Əmisi Kafiyəddinin tərifi

Əmisi Kafiyəddinin tərifi
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Ələkbər Ziyatay


Kafınin təbidir hünərə əsgər,
Əsgəri ney kimi şəkərdir, şəkər*.

Hər şərbət kasası, kövsər qətrəsi,
Olub sözlərinin bir nümunəsi.

Qızdırmanı kəsən neyşəkər kimi,
Dərdə dərman edir qarğı qələmi.

Gülqənd, o qarğıya paxıllığından.
Boğazda zəhərdir, ciyərdə tikan*.

Bu qələm yaradır elə şirin qənd,
Ki, olmuş müştəri ona Səmərqənd.

Sözün gəlinini köçürdən zaman.
Onun qələmidir xütbə oxuyan.

O qələm hüsndə Yusifə oxşar,
Görsə göy gəlini əlini doğrar*.

Heyrət etmə, versə qələmi şəkər,
Qəribədir, şəkər istəsə əgər.

Kökü su içində olan zəfəran,
Səhərin şehini arzular hər an.

Xaqani mədh etsə onu nə qədər,
Başı uca olar, iftixar edər.

Xidmətində necə "nun-vəlqələm",
Qəddi xəm, qəlbi düz dayanan mənəm.

Taleyim qələmi sayəsində, bax,
Onun sözləri tək yüksəlir ancaq.

Göndərə bildimsə ona gümüş, qənd,
Bu töhfə çox azdır, çəkdim xəcalət.

Hümməti önündə gümüş və şəkər,
Utanar mənimlə şerimdən bətər.

Gümüş və şəkərdən təbi, damağı,
Təmğacın kanıdır, Şüştərin bağı*.

Qənd, gümüş üzrilə mənzumə dedim,
Az şeyin üzrü də azdır, nə edim?

Gümüş bərabərdir gözündə daşa,
Ləldir qələmindən qopan talaşa*.

Çünki qələmindən qopan o yonqar,
Mirvariyə bənzər, inciyə oxşar.

Fikrinin qovuşan ulduzlarından.
Təbimə bir ilham gələr hər zaman.

Ona bundan belə can verərəm mən,
İndilik bu gəlir yalnız əlimdən.

Gümüş, ya daşdakı naxışlar kimi,
Düşüncə tacıma həkk olmuş ismi.