Əmir Müaviyyə və dəyirmançı
Əmir Müaviyyə və dəyirmançı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Günlərin bir günündə əmir Müaviyə gəlib dəyirmanın qapısı
qabağında dayandı.
Qapıdan baxıb gördü ki, eşşək dövrə vuraraq dəyirman daşını
dolandırır. Eşşəyin boynundan bir zınqırov asılmışdı.
Əmir dəyirmançıdan soruşdu:
– Eşşəyin boynundan zınqırov nə üçün asmısan?
Dəyirmançı dedi:
– Bilirsən, əgər məni yuxu tutub mürgüləsəm, eşşək dayanar, zınqırovun da səsi kəsilər. Onda mən bilərəm ki, eşşək dayanıb. Mən çığıraram, o yenə də dəyirman daşını dolandırmağa başlayar.
Əmir ona dedi:
– Bəs eşşək dayanıb, başını bulasa necə? Onda sən zınqırovun səsini eşidəcəksən, ancaq eşşək dayanmış olacaq.
– Ay ağa, axı, mən sənin kimi ağlı olan eşşəyi hardan tapım! – deyə dəyirmançı ona cavab verdi.