Əvəzində (Ağdabanlı Qurban)

Əvəzində (1924)
Müəllif: Ağdabanlı Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.86-87

Gəl payəndaz eylə - ayaqla məni,
Qoy sinəm tab etsin yol əvəzində.
Sarınıb, sarmaşıb ağ buxağına,
Əmim ləblərini bal əvəzində.
 
Danışım dərdimi - olasan agah,
İnsafdırmı həsrətindən çəkəm ah?
Gecə-gündüz, sənin hər axşam-sabah,
Durum pişvazında qul əvəzində.

Xəstəyə loğmansan - eylə sən əlac,
Varın ayağına gedər yoxsul, ac.
Qapına gəlmişəm saili-möhtac,
Saxada Hatəmin ol əvəzində.

Ya baş alım, bi məkana yetişim,
Ya çatıb mətləbə, kama yetişim,
Ya vur öldür, ya dərmana yetişim,
Üstümə təbibin gəl, əvəzində.
 
Məmənin şöləsi, sinənin ağı,
Deyəsən cənnətdi novbahar çağı.
Öpüb şəhla gözü, məxmər yanağı,
Buxağın qoxlayım gül əvəzində.

Tərlan yapalağa, uymasın sara,
Qönçə gül ətrini verməsin xara,
Xəsbətin ürəyi titrəyər - para,
Ver alım sədağan pul əvəzində.
 
Qurbanı axtararsa düşməz əlinə,
Nə deyim bimürvət qıza, gəlinə,
Müştaq oldum şirin, şəkər dilinə,
bir busə ver, canım al, əvəzində.