Əvəzində (Növrəs İman - Usta Abdulla)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əvəzində
Müəllif: Növrəs İmanUsta Abdulla
Mənbə: Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 78

Növrəs İman:
Ya mənim adımı, ya öz adını,
Tut, böyük qardaşın ol əvəzində.
Ayırma kənara məndən yadını,
Gəzərəm dəryanı çöl əvəzində.

Abdulla:
Əzizi-mükərrəm, ey nuri-eynim,
Duraram əmrində qul əvəzində.
Vücudi-bibəla, mühit ehtiram,
Geyərəm girbasın şal əvəzində.

Növrəs İman:
Əzəl iltimasım, bil, səndən budur,
Aş de mətləbini, mən görüm nədir?
Əgər ki, verməyə olmasa məğdur,
Kəs götür başımı pul əvəzində.

Abdulla:
Namə yazdın, məni saldın dərinə,
Canım qurban mərd iyidin sərinə.
And olsun müstafa, şərbət yerinə,
İçərəm zəhrini bal əvəzində.

Növrəs İman:
Elə bildim, yatıb mənim iqbalım,
Qar alıb qapını, qarışıb halım.
Qabağına qatmağa olmasa malım,
Apar sat İmanı qul əvəzində.

Abdulla:
Abdullayam, düşdüm haqqı-sayına,
Qadir mövlam, fürsət vermə xayına!
Döşərəm üzümü xaki-payına,
Gəzərsən xanəndə pol əvəzində.