Əli və Nino/XXII
←XXI | Əli və Nino XXII Müəllif: Qurban Səid |
XXIII→ |
Mənbə: Əli və Nino. Qurban Səid |
O gecə ay görünmürdü. Yelkənli qayıq Xəzər dənizinin donuq suları dalğaları üzəri ilə yellənə-yellənə üzürdü. Acı və duzlu su köpükləri üzümüzə səpələnirdi. Qayığın başımızın üstündəki qapqara yelkəni gecə vaxtı nəhəng bir quşun qanadlarını andırırdı.
Mən qoyun dərisindən olan kürkə bürünüb qayığın göyərtəsində uzanmışdım. Sükançımız girdə və saqqalsız sifətini laqeydliklə ulduzlara tərəf çevirib baxırdı. Başımı qaldırdım və əlim qoyun dərisinin qıvrım tüklərinə toxundu. “Seyid Mustafa?” deyə səsləndim.
Çopur Mustafa başını mənə tərəf əydi. O, əlində dənələri qırmızı olan təsbehini çevirirdi... Elə bil barmaqları qan damlaları ilə oynayırdı.
Seyid Mustafa:
– Narahat olma, Əli xan, mən buradayam. “Sən rahat yat” – dedi.
Onun gözlərini yaşlı görüb, durub oturdum.
– Məmməd Heydər həlak oldu – dedim. – Onun cəsədini Nikolay küçəsində gördüm. Burnu ilə qulaqlarını kəsmişdilər.
Seyid üzünü mən tərəfə çevirdi:
– Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Sən onları Duma meydanından qovub, çıxardanda onlar bulvar tərəfə qaçırdılar.
Yadıma düşdü:
– Sonra da Əsədullah gəldi və hücum əmrini verdi. Biz süngü və xəncərlə hücuma keçdik. Biz hücuma keçərkən sən yasin surəsini oxuyurdun.
– Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsənmi Haşım evinin dalanında kimlər bizi gözləyirdi? Bütün Naçararyanlar nəsli. Onlar hamısı qırıldı.
Hamısı qırıldı, – deyə təkrar etdim. Mən Haşım evinin damında səkkiz pulemyot ələ keçirdim. Biz bütün məhəlləyə hakim olduq...
Seyid Mustafa alnını ovuşdurdu. Elə bil onun üzünə kül üfürmüşdülər: “Evin damında bütün günü pulemyot atəşi davam etdi. Kimsə sənin ölmüş olduğunu söylədi. Nino da bunu eşitdi, ancaq heç bir şey demədi. O, otağında oturub susurdu. Pulemyotlar da atəş açmaqda davam edirdilər. Nino birdən-birə əlləri ilə üzünü tutdu və “Qurtarın artıq, qurtarın” – deyə çığırdı. Amma pulemyotçular öz işlərində idilər. Sonra hərbi sursatımız qurtardı. Ancaq düşmən bunu bilmirdi. Atəş kəsiləndə, düşmən elə zənn edirdi ki, bu bir tələdir. Musa Haci də öldü. Lalay onu əlləri ilə boğub öldürdü... Daha deməyə bir söz yoxdur”.
Mən susurdum. Sükançımız hələ də ulduzlara baxırdı. Yüngül dəniz küləyi onun rəngarəng ipək libasını yellədirdi.
Seyid sözünə davam edib dedi:
– Sənin Sisianaşvili darvazası yanındakı əlbəyaxa vuruşunda olduğunu eşitdim. Mən şəxsən bu hadisəni görmədim, çünki qala divarlarının o biri başında idim.
– Düzdür, mən əlbəyaxa – vuruşunda oldum. Orada qara meşindən pencək geymiş bir cəmdək var idi. Mən onu xəncərimlə dəldim. O, qana boyandı. Mənim xalam qızı Aişəni də öldürdülər.
Dəniz sakit idi. Qayığın gövdəsindən qətran iyi gəlirdi. Qayıq, Qızılqum səhrasının sahilləri kimi adsız idi.
Seyid yavaşca danışırdı: – Məscidlərimizin möminləri ilə gələn meyitləri üst-üstə qaladıq. Sonra da xəncərimizi siyirib düşmənin üstünə cumduq. Bu döyüşdə çox adam həlak oldu. Lakin məni Allah qoymadı ölüm. İlyas bəy də sağdır. O kənddə gizlənir. Heç bilirsən sizin evinizi necə talan etdilər. Evinizdə heç bir şey qalmadı: nə bir xalı, nə mebel və nə də qab-qacaq. Hər şeyi soyub apardılar. Yalnız lüt divarlar qaldı.
Gözlərimi yumdum. Bütün bədənim elə bil yaxıb yandırıcı bir ağrıdan ibarət idi. Bibiheybətin xam neftlə islanmış sahilində meyitlərlə dolu arabalar və əlində bir bağlama tutmuş Nino gözlərimin qabağına gəldi. Nargin adasından qüllədən
fənərin işığı gəlirdi. Şəhər gecənin zülmət qaranlığında qərq olmuşdu. Qapqara neft buruqları qəmgin sifətli həbsxana qarovulçularını xatırladırdı...
İndi də burada, kürkə bürünüb qayığın göyərtəsində uzanmışam və dözülməz bir ağrı sinəmi yandırırdı. Başımı qaldırdım. Qayığın balaca bir küncündə Nino uzanmışdı. Onun sifəti çox solğun idi. Soyuq əlini əlimə aldım və barmaqlarının yavaşca titrəyişini hiss etdim.
Arxamızdakı qayığın sükançısı yanında atam oturmuşdu. Onların söhbətləri qırıq-qırıq qulağıma çatırdı. Mənasız şeylər danışırdılar.
Atam deyirdi:
Deməli siz həqiqətən inanırsınız ki, Cərco vahəsində insanlar öz istəkləri ilə gözlərinin rəngini dəyişdirə bilirlər? Sükançı da buna cavab verib dedi ki, bəli Əli xan, dünyanın yalnız bir yerində insanlar gözlərinin rəngini dəyişdirə bilirlər. O yer də – Cərco vahəsidir. Vaxtı ilə müqəddəs bir kişi bu barədə qabaqcadan xəbər vermək qabiliyyətində olmuşdu.
Mən Ninoya müraciətlə dedim:
– Nino, atam Cərco vahəsinin möcüzəsi barədə söhbət edir. Hər halda dünyanın dərdlərinə tab gətirmək üçün insan gərək belə olsun.
Nino cavab verdi:
– Yox Əli xan, mən belə edə bilmərəm. Mən belə etməyi bacarmıram. Əli xan, bilirsən, küçənin tozları da qandan qıpqırmızı olmuşdu.
O üzünü əllərinin içinə aldı və için-için ağlamağa başladı. Onun çiyinləri əsirdi...
Mən onun yanında oturdum və böyük qala divarının bayırındakı Duma meydanını, Məmməd Heydərin Nikolay küçəsində sərilmiş meyitini, birdən-birə qırmızı rəngə boyanan qara meşin pencəyi xatırladım. Həyatda sağ qalmaq insana iztirab verirdi.
Çox uzaqlardan atamın səsi gəldi: Deyirsən Çələkən adasında çoxlu ilanlar var?
– Bəli, xan, həm də həddindən artıq uzun və zəhərli ilanlar... Ancaq indiyə kimi o ilanları heç kəs gözü ilə görməyib. Yalnız Mərv vahəsində yaşayan müqəddəs bir kişi nəql eylədi mənə...
Mən bu danışığa dözməyib, sükana yaxınlaşdım və dedim:
– Ata, asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin düşmüşük. Biz Allahın qəzəbinə gəlmişik, sən isə burada oturub Çələkən adasındakı ilanlardan danışırsan.
Atamın sifətindəki ifadə dəyişmədi. O qayıqdakı kiçik yelkən dirəyinə söykənib, uzun zaman üzümə baxdı:
– Oğlum, Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib. Bakı artıq Avropa olub, bu təsadüfi deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdır.
– Ata, mən üç gün, üç gecə Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm.
– Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və səninlə birlikdə döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya
nifrət etmirəm. Sadəcə ona qarşı etinasızam. Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən rus məktəbində oxumusan, latıncanı öyrənmisən, arvadın da avropalıdır. Sən özünə hələ də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa həyat tərzini sən özün Bakıya gətirəcəkdin. Bizim üçün nə fərqi var, ölkəmizdə zavod və fabrikləri kimlər tikəcək – biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil.
– Bən nə zaman yaxşı asiyalı sayılmaq olar?
– Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə bilmərəm, çünki sən həyatda yalnız adi gözlə görünən şeyləri görürsən... Sən ancaq yerə baxırsan. Bax, buna görə basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən.
Atam susdu. Baxışları donuq bir ifadə almışdı. O bizim həqiqi dünyamızdakı şeylərdən daha artığını bilirdi.
O bakılı və iranlı qocaları kimi başqa bir dünyadan içərisinə çəkilə biləcəyi, orada kimsənin özünə girişə bilməyəcəyi, hücum etməyəcəyi bambaşqa bir dünyadan xəbərdar idi. Halbuki mən bu insanın dostlarını basdırdıqdan sonra bir yelkənli qayığın sükançısı ilə Cərco vahəsinin möcüzəsi barədə bəhs ediləcək aləmdən də xəbərsiz idim. Mən də bu aləmin qapısını döydüm, amma məni oraya qəbul etmədilər. Deməli mən artıq asiyalı deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsən bunu hamı bilirdi. Mən bu arada bir əcnəbiyə çevrilmişdim.
Lakin yenə öz evimdə olmağa, Asiyanın xəyal aləminə can atırdım.
Qayıqdan dənizin qapqara güzgü kimi parıldayan suyuna baxırdım. Məmməd Heydər öldü, Aişə həlak oldu, evimiz talan edildi. Mən isə balaca bir yelkənli qayıqla Şahın diyarına, böyük sakitliyin hökm sürdüyü İrana gedirəm.
Birdən Nino gəlib yanımda durdu və İranda biz nə edəcəyik? – deyə soruşdu.
– Dincələcəyik, Nino – dedim.
– Elədir, istirahət edəcəyik deyilmi? Mən də yatmaq istəyirəm Əli xan. Bir ay, bir il yatmaq istəyirəm. Yaşıl ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada müharibə, atəş səsləri olmamalıdır.
– Sən elə belə bir ölkəyə gedirsən. İran min ildir yatır və çox nadir hallarda orada atəş səsləri eşidilir.
Biz kiçik göyərtəyə çıxdıq. Nino o saat yuxuya getdi. Mən isə Seyidin siluyetinə və onun barmaqlarının hərlənən qan damlasını andıran təsbeh dənələrinə baxaraq uzun zaman uzandığım yerdə oyaq qaldım.
Seyid dua edirdi. O, gizli dünyaya, həqiqi həyatın sona çatdığı yerdə başlayan dünyaya yaxşı bələd idi.
Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub balıq yeyirdik, su içərkən İranın artıq nəfəsini duymağa başlamışdıq. Təkinen
qəbiləsindən olan yeganə əcnəbi sükançı atamla söhbət edir və adi bir əşyaya baxan kimi mənə etinasızlıqla baxırdı.
Dördüncü günün axşamı üfüqda sarımtıl bir zolaq göründü. Bu zolaq buludu andırırdı, həqiqətdə isə görünən İran sahilləri idi. Mən komaları və çox kasıb bir limanı gördüm. Bu şahın Ənzəlidəki limanı idi. Biz köhnə və taxtaları çürümüş limana yaxınlaşıb lövbərimizi atdıq. Uzun cübbəli bir kişi bizə yaxınlaşdı. Onun papağının üzərində qabaq pəncəsindən birini qaldırmış şir və doğan günəş rəmzi olan İran gerbi parıldayırdı. Məmurun arxasınca üst-başı tökülmüş iki liman polis nəfərləri gəlirdi. Onlardan birincisi iri, yumru gözləri ilə bizə baxdı və dedi:
– Uşaq doğulduğu gün günəşin ilk şüalarını necə salamlayırsa mən də sizi eləcə salamlayacayam. Kimliyinizi isbat etmək üçün yanınızda sənədləriniz varmı?
Atam cavab verdi ki, “biz Şirvanşirik”.
– Şah həzrətlərinin almaz qapısının özlərinə açdıqları Əsəd-əs Səltənə Şirvanşir damarlarında sizinkiylə eyni qanımı daşıyır?
– Bəli, o mənim qardaşımdır.
Biz qayıqdan düşdük. O adam bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi: “Əsəd-əs-Səltəne” bilirdi ki, siz gələcəksiniz. Onun göndərdiyi maşın şirdən güclü, ceyrandan iti, qartaldan gözəl, qayalar üzərində qurulmuş qaladan möhkəmdir.
Biz tini döndük və onun təriflədiyi maşını gördük. Haradasa dağılmaq üzrə olan bir “ford” maşını yol üstündə durmuşdu. Onun köhnə rezin şinləri bir neçə yerdən yamanmışdı. Maşına mindik, motor titrəyərək işləməyə başladı. Sürücü, okeandakı nəhəng sərnişin gəmisinin kapitanı kimi gözlərini uzaqlara dikmişdi. Yarım saatdan sonra biz Rəşt yolu ilə Tehrana gedirdik.