsini açıb bayıra baxdım. Qızmar qum təpələrinin üstündən, çox-çox uzaqlarda olan dəniz tərəfdən sərin külək əsirdi. Çılpaq qayalar qıpqırmızı göz kimi gözərirdi. Səhranın ətrafını bürüyən tozlu kollar ilansayağı tərpəşirdi.
Sonra səhrada bir karvan göründü. Karvandakı yüzdən çox bir və iki hörgüclü irili-kiçikli dəvələrin hamısı ürkək baxışlarını qatara zilləmişdilər. Hər dəvənin boynunda zınqırov var idi. Onlar ayaqlarını qorxaq addımlarla zınqırovların səslərinin ahənginə uyğun olaraq atır, başlarını da ona uyğun surətdə yellədirdilər. Dəvənin biri büdrəsə və ya addımını səhv qoysa zınqırovun birinin səsi dərhal kəsilir. Dəvələrin hamısı bunu hiss edir və onlar narahat olmağa başlayırlar.
Karvanda yalnız ahəng bərpa olunandan sonra dəvələr sakitləşir. Çölün qızğın xülyalarından doğmuş və eyni xəmirdən yaradılmış dəvə çölün simvoludur.
Dəvə karvanı ağır-ağır gün çıxan tərəfdən uzaqlaşaraq, bir xəyal aləmində yox olurdu. Qatar isə gün batan istiqamətinə gedirdi. Mən oraya, dəvələrə, onları aparan adamlara və qumlu səhraya mənsubam! Mən qatarı saxlamaq üçün nə səbəbdənsə əlimi qaldırıb ehtiyat əyləcini dartmadım? Çünki mən artıq o istiqamətə getmək istəmirdim. Qatar Qərbə tərəf gedə bilər, amma mən bütün qəlbimlə, bütün ruhumla Şərqə mənsubam.
Kupenin pəncərəsini açıb, başımı bayıra çıxartdım. Karvan artıq uzaqlarda qalmışdı. Onun arxasınca baxdım tam bir sükut çökmüşdü. Mənim ölkəmdə heç bir düşmən yox idi. Zaqafqaziya çöllərini heç kim təhdid etmirdi. Qocum müharibəyə getmək istəyirdi. Onun üçün durum başqaydı. Çünki o, çar üçün də vuruşar, qərb üçün də. Qoçum öz macəra pərəstliyinin əsiridi. O, bəzin asıyalılar kimi düşmənlərinin qan axıtmasını və onların göz yaşlarını görmək istəyirdi. Mən də müharibəyə getmək istəyirdim: Bütün varlığım qanlı bir müharibənin gətirdiyi hüriyyətin həsrətini çəkirdi. İçim gecələr döyüş meydanından ucalan tüstüləri görmək arzuları ilə dolu idi. Müharibə – ən gözəl sözdür. Onda kişilik və qüdrət hiss olunur. Hər halda mən burada qalmalıyam ki, düşmənin ölkəmizə ayaq basdığı günə özümü onlara qarşı hazırlayım. Qoy bu müharibəyə lovğalar getsinlər. Amma ölkəmizdə kifayət qədər adam qalmalıdır ki, düşməni dəf etmək mümkün olsun. Yenə də içimdə boğuq bir hiss vardı. Hiss edirəm ki, bu müharibədə kim qalib gəlirsə-gəlsin, bizim üçün çarın istila yürüşlərindən də böyük bir təhlükə meydana çıxar. Gözə görünməz bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla yad otlaqlara, yad yollara döndərmək istəyir. Bu yollar isə, ancaq qərbin yolları ola bilər. Mən o yolla getmək istəmirəm. Ona görə də mən müharibəyə getməyib vətinimdə qalmaq istəyirəm. Ancaq o gözəgörünməz qüvvə mənim dünyama qarşı qalxarsa, yalnız o zaman mən qılıncımı qınından sıyıracağam.
Oturduğum yerdə rahat düşünürdüm. İnsan düşündüyünü axıra çatdıranda rahat olur. Ola bilər camaat söz yayacaq ki, mən Ninonun qara gözlərindən ayrıla
bilmədiyim üçün müharibəyə getməyib evdə qalıram. Qoy desinlər. Ola bilər ki, bunu deyənlər bəlkə də haqlıdırlar. Amma onlar onu da bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır, yadellilərin yad yola dartıb aparmaq istədiyi vətən övladının nidasıdır. Mən də qalıram ki, ana vətənimi gözəgörünməz yadelli düşmənlərdən qoruyum.
Gözlərim qoçuma sataşdı. O şirin yuxu içində xor-xor xoruldayırdı.

Qeydlər redaktə

  1. ZJD – Zaqafqazskaya jeleznaya doroqa.