Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!

Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

Hasilləri puç oldu bütün məzrəəcatın,
Yel vurdu qavun-qarpızı, bostan da qapandı!

"Ülfət" kəsilib, toxdadı "Bürhani-tərəqqi",
Məhv oldu "Həmiyyət", ədəbistan da qapandı!

"Rəhbər" yorulub, yuxladı "Irşad"ü "Təkamül",
Aslanlara ox dəydi, neyistan da qapandı!

Meydani-rəqabətdə bizim hümmətimizdən
Də’va qapanıb, Rüstəmi-dastan da qapandı!

Ətfali-vətən qoy bağırıb ölsün acından,
Yandı analar sinəsi, püstan da qapandı!

Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
Darüzzəfəri-tazəpərəstan da qapandı!..