Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
(Əql yar olsaydı,tərki-eşqi-yar etməzmidim? səhifəsindən istiqamətləndirilmişdir)
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? Müəllif: Füzuli |
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Ləhzə-ləhzə surətin görsəydim ol şirinləbin,
Sən kimi, ey Bisütun, mən həm qərar etməzmidim?
Nişə mərhəm eylədin şəmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
Dərdimi aləmdə pünhan tutduğum naçardır,
Uğrasaydım bir təbibə aşikar etməzmidim?
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?
Vaizin küfrün mənim rüsvalığımdan qıl qiyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim?
Ey Füzuli, daği-hicran ilə yanmış könlümü
Laləzar açsaydı, seyri-laləzar etməzmidim?