Əllər
Müəllif: Aşıq Alı


Küllü kainatın püştü-pənahı,
Pirinci əl üstə gətirən əllər.
Beş yaşında ol kafəri səmaya,
Əntəri qeyz ilə itirən əllər.

Dünya abı ikən xakə vuruldu,
Altı gündə hökm olundu, quruldu.
Abi-kövsər, xaki-baddan duruldu,
Tifilkən ağ divi bənd edən əllər.

Xızır Peyğəmbərin elmi dəryadı,
Musa Peyğəmbərin qəlbi oryadı.
İsanın anası adı Maryadı,
Xızırla Musaya yol verən əllər.

Xavəri-saili cəmə gələndə,
Yetmiş oğlu ol Salsalın öləndə.
Malik Əbülməcən salsal əlində,
Salsalla şəmamə götürən əllər.

Yer altında şəhrizərə getdilər,
Büstü dala ol şəmamə yetdilər.
Gülabı-Malikə qardaş etdilər,
Salsalı dəryaya qərq edən əllər.

Adəmnən Hatəmə Merac mehmanı,
Onunla getmişdi bilin pünhanı.
Aşıq Alı, sən ağanı tək tanı,
Almanı, üzüyü gətirən əllər.