Ərzi-məhəbbət

Ərzi-məhəbbət
Müəllif: İbrahim Şinasi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Eşi yox bir gözəli sevdi, bəyəndi könlüm,
Qısqanır kəndi gözümdən yenə kəndi könlüm.

Gahi həsrət ikən ol sinəyə sinəm qovuşur,
Sanma könlümdə olan dərdi-məhəbbət sovuşur.

Yasəməndən belə nazikdir o boy bos onda
Sarmaşıb yarı sarılsam əyilir ol anda.

Candan ülfət edəli oylə cavan dilbər ilə
İstəməm qeyrisini huri mələk olsa belə.

Məst olub nəşeyi şəhvətlə o gözlər bayılır
Sərpilincə üzünə göz yaşım amma ayılır.

Bağrım əzməzmi süzüldükcə o bayqın gözlər?
Məni imrəndirir ağzındakı dadlı sözlər.

Kəndi hüsnündən utanmış da qızarmış yanağı
Üzün örtüb qapamış saçları başdan aşağı.

Uğradım zülfü xəyalıyla qara sevdaya
Boylə Məcnun dəxi düşgünmi idi Leylaya?

Can çəkişməkdən isə canım versəm barı
Can fəda eyləmə bir işmi, sevincə yarı?

Mən şəhid olmadan eşqiylə məzarım qazayım
Daşımı gözlərimin qanlı yaşıyla yazayım.