Rəvayətlər. Ərdova
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kişi meşəyə gedibmiş. Həmin meşədə də qədim bir hamam var imiş. Yuxarısından da isti su tökülərmiş. Qış vaxtı imiş. Yaxınlaşanda görür ki, bir qadın çıl-çılpaq qışın bu oğlan çağında suyun altında durub çimir. Kişi zəndlə baxıb görür ki, əşi bu qadının döşləri lap yekədi – hər döşü bir çiynindən aşırıb, dalına atıb. Kişi başa düşür ki, bu, ərdovadır. Onların da qənimi iynədi. Tez gizli bir yerdə gizlənir. Cin çimib çölə çıxanda kişi tez onu tutub iynəni qoluna keçirir. Ərdova da belədi ki, nə qədər iynə onun qolundadı, heç yerə qaça bilməz. Nə desən, o saat yerinə yetirəcək.

Kişi ərdovanı evinə gətirir. Sonra başlayır işlətməyə. Meşədən o qədər odun daşıdır ki, qalaq-qalaq dağ kimi.

O kişinin balaca bir qızı varmış. Evdəkilər günlərin bir günü qonaq gedəndə ərdova qıza yaxınlaşıb deyir:

– Ay qız, böyrək istəyirsən?

Qız deyir:

– Hə, istəyirəm.

Ərdova deyir:

– Onda gəl bu iynəni qolumdan çıxart, sənə böyrək verim ye.

Qız da balaca, heç bir şey bilməzmiş. İynəni tez ərdovanın qolundan çıxarır. Ərdova o saat qızın hər iki yanağından tutub qoparır. Sonra da qanlı-qanlı qıza verib deyir:

– Al, bu da sənin üçün böyrək. Doyunca ye. Bunu deyib gözdən itir.

Mənbə

redaktə