Əqlə ağır yük daşıdan mənim könlüm, bəyanımdı
Əqlə ağır yük daşıdan mənim könlüm, bəyanımdı Müəllif: Xaqani Şirvani Tərcümə edən: Ənvər Əlibəyli |
Əqlə ağır yük daşıdan mənim könlüm, bəyanımdır,
Qələm seyrə çıxan zaman söz üzəngi tutanımdır.
Zəmanəni dövr etdirən bir Allaha and olsun ki,
Dövran mənim dövranımdır, zaman mənim zamanımdır.
Şeriyyətin qıt olduğu bu əyyamda, aləm bilir,
Ac qəlbləri qonaq edən mənim şirin lisanımdır.
Dünya ki, söz narıncımın ətri ilə çulğanıbdır,
Mənaların meyvəliyi mənim yaşıl bustanımdır.
Hər axmağın hərzəliyi incitməyir əsla məni,
Bu dünyada yoxdur tayım, meydan mənim meydanımdır.
Çox tez çatır Şərqə, Qərbə mənim könül məktublarım,
Çün fələyin göyərçini pulsuz xəbər yayanımdır.
Mənəm məna yaratmaqda şairlərin peyrəmbəri,
Söz möçüzü varsa əgər, bu gün mənim bəyanımdır.
Sən, ey mənə pis söyləyən, bir gün şimşək vursa səni,
Ölüb getsən, bil, o şimşək mənim ahım, fəğanımdır.
Həcv edərkən söyüş söymək xasiyyətim deyil mənim,
Ədəb mənə ailəmdən təkcə miras qalanımdır.
Məni inkar etmə, sənin cəhalətin xarab olur,
Cəbraili xatırladan nağıl mənim rəhbanımdır...