Ərbəəyi-ənasir şeş cihatdan

Ərbəəyi-ənasir şeş cihatdan
Müəllif: Məlikballı Qurban
Mənbə: S.Mümtaz. El şairləri. Bakı, 1935, s. 123.; Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Ərbayi-ənasir, şeşi cihatdan,
Xəlq elədi məni qadiri-qəffar.
Bir qətrə atadan yendim anaya,
Məsalimdə qırx gün elədim qərar.

İki qırx olanda himrayə döndüm,
Üç qırxda bir mələk gördüm səksəndim,
Dörd qırxda düzəldim, beşdə tərpəndim,
Altı qırxda oldum xeyli giranbar.

Yeddi qırx olanda gəldim cahana,
Şad oldu bu işdən həm ata, ana.
Cismim xaki xunda düşdüm fəğana,
Qundaqdan beşiyə elədim səvar.

Ana püstanından nuş elədim zad,
Yığılıb gəldilər qohum, qardaş, yad.
Cəddim silsiləsi qoydular bir ad,
Dedilər fənada qalsın yadigar.

Bir yaşatan öz anamdan şir aldım,
İki yaşda əqli-şürbə yönəldim,
Üç yaşda danışdım, oynadım, güldüm,
Qəddü qamət dörddə elədim izhar.

Doqquz yaşda şüru etdim mənayə,
On yaşında getdim elmi yəğmayə,
On birimdə başım düşdü sevdayə,
On ikidə eşqim oldu aşikar.

On üçdə məclislərdə oturdum,
On dördümdə hər nə varsa götürdüm,
On beşimdə Allaha iman gətirdim,
Fərz ilə sünnəti bildim nə ki, var.

On altı yaşımda oldum xirədmənd,
On yeddidə bir xanə etdim pəsənd,
On səkkiz yaşımda oldum payibənd,
Zövqü səfa ilə keçdi ruzigar.

On doqquzda qəmdən oldum azadə,
İyirmidə dərkim oldu ziyadə,
Otuzda bərq tək gəzdim havada,
Qırx yaşımda etdim zikri-girdikar.

Əlli yaşda yarı etdim mənzili,
Altımışda seçdim xar ilə gülü,
Elə ki, yetmişə yetirdim ili,
Ağzımdan dişlərim töküldü pərgar.

Yetmişdən ötəndə düşdüm ah-vayə,
Səksəndə əyilib döndüm bir yayə,
Doxsanında pənah gətdim əsayə,
Yüz yaşımda haqdan gəldi bir azar.

Əriyib cəsədim tük tək incəldi,
Əzrayıl gəlibən cəngini çaldı,
Mürği-ruhum aldı, bədən boş qaldı,
Bəqa mənzilimi etdim ixtiyar.

Yığılıban, ağlayıban doydular,
Rəxti-vücudumu tamam soydular,
Namazımı qılıb qəbrə qoydular,
İnkir-minkir ilə oldum xoş göftar.

Sual edib məndən cavabın aldı,
Bir neçə il cismim qəbirdə qaldı,
Əmrilə İsrafil surunu çaldı,
Bildim qiyamətdi, çəkdim intizar.

Yığılıban gəldik, quruldu divan,
Şəfiim dərdimə elədi dərman,
Mövlam qazı oldu, çəkildi mizan,
Sirləri faş etdi o qeybi-səttar.

Rəbbim şəfqət etdi, siratı keçdim,
Firdovsi-əlada kövsərdən içdim,
Məlikballı Qurban, cənnətə düşdüm,
Mövlamızı onda elədim didar.

Xarici keçidlər

redaktə