Əmələ görə qiymət

Əmələ görə qiymət
Müəllif: Şifahi xalq ədəbiyyatı
İsveç nağılı
Mənbə: ƏMƏLƏ GÖRƏ QİYMƏT


Bir gün bir kəndlinin atı qaçdı. Kəndli onu axtarmağa yola düşdü. Az getdi, çox getdi, gəlib bir meşəyə çıxdı. Meşəni dolaşanda yoluna bir dağ çıxdı. Dağda bir dərə var idi. Kəndli dərəni keçmək istədi, aşagı baxanda orda bir ilan gördü. İlanın quyruğu bir daşın altında qalmış, yerindən tərpənə bilmirdi.

İlan kəndlini səslədi və ona dedi:

- Məni qurtar, əməlinə görə qiymət alarsan!

Kəndli bir ağac götürdü, daşı tərpətdi və ilanı xilas etdi.

- Çox sağ ol, - dedi ilan, - indi sən əməlinə görə qiymətini alacaqsan.

Kəndli əmələ görə qiymətin nə olduğunu soruşdu.

- Bəs sən bilmirsən, bu ki, ölümdür, - deyə ilan cavab verdi.

- Yobunu hələ yoxlamaq lazımdır, gəl başqalarından soruşaq, - dedi kəndli.

Onlar birlikdə yola düşdülər. Bir ayıya rast gəldilər. Kəndli ayıdan əmələ görə qiymətin nə olduğunu soruşdu, ayı da ölüm olduğunu dedi: - Gördünmü, əmələ görə qiymət – ölümdür! İndi səni yeyəcəm!

Kəndli onu dilə tutdu:

- Gəl bir az da dolaşaq, bəlkə yenə kimsə qarşımıza çıxar, ondan soruşarıq!

Yollarına davam etdilər, bu dəfə qarşılarına bir canavar çıxdı.

Kəndli canavardan əmələ görə qiymətin nə olduğunu soruşdu.

Canavar cavab verdi:

- Ölümdür!

- İndi səni mütləq yeyəcəm!-dedi ilan.

Kəndli xahiş etdi:

- Gəl bir az da gəzək, başqalarından da soruşaq.

Bir qədər getdikdən sonra bir tülküyə rast gəldilər. Kəndli ondan əmələ görə qiymətin nə olduğunu soruşdu.

Tülkü də başqaları kimi cavab verdi:

- Ölümdür.

- Bax indi səni mütləq yeyəcəm! - dedi ilan.

Tülkü bunu eşidib dedi:

- Yox bir dayan. Əvvəlcə məsələni aydınlaşdırmaq lazımdır. Yaxşısı budur, hər şeyi başdan danışın.

Kəndli sözə başladı:

- Bilirsənmi, bu ilan bir dərədə uzanmışdı, quyruğu da daşın altında qalmışdı.

Tülkü ona dedi:

- Gedək, bu hadisənin baş verdiyi yerə baxaq.

Onlar birlikdə geri qayıtdılar.

Tülkü kəndlidən ağacı götürüb daşı qaldırmağı, ilandan isə quyruğunu daşın altına qoymağı və əvvəlki kimi uzanmağı xahiş etdi.Tülkü isə kəndliyə ağacı bir az endirməyi söylədi. Sonra ilandan soruşdu:

- Hə, necədir, keçən dəfə bundan pis idi?

- Hə, bundan pis idi, - deyə ilan cavab verdi.

- Ağacı bir az da endir, - deyə tülkü kəndliyə üzünü tutdu. Sonra isə ilandan soruşdu:

- Bəs indi necədir, keçən dəfə bundan pis idi?

- Hə, bundan da pis idi, - deyə ilan yenə də cavab verdi.

- Ağacı tamam çıxar, - dedi tülkü kəndliyə, sonra ilandan soruşdu:

- Hə, necədir, keçən dəfə bundan pis idi?

- Yox, - deyə ilan cavab verdi. - Keçən dəfə bundan yaxşı idi.

Tülkü ona dedi:

- Bax, indi beləcə uzan! Siz artıq əvəzləşdiniz.

İlan eləcə dərədə uzanıla qaldı, kəndli isə ilanın ona əməlinə görə qiymətini verə bilmədiyi üçün çox sevindi.