Əvvəla şərti-gözəllikdə kamal olmalıdır

Əvvəla şərti-gözəllikdə kamal olmalıdır
Müəllif: Sədi Sani Qarabaği
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.


Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,
Saniyən qaideyi-hüsnü camal olmalıdır.

Almağa al ilə bülbüllərin əqlin əldən,
Gül yanağında qızıl gül kimi al olmalıdrr.

Adəmin əqlini aldatmağa cənnət quşu tək,
Danə-danə ağ üzündə qara xal olmalıdır.

Əli nazik, beli nazik, dili nazik gözəlin,
Ozü şirin, sözü şirin, ləbi bal olmalıdır.

Kimə rast olsa edə əqli başından zail,
Qüvveyi-qəmzədə bir Rüstəmi-Zal olmalıdır.

Bu gözəllikdə kimin olsa gözəl məşuqu,
Ona dünyada nə dərdü, nə məlal olmalıdır,

Deyirəm: - Doğrusu, dünyadə o ev cənnətdir,
Onda kim, bir sənəmi-hurimisal olmalıdır.

Vaiza, boş yerə hökm eyləmə, biz bildiyimiz
Aşiqə busi-ləbi-yar həlal olmalıdır.

Yetər, ey tuti, nəbati bu qədər etmə tələf,
Çox danışdım, dəxi bir ləhzə də lal olmalıdır.

Sədiya, eydi-səadət sənə bir dilbərdir,
Adəm olsan, sənə nə mülk, nə mal olmalıdır.